• cümə, 29 Mart, 00:18
  • Baku Bakı 7°C

Erməni terrorizminin qanlı izi

15.01.22 10:15 819
Erməni terrorizminin qanlı izi
1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularnın planladığı və reallaşdırdığı təsdiqlənib
Erməni terrorçuları 1970-ci illərdən 1990-cı illərin əvvəllərinədək Türkiyə, ABŞ, Fransa, İtaliya, Almaniyadan tutmuş Livanadək dünyanın müxtəlif dövlətlərində terror aktları həyata keçiriblər. Nəticədə, yüzlərlə insan həyatını itirib və ya yaralanıb. Hətta o vaxt, daha dəqiq desək, 1982-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin aylıq bülletenində "erməni terrorizmi” terminindən istifadə edilmişdi. Ermənilərin həyata keçirdiyi terror aktlarından danışarkən ağıla ilk gələn terror təşkilatı ASALA-dır. Lakin "Yeni erməni müqaviməti”, "Erməni gizli azadlıq ordusu”, "Orli qrupu”, "Gənc ermənilər ittifaqı” kimi terror təşkilatları da 1990-cu illərin əvvəllərinədək qanlı terror aktları törədərək bədnam ad qazanıb. Erməni terrorçuları bir zamanlar dünyanın ən sabit, təhlükəsiz və qüdrətli dövlətlərindən biri olmuş SSRİ-də belə partlayışlar törədibmiş.
Moskva metrosunda terror
1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğu işə düşüb. Bundan sonra şəhərin müxtəlif hissələrində daha iki partlayış törədilib. Sovet rəhbərliyini şoka salan bu terror aktları nəticəsində 7 nəfər ölüb, 30 mülki şəxs isə yaralanıb. Rusiyanın tanınmış "Svobodnaya Pressa” nəşrində İvan Rıbinin 45 il əvvəl törədilmiş bu terror aktları haqda məqaləsi dərc edilib.
Müəllif 1977-ci ilədək Sovet İttifaqında terror hadisələrinin baş vermədiyini qeyd edir. O, Moskvada baş vermiş terror aktlarından sonra həm SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, həm də Xalq Daxili İşlər Komissarlığının dərhal istintaq-əməliyyat tədbirlərinə başladığını vurğulayır.
Qeyd edək ki, o vaxt sadə insanlar terror aktlarının törədilməsində Baltikyanı ölkələr və ya Qərbi Ukraynadan olan insanlardan şübhələnirmiş. İ.Rıbin qeyd edir ki, sonradan bu iddiaların doğru olmadığı üzə çıxıb.
İzlər Yerevana aparır
Məqalədə qeyd edilir ki, o vaxt çekistlər hər yeri axtarırdılar: "İstintaq zamanı general-leytenant Vadim Udilovun rəhbərlik etdiyi qrup fərqlənərək, partlayıcı qurğunun hazırlandığı əşyanı tapmağa nail olub. Üstəlik, bombanın saxlanıldığı çanta da müəyyən edilib. Hər iki iz Yerevana aparırdı...”.
Daha sonra 1977-ci il noyabrın 2-də Kursk vağzalında sahibsiz çanta tapılıb. Müəllif qeyd edir, axtarışlar nəticəsində dördüncü bombanı tapmaq mümkün olub: "Amma terrorçuların səhlənkarlığı üzündən həmin bomba partlamayıb. Çekistlər partlayıcı qurğunu vağzaldan çıxarmağa nail olub. Partlayışın güclü olacağını düşünən terrorçular çantadan paltarlarını çıxartmamışdı. Nəticədə, onların kimliyi müəyyən edilib. Daha sonra Yerevana gedən qatarda işçi Akop Stepanyan və rəssam Zaven Baqdasaryan saxlanılıb. Onlar ilkin dindirilmə zamanı terror aktlarına rəhbərlik etmiş şəxsin adını da açıqlayıblar. O, Stepan Zatikyan imiş”.
Məhkəmədə antisemit fikirlər və terrorçuların sonu
S.Zatikyan "Ermənistan Vahid Milli Partiyası”nın rəhbərlərindən biri olub. Bu terror təşkilatı guya Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparırdı. İ.Rıbin vurğulayır ki, bu terror təşkilatı hətta Türkiyə torpaqlarına belə iddia edirmiş: "Bəs bunu necə edəcəkdilər? Yəqin, xəritəni qayçı ilə kəsmək yolu ilə. Çünki başqa variant yox idi”.
Məqalədə qeyd edilir ki, Stepanyan və Baqdasaryandan fərqli olaraq, Zatikyan öz günahını etiraf etməyib. Bundan əlavə, o, məhkəmədə "unikal” fikirlər də səsləndirib: "Mən dəfələrlə bildirmişəm ki, sizin məhkəməni tanımıram və müdafiəçiyə ehtiyac duymuram. Mən müttəhim deyil, ittihamçıyam. Sizin məni mühakimə etmək haqqınız yoxdur. Çünki jidorusiya imperiyası (yəhudiləri təhqir etmək məqsədilə "jid” sözündən istifadə edilir – müəllif) hüquqi dövlət deyil...”.
İ.Rıbin xatırladır ki, daha sonra Zatikyan və onun əlaltıları güllələnib: "Xalq başqa hökmü qəbul edə bilməzdi. Çünki onların əli çox insanın qanına batıb. SSRİ-də senzuranın olmasına və qəzetlərin bu haqda məlumat verməməsinə baxmayaraq, hər kəsin bundan xəbəri var idi”.
SSRİ-də ermənilərə münasibətin dəyişməsi
Müəllif vurğulayır ki, Moskvada baş vermiş terror aktlarından sonra sadə insanlarda ermənilərlə bağlı suallar ortaya çıxıb: "Üstəlik, erməni millətçiləri iddia edirmiş ki, guya məhz Ermənistan Rusiyanı təmin edir. Amma Ermənistanda istehsal edilmiş məhsulların keyfiyyəti hər kəsə məlum idi. Məhz buna görə SSRİ-də fəaliyyət göstərmiş təşkilatlar Ermənistan Avtomobil Zavodunun istehsal etdiyi məhsulları almamağa çalışırmış. Çünki bu avtomobillər dərhal xarab olurdu”.
Məqalədə qeyd edilir ki, SSRİ Dövlət Bankında baş vermiş ən böyük soyğunçuluq da ermənilərin adı ilə bağlıdır: "Bu hadisə 1977-ci il avqustun 5-də baş verib. O vaxt Nikolay Kalaçyan və Feliks Kalaçyan xalqdan təxminən yarım milyon rubl vəsait oğurlayıb! Bu, həmin dönəmdə çox böyük vəsait idi”.
İ.Rıbin qeyd edir ki, Sovet dönəmində Ermənistanda istehsal edilmiş digər məhsulların keyfiyyəti də sual doğururmuş.
Müəllifin sözlərinə görə, bütün bunlara rəğmən, Spitakda baş vermiş zəlzələdən sonra ruslar Ermənistan SSR-yə qış üçün üçün paltarlar, qida məhsulları göndərib, könüllülər isə xarabalıqları təmizləmək və insanları xilas etmək məqsədilə Spitaka yollanıb.
O, zəlzələnin baş verdiyi şəhərdə binaların keyfiyyətsiz olmasında da məhz ermənilərin günahının olduğunu vurğulayır.
Sənan Ağamalızadə
banner

Oxşar Xəbərlər