Ermənilər üçün xilas yolu
"Star”: "Ərdoğanın
təklifi Ermənistanı asılılıqdan xilas etməyə yönəlmiş bir təklifdir"
44 günlük
Vətən müharibəsinin nəticələri əsasında imzalanan üçtərəfli Bəyannamə tək Cənubi
Qafqazda deyil, bütövlükdə bölgədə yeni reallıqlar yaradıb. Zəfər müharibəsi Azərbaycan
torpaqlarının işğaldan azad olunması ilə yanaşı, həm də regionda köklü dəyişikliklərə
gətirib çıxarıb. İllərdir işğalçılıq siyasətinə görə blokada vəziyyətində qalan
Ermənistan üçün tarixi şans yaranıb. Xatırladaq ki, Ermənistan hökumətinin
qarşıdakı 5 il üçün proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə
bağlı da bənd var.
Fikir
ayrılıqları olsa da...
Bu günlərdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana növbəti mesajını göndərib: "Fikir
ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də
daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi
səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi
olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar
atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar
üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan
edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün
çalışa bilərik”.
"Şərəfli
bir təklifdir"
Türkiyə
prezidentinin məlum bəyanatını şərh edən "Star” qəzetinin köşə yazarı Halime
Kökce Ermənistanı Türkiyə prezidentinin təklifinə müsbət yanaşmağa
çağırır. "30 ildir davam edən Qarabağın erməni işğalından azad edilməsində
Türkiyə çox əhəmiyyətli rol oynadı. Türkiyə ilə Azərbaycan arasında "bir
millət, iki dövlət" şüarına uyğun uğurlu bir əməliyyat həyata keçirildi.
Türkiyə Ermənistanla sərhəd qapılarını açacağına söz verib. Bu, Ermənistanı Qərbdən
asılılıqdan xilas etmək üçün şərəfli bir təklifdir"- deyə bildirib. Çoxlarını düşündürən məsələ odur ki, görəsən,
Ermənistanın məhdud milli potensialı, coğrafiyasının qeyri-məhsuldarlığı, başqa
dövlətlərin əlində alətə çevrilməsi davam edəcəkmi, yoxsa kin, nifrət və
işğalçı niyyətləri bir kənara qoyub Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri
yaradacaq? Həqiqətən də, rəsmi İrəvanla birlikdə artıq Qərb ölkələrinin də bu
yol ayrıcından çıxaraq qərar vermək zamanları çatıb.
Azərbaycanın
maraqlarına uyğundur
Sözsüz ki,
həm Ermənistan baş nazirinin müsbət mesajlar haqqında söylədikləri, həm də
Ərdoğanın səsləndirdiyi fikirlər tamamilə Azərbaycanın maraqlarına uyğundur.
Ərdoğan yenə də kommunikasiyaların açılması, regionun çiçəklənməsi, inkişafı
üçün bir sıra layihələr irəli sürür, Zəngəzur dəhlizinə də diqqət yetirir.
Bildirir ki, Azərbaycanın tələbləri bizim tələblərimizdir, Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü tanımalıdır. Sərhədlərin delimitasiyasını həyata keçirməlidir.
Bundan sonra Türkiyə və Ermənistan arasında, həmçinin Azərbaycan və Ermənistan
arasında əlaqələr normallaşa bilər. Regionu əhatə edən məsələlər Rusiya ilə də
razılaşdırılır. Ermənistan vəziyyətini düzəltmək üçün istiqamətini Türkiyə və
Azərbaycana çevirməlidir. Paşinyanın gündəmə gətirdiyi "müsbət siqnallar”
mövzusu yeni bir şey və sürpriz deyil. Ancaq burada yanlış anlaşılmanın
qarşısını almaq üçün bir məsələyə aydınlıq gətirmək lazımdır. Belə ki, sözügedən
məsələdə ilk ciddi addım rəsmi İrəvan tərəfindən atılmalıdır.
Erməni
isteblişmenti nə düşünür?
Rəsmi
Yerevan Türkiyə prezidentinin Ankaranın Ermənistanla münasibətləri
normallaşdırmağa hazır olduğuna dair bəyanatına münasibət bildirməyib. Bununla
belə, Ermənistanın millət vəkilləri və başqa siyasilər Türkiyə liderinin bəyanatını
şərh ediblər. Ermənistan parlamentinin xarici münasibətlər komissiyasının rəhbəri,
hakim "Vətəndaş Müqaviləsi” partiyasından deputat Mariya Karapetyan Ankaranın bəyanatını
pozitiv siqnal adlandırıb. "Erməni xalqı Ermənistanın regionda dinc inkişafı
erasının açılışı üçün bizə mandat verib və biz bu istiqamətdə hətta ən kiçik
imkandan da istifadə etməliyik. Ələlxüsus da, bütün bunlar Ermənistanın
maraqlarının nəzərə alınaraq baş verəcəksə. Biz həm də başa düşməliyik ki, sülh
Ermənistanın, onun xalqının maraqlarına cavab verir və biz bunu nəzərə almaqla
irəliyə doğru hərəkət edəcəyik. Bəli, bu mənada müsbət siqnal müsbət
qarşılanır”.
Koçaryanın
adamı da...
Deputat onu
da bildirib ki, Ərdoğan Türkiyə və Azərbaycanın ərazi bütövlüyündən danışsa da,
Ermənistanın hakim partiyası bunda hər hansı ön şərt görmür: "Mən onun
çıxışında "şərt”, "ön şərt” sözlərini və ya bu kimi hər hansı sərt mövqeyə işarə
görmədim”. Buna baxmayaraq, Ermənistan parlamentində təmsil olunan iki müxalif
partiyanın deputatları əmindirlər ki, Türkiyə tərəfi İrəvan üçün məqbul olmayacaq
şərtlər irəli sürür. Keçmiş prezident Robert Koçaryanın "Hayastan” seçki
blokundan seçilmiş deputat Geqam Manukyan belə deyib: "Ərdoğanın bu bəyanatlarında
bir neçə sadə düstur var: Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü
tanımalıdır və deməli, Qarabağın gələcək statusu ətrafında hər hansı diplomatik
fəaliyyətlərdən, erməni soyqırımının beynəlxalq tanınmasından imtina etməlidir.
Burada daha təhlükəli məqam da var. Ərdoğan regional və daha geniş mənada "altılıq”
adlanan formulla KTMT çərçivəsində təhlükəsizlik sisteminin dağıdılmasını təklif
edir”.
Sarkisyanın
adamı da öz ampluasında
Keçmiş
prezident Serj Sarkisyanın adı ilə bağlı "Şərəfim var” blokundan seçilmiş
deputat Tiqran Abramyan da bu qənaətədir: "Türkiyə prezidentinin pozitiv siqnallarla
çıxış etməsi ilk baxışdan belə görünür. Amma siz onun dediklərinin sətirarası mənasına
fikir versəniz, görərsiniz ki, onun cavabında indiyədək mövcud olan ön şərtlər
daha yumşaq şəkildə ifadə olunub. Onun ərazi bütövlüyü məsələsinə istinad etməsi,
təbii ki, Ermənistanın maraqlarından doğmur”.
Politoloqun
qənaəti
Politoloq
Benyamin Poqosyan isə Türkiyə prezidentinin bəyanatında Ermənistan üçün hər
hansı ön şərt görmür: "Əgər biz Türkiyənin nöqteyi-nəzərindən baxsaq, iki əsas
problem vardı: biri Qarabağ məsələsi idi. Türkiyə bu məsələni bağlanmış hesab
edir. Ermənistan hökumətinin proqramına baxanda mən də bu nəticəyə gəlirəm ki,
Ermənistan hökuməti üçün də Qarabağ məsələsi bağlanıb. Soyqırımın beynəlxalq
tanınması məsələsi də artıq Türkiyə üçün 2015-ci ilədək olduğu qədər təhlükə
kimi qəbul olunmur. Deməli, bu məsələ də aktuallığını itirib. Burdan belə çıxır
ki, bəli, Türkiyə münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına
hazırdır”.
Beləliklə,
gəlinən qənaət budur ki, təklif Ermənistanın xilasına yönəlib. Və Türkiyə
humanizm göstərərək illər uzunu türk xalqına qarşı törətdiyi vəhşilikləri, düşmənçiliyi
bir kənara qoymağa hazırdır. Ermənistan da bundan yararlanmalıdır. Əks təqdirdə
özünü dalana dirəmiş vəziyyətdə saxlamaqda davam edəcək.
Azər