• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Ermənilər aprel döyüşlərini unuda bilmir

12.01.17 09:30 6759
Ermənilər aprel döyüşlərini unuda bilmir
"Aprel hadisələrindən iki mühüm nəticə çıxır: Birincisi, bu, bizim xoşumuza gəlsə də, gəlməsə də, ilk dəfə Azərbaycan ərazilər tutmağa nail olub. İkincisi, bu hadisələr nəticəsində bəlli oldu ki, korrupsiya milli təhlükəsizliyə təhdiddir”. Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin iflas olduğunu əks etdirən bu fikirlərin müəllifi Azərbaycan, yaxud Qərb deyil, məhz erməni ekspertidir. Ermənistanda artıq bir qədər düşüncə sahibi olanlar da anlamağa başlayır ki, yürüdülən siyasət fiasko ilə nəticələnir.
Beləliklə, qayıdaq yuxarıda qeyd olunan sitata. Bunun müəllifi məşhur politoloq, Regional Araşdırmalar Mərkəzinin direktoru Riçhard Kirakosyandır. Fikirlərini davam etdirən ekspert əvvəl olduğu kimi, yenə də ehtimal edir ki, Azərbaycanın yeni hücumunu yaxın aylarda da gözləmək gərəkdir. Onun qənaətincə, Azərbaycanı hücumdan çəkindirən heç nə yoxdur. "Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq, Minsk qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”, - deyə erməni ekspert vurğulayıb. R. Kirakosyanın fikrincə, Azərbaycan yenidən hücuma keçib bir-iki rayonu qaytarmaq istəyəcək. Çünki aprel döyüşlərində Azərbaycanın əsl məqsədi strateji planda zəbt olunmuş ərazilərin geri alınmasından daha çox, Dağlıq Qarabağın özünə yönəlmişdi. Ekspert rəsmi Yerevanın yürütdüyü xarici siyasət xəttini də kəskin tənqid edib. Onun sözlərinə görə, Ermənistan dünyada öz ərazisində xarici hərbi bazanın yerləşdirilməsinə görə təkcə ödəniş edən deyil, həm də bunun üçün xərc çəkən yeganə ölkədir. Politoloq Ermənistanın öz sərhədlərinin əhəmiyyətli hissəsinə nəzarət etməməsini daha bir çatışmazlıq hesab edir. R.Kirakosyan hesab edir ki, müstəqil Ermənistanın yaşaması indiyədək sual altındadır, siyasi problemlərlə yanaşı, ölkə üçün nisbətən daha ciddi təhdidlər arasında iqtisadi problemlər də var.
Başqa bir erməni politoloq Aleksandr İsgəndəryanın fikrincə, aprel müharibəsi göstərib ki, münaqişə hərbi yolla həll oluna bilməz: "Şəxsən mən hesab edirəm ki, böyük ehtimalla Azərbaycan yenə hücum edəcək, ola bilsin daha kiçik miqyasda və daha az intensivliklə, ancaq istənilən halda, problemin hərbi yolla həllini tapmağa çalışacaq. Azərbaycan 22 il müharibəyə hazırlaşıb. Son 4-5 ildə silah almağa 20 milyard dollardan çox vəsait xərclənib. Əməliyyat yetərincə savadlı idi. Çox güman ki, əməliyyat, belə deyək, başqa ölkələrdən olan məsləhətçilər tərəfindən planlaşdırılmışdı. Texnika kifayət qədər sanballı idi. Bizdən fərqli olaraq, Azərbaycan döyüşə xüsusi təyinatlıları çıxarmışdı”.
Müstəqil millət vəkili Edmon Marukyanın Helsinki Assambleyasının son məruzəsinə istinad edib. O bildirib ki, həmin dörd müharibə günü və bütün aprel ayı ərzində Ermənistan 100-dən artıq itki verib. Digər deputat Zaruhi Postancyan isə erməni saytlarına bildirib ki, Serj Sarkisyan aprel müharibəsində insan həyatı və ərazi itkiləri üçün məsuliyyətə cəlb olunmalıdır. Onun sözlərinə görə, müdafiə naziri Vigen Sarkisyanın başı korrupsiyaya qarışıb.
Ermənistan Milli Konqresi fraksiyasının katibi Aram Manukyan də hesab edir ki, aprel hadisələri ilin ağrılı səhifəsi oldu: "Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi. Ölkənin üzləşdiyi problemlərin kökündə məhz Qarabağ münaqişəsi dayanır”. Onun fikrincə, Ermənistan ictimaiyyəti anlayıb ki, ölkələri müstəqil dövlət deyil, müstəmləkədir. Onun fikrincə, Ermənistan rəhbərliyi baş verənlərdən sonra öz məsuliyyətini anlamır.
Yeri gəlmişkən, Ermənistan parlamentinin ötən ay qəbul etdiyi proqramda dövlət orduda xidmət edən, ya da orduya qoşulmaq istəyən qadınlara geniş imkanlar yaradılacağını vəd edib. Bununla da ölkədə orduya hərbçilərin cəlb edilməsində problemlərin olduğu sübut edilib. Yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisyan millət vəkillərinə qadınların hərbi təhsilinə və inkişafına şərait yaradılacağını, onların orduda kişilərlə bərabər hüquqlara malik olmasına çalışacağını deyib. O, jurnalistlərlə söhbətində qadınların orduda çox böyük rol oynaya biləcəyini söyləyib: "Məncə, qadınların orduda, xüsusilə rəhbər vəzifələrdə rolu çox ciddi ola bilər. Onların potensialından yararlanmasaq, səhvə yol vermiş olarıq”.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda orduda 2 mindən çox qadın xidmət edir. 2012-ci ildə onların sayı 1400-ə yaxın olub. Saytlar yazır ki, qadınların orduya cəlbi, əslində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın ideyası olub. Onun fikrincə, qadınların iştirakı ordunu sivilləşdirir, nizam-intizamı gücləndirir.
Azər
banner

Oxşar Xəbərlər