• cümə, 29 Mart, 12:06
  • Baku Bakı 14°C

Erməniləri bir xalq adı altında toparlayan terror təşkilatları olub

09.09.19 17:54 1023
Erməniləri bir xalq adı altında toparlayan terror təşkilatları olub
Ermənistan terrorçu Soqomon Teyliryana abidə ucaltmaqla növbəti dəfə terroru dövlət səviyyəsində dəstəklədiyini bəyan etmiş oldu. Bundan əvvəl isə II Dünya müharibəsində qəddarlığı ilə faşistlərin "rəğbətini” qazanan Qaregin Njdeyə abidə ucaldılmışdı. Həmin dövrdən indiyədək edilən etirazların əksinə olaraq Ermənistan daha da irəliyə gedərək Osmanlı imperiyasının zabiti Tələt paşanı qətlə yetirən daşnak terrorçu Soqomon Teyliryana heykəl qoyub. Heykəldə terrorçunun ayağı altında Tələt paşanın kəsilmiş başı əks olunub. Bütün bunlar bir daha Ermənistan dövlətinin məqsəd və məramını aydın şəkildə göstərmiş olur. Ermənilər "qəhrəman” hesab etdikləri bu qatil və terrorçuların böyük əksəriyyəti türklərə və azərbaycanlılara qarşı qətliamlar törədən şəxslər olublar. Terrorçu S.Teyliryanın heykəli ilə bağlı həm Türkiyə, həm də Azərbaycandan etirazlar başlayıb. Hər iki ölkə ictimaiyyəti Ermənistana qarşı sərt təpkilərin göstərilməsi üçün çıxışlar edirlər. Əsas məqam isə ondan ibarətdir ki, Ermənistanda terrorçulara abidə ucaldılması birmənalı şəkildə bu ölkənin terroru dəstəklədiyini sübut edir. Görəsən, bu faktlardan çıxış edərək, Azərbaycan və Türkiyə hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Ermənistanın terrorçulara abidə qoyması səbəbsiz deyil: "Bunun tarixi kökləri var. Erməniləri bir xalq adı altında toparlayan terror təşkilatları olub. Ermənilər qorxduqları üçün terror təşkilatlarına pul verirdilər və mütəşəkkil hərəkət edirdilər. Sonradan 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradılanda onun da təməlində terror təşkilatları dayanıb. Yəni, bu gün biz erməni xalqı deyəndə terror təşkilatı nəticəsində formalaşmış xalqı ehtiva edirik. Ermənistan dövləti deyəndə isə terror təşkilatlarının yaratdığı dövləti nəzərdə tuturuq. Ona görə də ermənilərin terrorçulara abidə qoymasından təəccüblənmək lazım deyil”.

M.Qasımlının sözlərinə görə, Ermənistanda terror dövlət siyasətinə çevrilib: "Ermənistan terrorçuları himayə edir və beynəlxalq miqyasda terrorçu kimi tanınan şəxslərə abidlər qoyur. Faşistlərlə əlaqəsi olan, onlarla əməkdaşlıq etmiş şəxslərə abidənin qoyulması da buradan qaynaqlanır. Bu gün Ermənistan erməni faşizmi siyasətini yürüdən bir ölkədir. Azərbaycan və Türkiyə nə edə bilər? Hesab edirəm ki, həm Türkiyənin, həm Azərbaycanın, eləcə də terror əleyhinə olan ölkələrin rəsmi qurumları, kütləvi informasiya vasitələri bu barədə geniş informasiyalar yaymalıdırlar, beynəlxalq təşkilatlara müraciətlər etməlidirlər”.

Millət vəkili Fazil Mustafa bildirdi ki, ermənilərə cavab olaraq, Bakıda Nuru Paşanın ayaqları altında Lalayanın kəsilmiş başı əks olunan heykəl qoyulmalıdır: "Ermənilər Tələt Paşanı qətlə yetirmiş Soqomon Teyliryanı "qəhrəman” hesab edir, ona terrorçu kimi baxmır. Amma biz real qəhrəmanlarımıza dəyər vermiriksə, erməni nə edə bilər? Ümumiyyətlə, ermənilərin mövcudluğu terror üzərində qurulub. Ermənilər başqa xalqlara qarşı terror edənləri özlərinin "qəhrəmanı” hesab edirlər. Biz nə etməliyik? Biz "Difai”nin qurucusu Əhməd bəy Ağaoğlunun heykəlini ucaltmalıyıq, xatirəsini əbədiləşdirməliyik. O, erməninin qarşısına çıxan, məhv edən, terrorçularını sıradan çıxaran Azərbaycan ziyalısıdır. Hesab edirəm ki, biz bunları etməliyik. Ermənilərin etdiyinin cavabı budur”.

F.Mustafanın fikrincə, o dövr deyil ki, terrorçuya abidə qoyulması ilə bağlı BMT-yə şikayət edəsən: "İndi hansı dövrdür ki, belə bir addım atasan? Ona görə də ilk növbədə öz qəhrəmanlarımıza dəyər verməliyik, onlara diqqət etməliyik. Xalq da görməlidir ki, Nuru Paşa gəlib Bakını ermənilərdən azad edib və onun heykəli ucaldılıb. Ermənilər bütün kitablarında Nuru Paşanı nifrətlə xatırlayırlar”.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirdi ki, yüz illərdir türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar ediblər: "Birinci Dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər. Sonrakı dövrlərdə də analoji terror azərbaycanlılara qarşı edilib. Dağlıq Qarabağ ərazisində Xocalı rayonunda erməni cinayətkarları tərəfindən törədilən soyqırımı dünya tarixinin ən böyük vəhşiliyidir. Xocalıda və Dağlıq Qarabağın müxtəlif şəhər və rayonlarında baş verən cinayətlərin həyata keçirilməsində ASALA terror təşkilatının qatilləri iştirak edib. Həmin cinayətkarlar 1980-ci illərdə dünyanın fərqli ölkələrində onlarla türkiyəli diplomatı qətlə yetirdi”.

B.Dündarın sözlərinə görə, Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gün də davam edir: "Yerevanda terrorçu Soqomon Tehrleryanın heykəlinin ayaqları altında Tələt paşanın kəsik başını qoyan ermənilər gələcək nəslə türk düşmənçiliyini təbliğ edirlər. Bununla da tarix boyu münaqişələrə və qana doymayan ermənilər sülh və sabitliyin təmin olunmasına imkan vermirlər”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər