• cümə, 19 Aprel, 17:20
  • Baku Bakı 25°C

Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması BMT-nin ümdə problemidir

26.09.20 11:15 415
Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması BMT-nin ümdə problemidir
Mənim fikrimcə, BMT-nin Baş Assambleyasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında əsas məqam Birləşmiş Millətlər Təşkilatının fəaliyyətindəki problemlərlə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi arasında qarşılıqlı əlaqənin vurğulanması olub.
Rusiyalı ekspert, "Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini, Andrey Petrov bu fikirləriAZƏRTAC-a müsahibəsində söyləyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin həm münaqişənin indiki vəziyyəti, həm də onun bütün əsas mərhələləri barədə məlumat verməsi təsadüfi deyil, təəssüf ki, bu mərhələlər işğalçı ölkə olan Ermənistanın hərbi cinayətləri ilə bağlıdır. Ekspert deyib: "Prezident İlham Əliyev bir məqama diqqəti cəlb edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi regiona birbaşa mənfi təsir göstərir, çünki bu halda beynəlxalq birlik faktiki olaraq cəzasız qalacağına əmin olan təcavüzkarın öz mənfur əməllərini davam etdirməsinə razılıq vermiş olur”.
A.Petrovun fikrincə, Azərbaycanın beynəlxalq məkandakı strategiyasında çox mühüm dəyişiklik baş verib: indi Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı diplomatlar və siyasətçilər bildirirlər ki, Qafqazda sülhün bərqərar olması üçün cavabdeh olan təşkilatlar fəaliyyətsizdir və bu fəaliyyətsizlik həm Azərbaycan Respublikası ərazilərinin qeyri-qanuni işğalına, həm də Yerevanın bütövlükdə təcavüzkar siyasətini davam etdirməsinə kömək deməkdir. Bu siyasətin nəticəsində insan tələfatı, o cümlədən Azərbaycanın dinc əhalisi arasında tələfat hər il artır.
A.Petrov deyib: "Bu gün Bakı beynəlxalq birliyə izah edir ki, bu birliyin özünün qəbul etdiyi məcburi xarakterli sənədlərə, məsələn BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməsi üzrə praktiki addımların atılmaması Azərbaycanın əleyhinə, Cənubi Qafqazda müharibə vəziyyətinin davam etməsinə və ərazi bütövlüyü prinsipinin pozulmasına yönəlmiş addımdır”.
Ekspert sonda deyib: "İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinin digər nəticəsi BMT-nin mühüm beynəlxalq təşkilat kimi nüfuzunun azalmasıdır. Bütün bunlar bir-biri ilə qarşılıqlı bağlıdır. Təşkilat təcavüzkara şərait yaratmaqla həm Ermənistan-Azərbaycan münaqişə zonasını "qaynar vəziyyətdə” (bəziləri bunu "soyuq vəziyyət” hesab etsələr də) saxlamaqda davam edir, həm də öz nüfuzunu itirir. Ermənistan isə, törətdiyi cinayətlərə görə ondan heç bir cavab tələb edilmədiyini başa düşərək işğal edilmiş torpaqlarda istədiyini edir, bununla da BMT-nin nüfuzunu daha da azaldır. Beləliklə, Azərbaycan Prezidenti göstərib ki, erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması BMT-nin ümdə problemidir. Bu problemin həlli BMT-nin indi çoxları tərəfindən sual işarəsi altına alınan əhəmiyyətini bərpa etməyə imkan verərdi. BMT-nin nüfuzlu təşkilat olması üçün o, fəaliyyətə keçməlidir”.
banner

Oxşar Xəbərlər