Erməni mediasında həyəcan
"Türkiyə Xəzəri keçib,
Mərkəzi Asiya regionundadır”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Amerika qoşununun
Əfqanıstandan çıxarılmasının ABŞ-ın məğlubiyyəti kimi qələmə verməsi ən çox
müzakirə olunan mövzudur. Nazir əlavə edib ki, Vaşinqton bu ölkədəki vəziyyəti
sabitləşdirməyi bacarmayıb. Ermənistanın "1in.am” portalı dərhal Lavrovu hədəfə
alan məqalə ilə çıxış edib. Məqalədə qeyd edilir ki, Lavrovun bəyanatı gülüş doğurur: "Bununla
yanaşı, Sergey Lavrov, yumşaq dildə desək, öz məğlubiyyətini etiraf etmək
istəmir. Təbliğat zərurəti ABŞ-ın məğlubiyyəti haqqında danışmağı tələb edir.
Halbuki, Mərkəzi Asiya istiqamətində növbəti məğlubiyyətlə üzləşib, eyni
zamanda artıq qeydə aldığı başqa bir bəhrəni, yəni Qafqaz məğlubiyyətinin acı
bəhrəsini biçir, rus ekspert dairələri isə bunu güclü qələbə kimi təqdim etməyə
çalışır. 2001-ci il sentyabrın 14-də ilk dəfə Ermənistana rəsmi səfərə gəlmiş
Rusiya prezidenti Putin Nyu-Yorkda baş vermiş böyük terrordan bir neçə gün
sonra Ermənistan prezidenti Robert Koçaryanla Sevanda (Göyçə gölü) skuter
sürəndə Amerika siyasi elitası Əfqanıstan istiqamətində strateji cəhətdən böyük
və uzunmüddətli planlardan birini hazırlayırdı. Həmin vaxt Rusiyanın yeni
prezidenti Putin elə bilirdi ki, SSRİ-dən sonra bu dəfə ABŞ Əfqanıstanda ilişib
qalacaq. Və Putin, bəlkə də, bu prosesi
izləməklə kifayətlənməyə hazırlaşırdı.
Lakin reallıq bir az fərqli alındı və
indi Rusiya əhəmiyyətli dərəcədə ilişib qalma riski qarşısındadır, bunu
ört-basdır etmək üçün ABŞ-ın məğlubiyyəti "tezis”ini irəli sürür. Halbuki,
Amerikanın uğursuzluğuna inanan Kreml SSRİ-nin təsirini bərpa etməyə hazırlaşırdı”.
Məqalədə Qazaxıstanda Türküstan şəhərinin salınmasının da Ermənistanda
narahatlıq yaratdığı etiraf edilir: "Putinin "fikir düzəltməsi” sadəcə ona
gətirib çıxardı ki, Rusiya SSRİ-ni bərpa etmir. Erməni itaətkarlığını təmin
etmək vasitəsi bu işə xidmət edir. Bu gün artıq Türkiyə Xəzəri keçib və Mərkəzi
Asiya regionundadır, ABŞ 20 il əvvəl burada bərqərar olduqdan sonra hazırda
geri çəkilir və təbii olaraq Çini əsas hədəf seçərək bu böyük regionda da
Rusiyaya təzyiq göstərmək rolunu Türkiyəyə tapşırır. Bütün məsələ odur ki,
Birləşmiş Ştatlar Türkiyə-Çin əməkdaşlığına və razılaşmalarına qarşı olmaya
bilər. Nəzərə almaq lazımdır ki, Ankara bilir ki, Çin, sadəcə olaraq Türkiyə
ilə bağlı hər şeyi "yeyəcək” və yalnız Qərbin Türkiyənin arxasında olduğunu
bildiyi halda razılaşmaya gedəcək.
Başqa cür desək, Türkiyə Mərkəzi Asiya
regionunda xüsusi bir "Amerika-Çin platforması”na çevrilə, Rusiyanı oyundan
kənarda qoya bilər. KTMT və Aİİ-in üzvü olan Qazaxıstanda Türküstan adlı yeni
şəhər inşa edilir, bu şəhər artıq türk dünyasının mərkəzi elan olunub. Bu
vəziyyətdə Lavrov ABŞ-ın məğlubiyyətindən danışır və bütün bunlar, təbii olaraq
Ermənistan üçün də narahatlıq yaradır. Bunu etiraf etməmək gülməli olardı. İndi Lavrova lağ etmək vaxtı
deyil. Ermənistan ən qısa müddətdə Çin və ABŞ ilə əhəmiyyətli siyasi təmaslar
və gündəm qurmalıdır, çünki yaxın gələcəkdə Rusiya öz məğlubiyyətlərində günahlandıracaq
birini tapmağa çalışacaq. Qafqazda bu, Ermənistan idi. Rus elitasının Orta
Asiya regionunda "zəif halqa” tapmayaraq günahkar qismində yenə Ermənistan
üzərində dayanmaq qərarına gəldiyini istisna etmək olmaz”.
Nuriyev A.