• cümə, 29 Mart, 11:35
  • Baku Bakı 5°C

Erməni deputatlar Rusiya layihəsinə qarşı

14.09.17 09:15 670
Erməni deputatlar Rusiya layihəsinə qarşı
"Avrasiya İqtisadi İttifaqı Ermənistanın bütün istiqamətlər üzrə azadlıqlarını məhdudlaşdırır”. Bu qalmaqallı ittihamla Ermənistan parlamentinin "Çıxış” blokundan olan deputatı Edmon Marukyan çıxış edib. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olandan bəri ölkədə plüralizm əleyhinə mübarizə güclənməkdə davam edir. Deputat əlavə edib ki, çox tezliklə mətbuatın fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin şahidi olacağıq. "Çıxış” blokunun deputatı onu da deyib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını nəzərdə tutan parlament qətnaməsi layihəsi hazırlayıblar. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı Ermənistana heç bir mənfəət gətirməyib. Əvəzində təhlükəsizliklə bağlı problemləri dərinləşdirib, işsizliyi, siyasi izolyasiyanı gücləndirib. Onun qənaətincə, bu birliyə üzvlüyün gətirdiyi yeganə hal avtoritarizmin güclənməsi olub. Qərbyönümlü deputat onu da deyib ki, təmsil etdiyi blok Avrasiya İqtisadi İttifaqına üzvlüyün müsbət və mənfi tərəflərini araşdıracaq müvəqqəti komissiya yaradılmasını təklif edib. Onun hazırlayacağı məlumatlar sonra parlamentə təqdim olunacaq.
Beləliklə, Rusiyanın himayəsi altında qurulan Avrasiya İqtisadi İttifaqına qarşı növbəti sərt çıxış forpost Ermənistandan gəlib. Sözsüz ki, deputatın Aİİ əleyhinə çıxışı elə belə deyil və bunun arxasında hakimiyyət durur. Məsələ ondadır ki, Rusiyanın lider olduğu quruma üzv qəbul olmaqla Ermənistan hansısa bir əlavə üstünlüklər əldə edəcəyini düşünürdü, lakin bunun əksi baş verdi. Ölkə ilə əməkdaşlıq edən Qərb strukturları onunla əməkdaşlıqdan da boyun qaçırmağa başladılar. Avrasiya İqtisadi İttifaqına qarşı çıxmaqla, hətta məsələni parlamentdə qaldırmaqla hakimiyyət Rusiyaya mesaj vermək istəyi göz önündədir - daha çox güzəşt əldə etmək. Bu isə indiki halda mümkün deyil. Rusiyanın özünün problemləri kifayət qədərdir. Abxaziya, Cənubi Osetiya, Dnestyanı bölgə, Ukraynanın şərqindəki separatçı qurumların saxlanılması xeyli vəsait tələb edir. Bundan əlavə, Krımda yaradılan oyuncaq dövləti saxlamaq da büdcədən əlavə vəsaitlər ayırmağı tələb edir. Belə bir vəziyyətdə Rusiyanın ermənilərə yardım etməsi ağlabatan görünmür.
Erməni deputatın söylədiyi fikirlərə və qaldırdığı təşəbbüsə hakimiyyət reaksiya verib. Parlamentin vitse-spikeri Mikael Melkumyan hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi aktual deyil. "Başa düşmək gərəkdir ki, Rusiyada bizim 100 mindən artıq insanımız çalışır (əslində bu rəqəm bir neçə dəfə çoxdur-A.N.). Biz bu ittifaqdan çıxsaq həmin insanların problemləri üzə çıxacaq. Həm də ay ərzində ölkəmizə daxil olan 180 mln. dollarlıq transferlər necə olacaq? Onların kəsilməsi baş verərsə, şox böyük çətinlik yaşamış olarıq! Biz bu məsələni müzakirə edəcəyik. Lakin bu o demək deyil ki, yanaşmamızı dəyişəcəyik. Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına səs vermişik. Biz bu məsələlərə kompleks yanaşmanın tərəfdarıyıq. Proseslərin necə olacağı, risklər barədə danışmaq istəmirəm, lakin qəti deyə bilərəm ki, bu məsələ aktual deyil”, - deyə vitse-spiker vurğulayıb. Onun fikirləri ilə razılaşan spiker Eduard Şarmazanov bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına inteqrasiyası prosesinə yenidən baxıla bilməz. Spiker dərhal Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə və Azərbaycan tərəfindən mühasirə vəziyyətində olmalarını qabardıb. O bildirib ki, ölkənin xarici siyasət prioritetləri əvvəlki tək qalır: "Bu prioritetlər erməni-rus müttəfiqlik münasibətləri, Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü məsələləridir. Onlar nəinki yenidən nəzərdən keçirilməsi, əksinə, genişlənmə tendensiyası olması gündəmdədir”.
Lakin rəsmilərin fikirlərinə baxmayaraq, siyasi dairələrdə, mətbuatda Rusiya əleyhinə ittihamlar və məqalələrin sayı artmaqda davam edir. Bu dəfə mətbuatın hədəfi Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin olub. Səfir jurnalistlərə söhbətində Ermənistanın Aİİ-dən çıxmaq məsələsinə toxunub. O bildirib ki, Ermənistan qurumun tərkibindən çıxmaq barədə azaddır: "Lakin əhalinin böyük bir qismi bununla razı olmayacaq. Çünki, bu quruma üzvlüyün üstünlükləri var”. Erməni nəşrlərinin bu üstünlüyün nədən ibarət olduğu barədə sualına isə səfir cavab verməyib. Jurnalistlərin başqa bir sualı Rusiyanın Ermənistana silah satması ilə bağlı olub. "Rusiya Ermənistanla müharibə edən Azərbaycana silah verir. Eyni zamanda, Rusiya prezidenti Qərbi Ukraynaya silah verməkdə ittiham edir” sualına isə səfir cavab vermək istəməyib. Səfir bildirib ki, diplomatın öz ölkəsinin açıqlamalarını şərh etməsi etik cəhətdən düzgün deyil. Mövzunu davam etdirmək istəyən jurnalistə isə səfir sərt formada təpinib. Özündən çıxan səfir "sizin başqa mövzunuz varsa, gəlin, onu müzakirə edək. Bununla bağlı çox danışılıb və Rusiya tərəfi məsələ ilə bağlı dəfələrlə açıqlama verib”, - deməklə kifayətlənib. Lakin jurnalist daha sonra "Rusiya Azərbaycana silah satmaqda davam edəcəkmi” sualını verib. Səfir "Ay Allah axı siz nə istəyirsiniz məndən? Mən axı dedim bu mövzuda sizinlə danışmaq istəmirəm. Bu sualınıza cavab verməyəcəyəm. Rusiya Ermənistana da silah satıb”, - deyə səfir fikrini tamamlayıb.
Maraqlıdır ki, parlament sədrinin Aİİ-yə üzvlük dövründə ölkədə müsbət iqtisadi göstəricilərin əldə olunduğunu iqtisadçı ekspert Vaaqn Xaçatryan tam alt-üst edib. Onun sözlərinə görə, məhz ağır sosial-iqtisadi durum üzündən Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki, hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin öz nümayəndələri sərmayə yatırır.
Daha maraqlısı odur ki, Rusiyadan gələn sərmayənin də həcmi nəzərəçarpacaq dərəcədə azalıb, əvəzində isə Rusiyaya istiqamətlənən sərmayənin həcmi artıb: "Bu isə o deməkdir ki, hətta rus kapitalının da artıq Ermənistana inamı qalmayıb”.
Yaranmış vəziyyəti şərh edən başqa bir ekspert Armen Rustamyan artıq Ermənistan iqtisadiyyatının çökdüyünü bildirir: "Erməni xalqı xaricdən gələn kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin böyük əksəriyyəti yoxsulluq içindədir. Bu, çox acınacaqlı durumdur, bizim iqtisadiyyat vaxt keçdikcə daha da pisləşir. Ölkənin rəhbəri hansısa bir tədbir görməyi belə, düşünmür”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər