• çərşənbə axşamı, 16 aprel, 19:29
  • Baku Bakı 18°C

Erməni təxribatna verilən qətiyyətli cavab

13.07.20 18:28 4319
Erməni təxribatna verilən qətiyyətli cavab
Uğursuzluqla üzləşən Paşinyan hakimiyyəti beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır
Azərbaycanın inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi dostlarımızı sevindirməklə bərabər, düşmənimiz Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını, onların lobbiçiliyini edən qurumları və şəxsləri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu narahatlığı hər keçən gün daha da artırmaqdadır.

Daxili auditoriyanı sakitləşdirmək cəhdi
Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi isə xarici ermənipərəst dairələrə, Azərbaycanı istəməyən xarici qüvvələrə sarsıdıcı zərbə olub. Nəticədə beynəlxalq ictimaiyyətin diqqətini hiss etməyən Ermənistan dövləti və hakimiyyəti ciddi problemlər qarşısında qalıb. Bu problemlərdən çıxış yolu tapa bilməyən işğalçı dövlət və Nikol Paşinyan hakimiyyəti sələflərinin yolu ilə gedərək, daxili auditoriyanı sakitləşdirmək üçün cəbhə xəttində, sərhəd ərazilərdə müxtəlif təxribata əl atır, hakimiyyətinin ömrünü uzatmaq üçün Dağlıq Qarabağ münaqişəsindən yararlanmağa çalışır. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı da məhz Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Düşmən geri otuzdurulub
Məlumat üçün qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Bir qədər əvvəl vurğuladığımız kimi, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır.
Koronavirusla mübarizə sahəsində problemlər
Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Söylənilənlərə misal olaraq, Ermənistan hökumətinin koronavirusla əlaqədar martın 16-dan etibarən fövqəladə vəziyyət rejimini tətbiq etməsini göstərmək olar. İndiyə qədər 3 dəfə artırılan fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb. Ermənistanın ədliyyə naziri Rustam Badasyanın mediaya açıqlamasına görə, ölkəsində COVID-19 virusunun qarşısının alınması istiqamətində görülən tədbirlər nəticə vermir. Hökumət vəziyyətdən çıxış yolunu yalnız fövqəladə vəziyyət rejiminin uzadılmasında və daha sərt cəza tədbirlərinin tətbiqində görür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılması barədə qərar qəbul olunub. Bütün bu reallıqları nəzərə alsaq, bir daha əmin ola bilərik ki, Azərbaycanla sərhəddə təxribat törədilməsi Ermənistanın baş nazirinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, bu yolla xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi narazılığı, təhlükəni aradan qaldırmaq mümkün olacaq.
"Dezinformasiya maşını” işə düşüb
Düzdür, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Amma Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Paşinyan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Paşinyan hakimiyyətini ciddi tənqid edirlər. Bu basqıdan, erməni ictimaiyyətinin haqlı tələblərindən, növbəti təxribat cəhdinin uğursuzluğundan yayınmaq üçün Ermənistan hakimiyyəti "dezinformasiya maşınını” işə salıb, Azərbaycan hərbi bölmələrinin mövqeyinin guya ələ keçirilməsi, yeni yüksəkliklərin əldə edilməsi barədə iddialar dövriyyəyə buraxılıb.

Ermənilər Paşinyan hakimiyyətini ələ salırlar
Missal üçün, Ermənistan kütləvi informasiya vasitələrində düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı dərhal buna reaksiyaya verərək yayılan məlumatların yanlış olduğunu, ictimai fikri yayındırmaq məqsədi daşıdığını bəyan edib. O bildirib ki, bu dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il aprelin 12-də çəkildiyi qeyd olunub və təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. V.Dərgahlı bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edib. Bu kimi çoxsaylı ifşaedici açıqlamalar sayəsində paşinyan hakimiyyətinin yalanları onların özlərinə qarşı çevrilib. İşğalçı ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri ortaya atılan iddiaları, Ermənistan rəsmilərinin həqiqət kimi təqdim etdiyi "faktları” ironiya ilə qarşılayır, Paşinyan hakimiyyətini ələ salırlar.
Atəşkəs rejimi kobud şəkildə pozulub
Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, düşmən dəfələrlə müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib və Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin qarşısını alıb. Onun sözlərinə görə, düşmənin yerdəyişməsi və bütün hərəkətləri Azərbaycan Ordusunun bölmələri tərəfindən daim müşahidə olunur və nəzarətdə saxlanılır, hər an lazımi tədbirlər görülür: "Düşmən yenə də Azərbaycan-Ermənistan sərhədində təxribat törətməyə cəhd göstərib. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəni, Azərbaycanın dövlət sərhədini pozaraq irəliləmək fikrində olub. Düşmənin bu təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınıb və orada döyüş gedib, artilleriya, minaatan silahlardan istifadə olunub. Nəticədə düşmən itkilər verərək geri çəkilib. Amma bu gecə düşmən bir daha Tovuz istiqamətində təxribat törətməyə cəhd göstərib və dövlət sərhədini pozaraq ərazilərimizi ələ keçirmək istəyib. Azərbaycan tərəfi düşməni təkrar tələfata uğradaraq geriyə çəkilməyə məcbur edib”.

KTMT-dən silah-sursat dilənmək niyyəti
Hərbi ekspert deyib ki, dövlət sərhədində bu təxribatın törədilməsinin səbəbləri Ermənistanda Paşinyan ritorikasının getdikcə güclənməsi ilə əlaqədardır: "Populist Paşinyan artıq heç kim üçün maraqlı deyil. Digər tərəfdən, pandemiya dövründə də Ermənistanda sosial vəziyyət daha gərginləşib. Bu vəziyyətdə cəmiyyətini daxili problemlərdən yayındırmaq üçün həmişəki kimi belə üsullardan istifadə edir. Yəni, düşmənin məqsədi dövlət sərhədində müəyyən gərginlik törətmək və diqqəti oraya yönəltməkdir. İkinci səbəb Ermənistan rəhbərliyinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan dövlətlərə müraciəti və onlardan yenə silah-sursat dilənmək cəhdidir. Düşünürəm ki, növbəti günlərdə bu haqda məlumat yayılacaq. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin diqqətini problemə cəlb etməkdir. Ermənistan tərəfi məhz Tovuz istiqamətində vəziyyəti gərgin saxlamaqla buna nail olmaq niyyətindədir. Ancaq bu düşmənə baha başa gəlir. Artıq Ermənistan rəhbərliyi faktları tam gizlətməyi bacarmır və məcbur olaraq bu itkiləri barədə öz saytlarında və sosial şəbəkələrində məlumatlar yerləşdirirlər”.

Azərbaycan cəmiyyətinə yüksək vətənpərvərlik hissi
Sonda əlavə edək ki, Azərbaycan ictimaiyyətində iyulun 12-də baş vermiş hadisə hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilib. Düzdür, bu, Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu səbəbdən arzuolunmaz xaotik təşəbbüslər, o cümlədən bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri qəbuledilməzdir və belə davranış yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında erməni uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Azərbaycanın güclü-qüdrətli Ordusu var və Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin istənilən tapşırığını yerinə yetirməyə, o cümlədən ərazi bütövlüyümüzü hərb yolu ilə təmin etməyə hazırdır və buna qadirdir.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər