• cümə axşamı, 18 aprel, 06:22
  • Baku Bakı 12°C

Ermənilər Rusiyanı ittiham etməyə başladı

29.06.13 08:29 2140
Ermənilər Rusiyanı ittiham etməyə başladı
Azərbaycan paytaxtında iyunun 26-da Silahlı Qüvvələr günü münasibətilə keçirilən parad qonşu ölkələrdə, xüsusən düşmən Ermənistanda böyük rezonans doğurmaqdadır. Bu ölkənin əksər nəşrləri Azərbaycan paytaxtında düzənlənən hərbi parada nümayiş etdirilən hərbi texnikadan, ölkə prezidenti İlham Əliyevin düşmən dövlətə ünvanlanan bəyanatına geniş yer ayırmaqda davam edir. Erməni xislətini ortaya qoyan nəşrlər xüsusən ən müasir texnikanın regionda hərbi güc balansını pozacağına önəm veriblər. Burada isə əsas tənqid hədəfi kimi Rusiya göstərilir.
Hətta bir sıra nəşrlər Rusiyaya nota təqdim olunmalı olduğunu vurğulayıblar. Hərbi paraddan sonra açıqlama verən Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın hərbi gücündən qorxmadıqlarını bəyan etsə də, bu mövqe təcavüzkarın ciddi qorxu içərisində olduğunun işarəsidir. Azərbaycanın 750 çeşiddə silah-sursat hazırlaması Ermənistanı qorxuya salıb. Artıq dünən bəlli olub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanda birləşmiş, kollektiv Hərbi Hava Qüvvələri (HHQ) yaradılacaq. Bunun da nəticəsində Ermənistanın HHQ-si modernləşəcək. Bu haqda ilə birgə mətbuat konfransında Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Artuq Baqdasaryan deyib. O, artıq bu yöndə sənədlərin imzalandığını da bildirib: “Bu KTMT-in fəaliyyət zonasında həm Qafqaza, həm də başqa bölgələrə aiddir, çünki aviasiya fövqəladə dərəcədə vacib məsələdir. Şübhəsiz ki, Azərbaycan paytaxtında nümayiş etdirilən döyüş təyyarələri, vertolyotlardan sonra ermənilər bu addımı atmaq qərarına gəliblər. Özü də ermənilər ən çox Rusiyanı ittiham etməyə başlayblar. Məsələn, Ermənistanın Kanadadakı sabiq səfiri, “Modus Vivendi” analitik mərkəzin direktoru Ara Papyan Moskvaya rəsmən nota təqdim etməyə çağırıb. O, “Ermənistanın strateji partnyoru olan Rusiyanın öz müttəfiqi ilə müharibə şəraitində olan Azərbaycana iri partiya silah tədarük edilməsini“ yolverilməz hesab edir. Məsələyə bu ölkənin xarici işlər nazirinin müavini Şavaş Koçaryan da münasibət bildirib. “Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır” deyə nazir müavini bildirib. Onun sözlərinə görə, bu, qüvvələr balansının pozulması deməkdir: “Biz də alırıq, lakin problem narahatlıq doğurur”. Mətbuata sızan məlumatlara görə, Azərbaycanla Rusiya arasında müqavilə üzrə, Azərbaycana 1 milyard dollar məbləğində hücum əməliyyatları üçün nəzərdə tutulan müasir silah növləri tədarük ediləcək. Azərbaycan isə bildirib ki, özünün “silahlanması” ilə bağlı Ermənistandakı reaksiyalardan narahat deyil. “Rusiya silahının Azərbaycana satışı Ermənistanda narahatlıq doğurur və biz belə hərəkətlərin səbəbləri və məqsədlərini aydınlaşdırmaq üçün qanunverici və icra hakimiyyətləri səviyyəsində Moskvaya sorğu göndərmək istəyirik” - deyə Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili işlər üzrə parlament komissiyasının sədri Koryun Nahapetyan bildirib. Ermənistan bu məsələni sentyabrda Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə komissiyaları rəhbərlərinin koordinasiya müşavirəsində və oktyabrda Yerevanda keçiriləcək təşkilata üzv ölkələrin Parlament Assambleyası müdafiə və təhlükəsizlik komitəsinin toplantısında müzakirəyə çıxarmaq niyyətindədir. Biz Rusiyanın bu sövdələşməni imzalayanda nəyi əsas tutduğunu anlamaq istərdik. Bu, eləcə kommersiya marağıdır, yoxsa başqa amillər olub” - deyə Nahapetyan bildirib. “Qarabağ münaqişəsində vasitəçi olan Rusiyanın onsuz da adi silahlar haqqında kvotanı pozmuş Azərbaycana əlavə yeni tipli 100 tank verməsi təəccüb doğurur” - deyə sabiq xarici işlər naziri, Jaranqutyun (İrs) Partiyası parlament fraksiyasının üzvü Aleksandr Arzumanyan “İzvestiya”ya deyib.
Yerevandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan isə Rusiyanın Azərbaycana silah satışı müqabilində Ermənistana da pulsuz silah tədarük etdiyini bildirir.
Politoloq İqor Muradyan isə hər dəfə Azərbaycana növbəti Rusiya silah tədarükündən sonra Ermənistanda Rusiya maraqlarına vəkillik etmək üçün erməni “politoloqlar”ın səfərbər edildiyini bildirir”.
Şübhəsiz ki, Azərbaycanda keçirilən möhtəşəm hərbi parad göstərdi ki, ermənilərin Rusiya ümidləri heç də özünü doğrultmur. Ermənilər Rusiyanın və diasporlarının köməyi ilə hər zaman Azərbaycandan üstün mövqedə dayanacaqlarını düşünüblər. Ancaq Azərbaycanın yeritdiyi düzgün xarici siyasət bu mövqeləri dağıtmağa başlayıb. Reallıq budur ki, Ermənistanın Azərbaycanla ayaqlaşmaq üçün heç bir potensialı yoxdur. Ona görə də Avropanın bəzi ölkələrinin qapıların döyürlər ki, onlara yardım etsinlər. Ermənilərə yardım üçün donor konfranslarının keçiriləcəyi vəd olunsa da, görünən odur ki, onlar indiki siyasətlərindən əl çəkmələrinə dair məsləhətlərdən başqa heç nə əldə etməyiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər