Ermənilərin ən böyük iki problemi
Korrupsiya və cah-calallı
həyat tərzi ilə xalqını boğaza yığan kilsə və diaspor öz ampluasındadır. Ekspertlərin
fikrincə, onsuz da səpələnmiş vəziyyətdə olan ermənilərin daha kiçik etnosiyasi
strukturlara parçalanma ehtimalı var.
Erməni kilsəsinin xalqına güclü təsir etmə imkanlarına malik olduğu
bəllidir. Tək bir faktı qeyd edək ki, erməni dövləti qurmaq ideyasını meydana
gətirən də, məhz kilsə olub. Kilsə qarşısına qoyduğu hədəflərə çatmaq üçün ən
çirkin vasitələrdən belə çəkinməyib - illər uzunu xalqının beynini millətçi,
terrorizm ideyaları ilə doldurub. Qarabağdakı separatçı hərəkatda da yüzillik
xətt özünü açıq və sərt formada göstərdi. Xocalı qətliamı da məhz erməni din
xadimlərinin xeyir-duası ilə yaşanıb. Bəs erməni xalqını əlində silah başqasına
mənsub torpaqlarda döyüşə səsləyən kilsə nəyə nail oldu? Sözsüz ki, 44 günlük
müharibədə minlərlə erməni gəncinin məhv edilməsindən və əlil olmasından başqa
heç nəyə. Baş verənlərdə əsas günahkar olan kilsə bundan nəticə çıxarıbmı?
Təəssüf ki, yox. Xalqını illər boyu məhvə sürükləyən kilsə diasporla birləşib revanşist
bəyanatlar verir, hakimiyyəti devirməyə yönəlik çağırışlar səsləndirir. Lakin
ermənilər gec də olsa anlamağa başlayır ki, düşdükləri acınacaqlı durumun,
problemlərin səbəbini məhz kilsə və ona dəstək verən diasporda axtarmaq
gərəkdir.
Qarabağın işğalı kilsəyə milyonlarla gəlir
gətirib
30 il ərzində işğal altında olan Azərbaycan
torpaqlarını özləri üçün korrupsiya, varlanma mənbəyinə çevirən qüvvələr
arasında kilsə də olub. Kilsə illər uzunu bu torpaqlarda vandalizm aktlarında
aktiv iştirakı ilə yadda qaldı. Alban məbədlərini özününküləşdirdi.
Məscidlərdən qarət etdiyi qiymətli əşyaları satmaqla milyonlar qazandı, hətta
torpaqlarda narkotik becərilməsində də onun iştirakı barədə faktlar mövcuddur.
Elə bu səbəbdəndir ki, kilsə 44 günlük Qarabağ müharibəsi başlayanda erməni
xalqını bir nəfər kimi əldə silah döyüşməyə çağırdı. Nəticə də göz önündədir.
Minlərlə erməni gənci başqasına məxsus torpaqda məhv edildi, erməni kilsəsi isə
hələ də öz ampluasındadır.
Kilsə və
diaspor sülhə qarşı
Rusiya mediası yazır ki,
Ermənistanda növbədənkənar parlament seçkilərində Paşinyanın partiyasının
qələbəsi, eləcə də Qarabağla bağlı noyabr razılaşmasına əsaslanaraq sülhün
qaçılmaz olduğunun etirafı ölkənin informasiya məkanına yeni nəfəs gətirmiş
olub. Diaspor da kilsə kimi müharibədən sonrakı nizamlanma prosesindən geri
çəkilib. Paşinyanın Zəngəzur dəhlizinin yaradılması zərurətini tanıması və
ardınca 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini
tanıdığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı qətnamə qəbul
etdiyini təsdiqləməsi, Ermənistanın dini rəhbərliyi tərəfindən operativ
reaksiyaya səbəb olmalı idi. Lakin Paşinyanın açıqlamasını hamı, o cümlədən
partiyadaxili məsələlərin həllinə diqqət yetirən millətçi müxalifətin fəal
üzvləri qulaqardına vurdu. Müharibə başa çatıb, siyasi
vəziyyət dəyişib, Moskva və Brüssel Ermənistanla Azərbaycan arasında sülhü və
mehriban qonşuluq münasibətlərini təşviq edir, Bakı və İrəvanı qalan
ziddiyyətlərin aradan qaldırılması üçün mexanizmlərin formalaşdırılması üçün
səy göstərməyə çağırır. Lakin bir vaxtlar populyar olan diaspor, eləcə də
erməni kilsəsi heç bir sülhməramlı təşəbbüslə çıxış etmir.
Erməni diaspor strukturları durğunluq içində
ABŞ və Avropadakı erməni
diaspor strukturları durğunluq içindədir. Anti-Türkiyə və anti-Azərbaycan
ritorika çoxdan xaricdəki ermənilərin kimliyinin elementinə çevrilib. Ona görə
də uzunmüddətli erməni-türk və erməni-Azərbaycan ziddiyyətlərinin aradan
qaldırılması, onsuz da səpələnmiş vəziyyətdə olan erməniləri daha kiçik
etnosiyasi strukturlara parçalaya bilər. Kölgəyə çəkilmiş din xadimləri gələcək fəaliyyət sahəsini müəyyən etmək
üçün sərhədlərin delimitasiyası prosesinin başa çatmasını gözləyirlər.
Cah-calal içində yaşayan erməni din xadimləri
Maraqlıdır ki, erməni
mediası ara-sıra din xadimlərinin cah-calal içində yaşamasına toxunur. "Sputnik Armenia” maraqlı bir fakta
diqqət yetirib. Bəlli olub ki, erməni apostol kilsəsinin Ararat yeparxiyasının
patriarxı, arxiyepiskop Navasard Kçoyan ona hədiyyə edilmiş
"Bentley"i satıb. Bunu bütün ermənilərin katolikosu II Qaregin
jurnalistlərə müsahibəsində erməni kilsəsində çoxsaylı korrupsiya ittihamları
ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, bolluq içində
yaşayan bir neçə din xadimi var. Qeyd edək ki, arxiyepiskop Navasard Kçoyanın
adı müxtəlif səs-küylü işlərdə hallanır. Bundan əvvəl onun bəzi ofşor
şirkətlərdə iştirakı barədə məlumat yayılmışdı. "Hetq.am” nəşrinin məlumatına
görə, Kiprdə qeydiyyatdan keçmiş "WLISPERA HOLDINGS LIMITED”in səhmdarları baş
nazir Tiqran Sarkisyan, arxiyepiskop Navasard Kçoyan və sahibkar Aşot
Sukiasyandır. Bu şirkətin qeydiyyata alınması üçün böyük bank krediti
götürülüb. Qeyd olunur ki, Navasard Kçoyana "Bentley” markalı avtomobil hədiyyə
edən də sahibkar Aşot Sukiasyan olub.
II Qareginin nüfuzu sıfıra enib
Eçmiədzinin indiki çətin
vəziyyətdə niyə susması ermənilər üçün qaranlıq qalır. Ola bilsin ki,
müharibədəki məğlubiyyətdən dərhal sonra xalq iğtişaşları dövründə Paşinyan
kilsənin, diasporun və bir sıra ordu strukturlarının onun üçün əvvəlcədən
müəyyən etdiyi taleyi qəbul etməyib. Rəqiblərin məntiqinə görə, baş nazir
məğlubiyyətin bütün nəticələrini öz üzərinə götürərək istefa verməli, bir növ,
günah keçisi olmalı idi. Lakin Paşinyan da sonda ustalıqla onun üçün
hazırlanmış ssenarini nəinki qəbul etmədi, hətta əks-hücuma keçərək kiləsinin
korrupsiyaya bulaşdığını faş etdi. Nəticə isə özünü çox gözlətmədi. Hazırda
Ermənistanda II Qareginin xalqa təsir etmək imkanları yoxdur, onun nüfuzu sıfır
səviyyəsindədir. Belə olan təqdirdə, kilsənin susmaqdan savayı yolu qalmır.
Azər NURİYEV