Erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucusu - Cümhuriyyət -100
"Bir
məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun.
Qoşun da maliyyəsiz yaşamaz”
(Behbud xan Cavanşir)
20-ci əsrin əvvəllərində xalqımızın istiqlala qovuşmasında, azad
cəmiyyət qurmasında ziyalılarımızın, tarixi şəxsiyyətlərimizin çox böyük əməyi
olub. Onlardan biri də Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir
idi.
Pənahəli xanın qurduğu Qarabağ xanlığı 18-ci yüzilliyin ortalarından
19-cu yüzilliyin birinci rübünə kimi bir tarixi ömür yaşadı. Behbud xan da
Qarabağ mahalında böyük hörmət-izzət sahibi olan Pənahəli xanın nəslindən olub.
Atası Azad xan Pənahəli xanın nəticəsidir. Bu nəsil haqqında Həmidə xanım
Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”dən oxuyuruq: "Qarabağ xanlığını
başqalarından fərqləndirən əsas cəhət, onların maarif və mədəniyyətin
tərəqqisinə meylli olması idi. Qarabağ xanlığı bir dövlət qurumu olaraq bitsə
belə, onun mədəniyyət siyasətinin ənənələri bu gün də yaşamaqdadır”.
Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Qaraqoyunlu
kəndində dünyaya gəlib. Amma onun gənclik illəri Tiflisdə keçib. 1890-cı ildə
Tiflisdə almandili realnı məktəbdə oxuyan Behbud xan, təhsilini başa vurduqdan
sonra daha yüksək bilgiyə nail olmaq üçün Almaniyaya gedir. 1902-ci ildə
Almaniyada Frayburq Dağ-Mədən Akademiyasına daxil olur. Behbud xan dünyada ilk
ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında oxuyan ilk azərbaycanlı
olub.
Akademiya da təhsilini bitirən Behbud, bununla da kifayətlənmir. O,
üz tutur İngiltərəyə. Londonda ingilis dilində təkmilləşdirmə kursları keçən
Behbud xan 1907-ci ildə vətənə mükəmməl təhsil almış, alman, ingilis, fransız,
rus dillərini öyrənmiş, açıq fikirli, geniş düşüncəli bir gənc kimi dönür. Gənc mütəxəssisin Bakıda ilk iş yeri milyonçu
Şibayevin neft sənayesi olur.
Bir faktı da qeyd etmək lazımdır ki, Behbud xan Bakıya qayıdanda şəhərin
mədəni mühitində bir canlanma var idi. Hər bir sahədə aparılan islahatlar,
"Həyat”ın "İrşad”ın, "Füyuzat”ın fəaliyyətə başlanması, ana dilli yeni
məktəblərin, Xeyriyyə Cəmiyyətlərinin açılması ziyalılarımıza, əl düşən
fürsətdən bəhrələnmə imkanı verdi. Onlar xalqı Azərbaycan Xalq Cümhuriyyətinin
qələbəsinə doğru yüksələn yola istiqamətləndirdi. Milli özünüdərk və özünü
təsdiq uğrunda çarpışan Azərbaycan ziyalıları üzərilərinə düşən vətəndaşlıq
vəzifəsinin öhdəsindən layiqincə gəldilər.
1918-ci ilin 28 mayı. Azərbaycanın istiqlalı elan olundu. Bu istiqlal
savaşında yüksək savada, vətənpərvərliyə malik olan Behbud xan da var idi. O,
hələ Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən əvvəl ölkədə baş verən bütün
ictimai-siyasi, mədəni hadisələrin önündə gedirdi. Şəfi bəy Rüstəmbəyli demişdir:
"Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf sənəti ilə
məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir millətpərvər
olaraq Azərbaycan siyasəti və milli məsələlərə qoşulub”. "Difai”nin
yaradılması, H.Z.Tağıyevin başçılıq
etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilməsi, "Nicat”a dəstəyi,
1917-ci ildə Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinə üzv olması,
1918-ci ilin Mart qırğınında yaradılmış barışıq komitəsindəki əməyi bir daha
bunu təsdiq edir.
Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II Hökumət
kabinəsində (17.06.1918-07.12.1918) bitərəf olaraq daxili işlər naziri
vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, eyni zamanda
ticarət, sənaye və daxili işlər naziri olaraq da fəaliyyət göstərmişdi. Yəni
əslində iki nazirliyin işini 1918-ci ilin 26 dekabrına kimi yerinə yetirmişdir.
Arxiv sənədləri ilə tanış olarkən, aydın olur ki, Behbud xan Azərbaycan Cümhuriyyətinin daxili işlər
naziri vəzifəsini icra edərkən, ölkədə vəziyyət çox ağır olub. Lakin buna
baxmayaraq o, Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmış,
1918-ci ilin 15 sentyabrında Bakı, Qafqaz İslam Ordusu tərəfindən azad
edildikdən sonra az bir vaxtda şəhərdə qayda-qanun yaradılmasına nail olmuş və
Daxili İşlər Nazirliyi sisteminin formalaşması sahəsində mühüm işlər
görmüşdür.
Behbud xan parlamentin üzvü kimi də çox fəal olub. O, parlamentdəki
çıxışlarında önəmli məsələlərdən bəhs edib, dəyərli fikirlər yürüdüb. Məsələn,
ölkənin maliyyə durumu haqqında danışarkən demişdir: "Bir məmləkətin
yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da
maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır”.
Behbud xan tutduğu vəzifələrdən uzaqlaşdıqdan sonra da parlamentdə
fəaliyyətini davam etdirib. O, 1919-cu ilin iyulunda "Dəyanət” kommersiya
şirkəti açaraq xarici ticarətlə məşğul olub. Almaniyadan yumşaq buğda növləri
gətirib Qarabağda əkinçilikdə istifadə edib.
Xalqının rahatlığı naminə hər bir işdə öndə olan Behbud xan Qarabağ
bölgəsində yolların abadlaşmasında da köməyini əsirgəməyib və elə Qarabağa ilk
avtomobili də o gətirib.
1920-ci ilin aprel işğalından sonra yeni hökumətdə Behbud xan kimi
peşəkar mühəndisə, xariclə güclü əlaqəsi olan kadra böyük ehtiyac olduğunu
bilən Nəriman Nərimanov, onun həbs edilməsinə mane olsa da, düşmən gülləsindən
qoruya bilmir. N.Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında müasir
neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. B.Cavanşir yolüstü
İstanbulda həmyerlisi Əhməd bəy Ağaoğlunun ailəsinə qonaq olur.
Bu haqda görkəmli tədqiqatçı V.Quliyev "Ağaoğlular” əsərində hadisəni
Əhməd bəyin qızı Sürəyya xanımın dilindən belə təsvir edir: "Atam Maltadan
qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın
ermənilərin qara siyahısında olduğunu söylədi. Azərbaycanın daxili işlər naziri
olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini
almışdıq. O arada Cavanşir bəy xanımı və iki qardaşı ilə Parisə getmək üçün
İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə
bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs
həyatına dözə bilməyəcəyini söylədiyindən, onlar evimizi tərk edib "Pere-Palas”
mehmanxanasında yerləşdilər”.
Çox təəssüf ki, həyat yoldaşının sərbəst yaşama və gəzmək həvəsi Behbud
xana baha başa gəlir. Belə ki, 1921-ci ilin iyulun 18-də axşam saat 23-də
B.Cavanşir, həyat yoldaşı və qardaşları ilə birlikdə "Təpəbaşı” teatrından
çıxıb, "Pere-Palas” otelinə gedirmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan
yaxınlaşıb tapança ilə Behbud xana üç güllə atıb. Behbud xan ağır yaralanır,
onu yaxınlıqdakı xəstəxanaya aparsalar da, 35 dəqiqədən sonra dünyasını
dəyişir.
Behbud xan Cavanşir də vətəni və milləti sevən, onun mənafeyini hər
şeydən üstün tutan, istiqlalımız uğrunda canını qurban verən onlarla
vətənpərvərlərimizdən biri idi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist