AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilərin sərhəd təxribatları

Ermənilərin sərhəd təxribatları

Siyasət
07 May 2021, 17:30 1588
Politoloqların fikrincə, ermənilərin məqsədi bizi Rusiya ilə toqquşdurmaqdır
 
Bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində erməni hərbiçilərinin təxribatı ilə bağlı daha bir video-görüntü yayıldı. Azərbaycan hərbçiləri ermənilərin bilərəkdən təxribat törətdiyini hər zaman bildiyi üçün səbirli davrandı. Qeyd etmək lazımdır ki, bundan əvvəl erməni hərbiçiləri hətta silahlı insident törətməyi belə, sınaqdan keçirib. Bütün hallarda Azərbaycan heç bir qarşıdurmaya getməyib. Azərbaycan tərəfi daim üçtərəfli bəyanata sadiq qalıb, Ermənistan bəyanatın tələblərini yerinə yetirməyə çağırıb. Həmin bəyanatda tərəflərin atəşkəsə riayət etməsi də razılaşdırılıb. Amma Ermənistan nədənsə, sərhəddə təxribatlar törətməkdə davam edir. Bəs görəsən ermənilər bu təxribatlarla nə etmək istəyirlər, nəsibləri nə ola bilər?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ermənilər heç vaxt məntiqdən çıxış etməyiblər: "Əgər məntiqlə çıxış etsəydilər, vaxtı ilə Azərbaycan torpaqlarını işğal etməzdilər. Ermənilər düşmənçilik toxumu səpdilər, iki dəfə müharibə oldu. Bununla da həm biz, həm də onlar itkilər verdi. Eyni zamanda, ermənilər azərbaycanlılara qarşı müxtəlif qətliamlar həyata keçirdilər və nəticədə iki xalq düşmən oldu. Sonuncu müharibədə Azərbaycan qələbə əldə edib və yenə də ermənilər bu məntiqi qəbul etmək istəmir. Artıq başa düşməlidirlər ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik erməniləri uçuruma aparır.
 
Onu da qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentin görüntülərini mən də izlədim.  Açıq-aydın görünür ki, ermənilər qəsdən təxribat törədirlər və Rusiyanı da bu işə qoşmaq istəyirlər. Yəni, bu ona bənzəyir ki, iki uşaq həyətdə dava edir, sonra onlar biri müdafiə olunmaq üçün gedib atasını çağırır. İndi ermənilər də daş atırlar və biz cavab vermək istəyəndə ruslara deyirlər ki, baxın, azərbaycanlılar bizə hücum etmək istəyirlər. İndiki halda onsuz da Ermənistan Rusiyanın nökərinə çevrilib. Törətdikləri təxribatlarla ermənilər bizi Rusiya ilə toqquşdurmaq istəyirlər. Amma bizim qarşımızda duran vəzifələr bəllidir və onları yerinə yetirməliyik. Gərək biz Laçın dəhlizini tam nəzarətə götürək, azad etdiyimiz torpaqlara, o cümlədən Ermənistanla sərhədə nəzarəti gücləndirək. Hesab edirəm ki, istənilən erməni təxribatına baxmayaraq, biz bu istiqamətdə işlərimizi davam etdirməliyik. Əgər bu təxribatların miqyası artarsa, Azərbaycanın buna həm diplomatik, həm də hərbi zəmində müxtəlif cavab vermə üsulları var. Fikrimcə, biz bu üsullardan istifadə etməliyik. İndi Ermənistan seçkiyə gedir və ona görə də seçki yaxınlaşdıqca mümkündür ki, belə təxribatların sayı artsın. Gərək biz bunu da nəzərə alaq”.
 
Rusiya XİN rəhbərinin Ermənistana səfəri zamanı sərhəddə baş verən insidentlərlə bağlı məsələsinin diqqətdə olub-olmadığına toxunan E.Şahinoğlu qeyd etdi ki, Lavrov həmişə olduğu kimi ikibaşlı açıqlamalar verir: "Əgər Azərbaycan-Ermənistan sərhədində delmitasiya və demarkasiya işləri baş çatıbsa, niyə insidentlər baş verir? İndiki halda Rusiya Ermənistana baş salmalıdır ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış bəyanatları yerinə yetirmək lazımdır və regional layihələr işə düşməlidir. Amma bu regional layihələrə guya ermənilər özünəməxsus şəkildə "rəy” verməlidir. Guya söhbət heç də Zəngəzur üzərindən kommunikasiyaların işə salınmasından getmir, ancaq ermənilərin maraqları nəzərə alınmalıdır və Qazax istiqamətindən dəmiryolu açılmalıdır ki, Rusiyaya çıxış imkanları olsun. Ermənilər yenə də öz xəyallarla yaşayırlar. Amma Azərbaycanın öz hədəfi var və buna çatacağıq. Dövlət başçısı İlham Əliyev də qeyd etdi ki, əgər Zəngəzurdan bizə dəhliz açmağa imkan verməsələr, bunu zorla həyata keçirəcəyik”.
 
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, II Qarabağ müharibəsində Azərbaycanın qalibiyyətindən sonra Ermənistanla sərhəddə bu kimi mübahisəli məsələlər ortaya çıxıb: "Ermənistanla sərhədlərin müəyyənləşməsi, demarkasiya işlərini Azərbaycan müasir texnologiyalar vasitəsilə həyata keçirir ki, bununla da ölkəmizin dövlət sərhədləri bərpa edilir. Bu, birmənalı şəkildə davam etdirilir. Lakin görünür Ermənistandakı müəyyən qüvvələr, xüsusilə generalitet təbəqəsi Paşinyana hakimiyyətinə qarşıdır. Onlar hətta Paşinyanın istefasını tələb edən bəyanata da imza atıblar. Ermənistandakı həmin qrup Zəngəzur istiqamətindən Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Bu generallar Zəngəzur dəhlizinin açılmasının da əleyhinədirlər. Son günlərdə dövlət sərhədində erməni hərbiçilərinin atəşkəsi pozması, ondan sonra Azərbaycan zabitlərinə qarşı təxribatlar da birbaşa Ermənistandakı generalların özbaşınalığı kimi qiymətləndirməlidir. Ümumiyyətlə, dövlət sərhədində ermənilər tərəfindən təxribatların davam etməsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə rəsmi Yerevanın birbaşa vurduğu zərbədir. Düşünürəm ki, delmitasiya və demarkasiya məsələləri güc yolu ilə həll edilməli olsa, təbii ki, Azərbaycan gücə əl atacaq. Bu da Ermənistanın yenə də biabırçı şəkildə məğlubiyyətinə gətirib çıxaracaq. Amma indiki halda sərhəd məsələləri baş nazirlərin müavinləri səviyyəsində təşkil edilmiş komissiyada müzakirə olunur, danışıqlar aparılır. Fikrimcə, belə bir vəziyyətdə Ermənistanın təxribatları yenə də davam edəcək. Hesab edirəm ki, belə təxribatlara qarşı biz gücdən istifadə etməliyik və sərt cəza mexanizmi işə salmalıyıq”.
 
M.Əsədullazadə vurğuladı ki, Azərbaycan mülayim davrandıqca, ermənilər öz məkrli niyyətlərini təxribatlarla davam etdirəcəklər: "Son təxribatlar zamanı da bunun şahidi oluruq. Ona görə də Azərbaycan hərbiçilərinə səlahiyyət verilməlidir ki, hər hansı erməni təxribatına layiqincə cavab verə bilsinlər. Ümumiyyətlə, Ermənistanın bu təxribatları heç vaxt müsbət nəticə verməyəcək və dövlət sərhədində bir qarış belə torpaq belə əldə edə bilməyəcəklər. Şurnuxu istiqamətində bir santimetr ərazini Ermənistana güzəştə getməyən Azərbaycan bundan sonra hansısa təxribatlara görə geri addım atmayacaq. Bir sözlə, Ermənistan tərəfindən atılacaq məkrli addımlar sadəcə süni problemlər yaratmağa hesablanıb. Lakin Azərbaycan bu cür problemlərin öhdəsindən gəlmək gücünə sahibdir”.
 
BƏXTİYAR