• cümə axşamı, 13 iyun, 05:37
  • Baku Bakı 24°C

Erməni cəmiyyəti “hürən köpəklər”miş: İrəvanda günün etirafı

28.03.23 17:45 489
Erməni cəmiyyəti “hürən köpəklər”miş: İrəvanda günün etirafı

Ermənistanda müxalifətlə hakimiyyət arasındakı qarşıdurma artıq uçuruma çevrilib. Bir tərəfdə iqtidardakı yerini qorumağa çalışan fiqurlar, digər tərəfdə həmin fiqurları devirməyə çalışan başıpozuq, lidersiz kütlə. Hər iki tərəf bir-birini təhqir edir, aşağılayır.

Ermənistanın ən populyar qəzetlərindən biri olan "Hraparak" baş nazir Nikol Paşinyana və onun komandasına qarşı kəskin, radikal müxalifət mövqeyi ilə seçilir.

Qəzetin dünənki sayında "Bəlkə sözdən işə keçək?" başlıqlı geniş məqalə dərc olunub.

Yazıda N.Paşinyan hakimiyyəti bacarıqsızlıqda, yarıtmazlıqda, qeyri-peşəkarlıqda suçlanır. Bununla yanaşı, Paşinyanın hələ də hakimiyyətdə qalmasına rəvac verən orta statistik ermənilər sərt tənqid edilir.

Müəllif Ermənistanda indi klişeyə çevrilmiş ifadələrdən, "çeynənmiş" ibarələrdən və ştamp söz birləşmələrindən bol istifadə edərək cəmiyyətdə süstlük, ümidsizlik və bədgümanlıq kimi hislərin hökm sürdüyünü vurğulayır.

Bununla yanaşı, o, baş naziri vəzifəsindən kənarlaşdırmağa çalışdıqlarını bəyan edən partiya sədrlərinin, siyasətçilərin, bloqerlərin və sairin əməldən çox sözə üstünlük verdiklərini də təəssüflə qeyd edir.

Lakin bu qeydlər etikadan kənar ifadələrlə səciyyələnir: "Hamı bilir ki, hürən it dişləməz. Bunu hakimiyyət də bilir. Bəlkə cəmiyyətimiz hürməkdən əl çəkərək sözdən işə keçsin?".

Əslində, pis müqayisə deyil.

Rəsmi Bakı 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalındakı ərazilərimizin mütləq, nəyin bahasına olursa-olsun azad ediləcəyini, silahlı işğalçıları iti qovan kimi qovacağımızı bəyan edəndə Ermənistan rəhbərliyi və mass-mediası sərt narazılıqlarını bəyan etmişdilər.

Onların fikrincə, Bakı "erməniləri itə bənzədirdi".

Halbuki, əsla belə deyildi və ola da bilməzdi.

Azərbaycan əsgəri vətənimizin 20 faizini işğal etmiş erməni hərbçilərini, Ermənistan vətəndaşı olan əsgər və zabitləri məhz iti qovan kimi qovacağını dedi, sözünə əməl edərək etdi də.

Çünki 30 illik işğal zamanı Ermənistan generalları, zabitləri, iş adamları, siyasətçiləri, habelə, müxtəlif ölkələrdən gətirilərək həmin vaxtlarda İrəvanın kontrolundakı ərazilərimizdə məskunlaşdırılmış ermənilər özlərinin belə səciyyələndirilməsi ilə razılaşmışdılar.

Ermənistanın müdafiə naziri və baş naziri olmuş Vazgen Sarqsyan 1997-ci ildə Xankəndiyə növbəti səfərlərindən birində demişdi: "Biz ideyalarımıza köpək kimi sədaqətliyik. Biz nəzarətimizdə olan əraziləri köpək inadı ilə qoruyacağıq".

Həmin dönəmdə heç bir erməni Vazgen Zavenoviçə etikadan çox uzaq təşbehinə görə iradını dilə gətirməmiş, bənzətmənin yolverilməz olduğunu deməmişdi.

Tam əksinə, ermənilər o ifadəni indi də "qətiyyət və mərdlik göstəricisi sayılan iqtibas" kimi istifadə edirlər.

"Hraparak"ın da müqayisəsinin forması və ya stilistikası yox, məzmunu önəmlidir.

Bəhs etdiyimiz yazı Ermənistanın daxili siyasətinin "lakmus kağızı" da sayıla bilər.

İrəvandakı müxalifət partiyaları arasında parçalanmanı və xaotik vəziyyəti erməni siyasətçilərin istisnasız olaraq hamısının kənardan idarə edilməsi daha da ağırlaşdırır. ABŞ, Rusiya, İran, Fransa ilə yanaşı, son vaxtlar erməni siyasi təşkilatlara Hindistan və Yunanıstan da maliyyələr ayıraraq idarəetmə vasitələrinə yiyələnməyə can atırlar.

Müşahidə olunan vəziyyətsə Nikol Paşinyanın mövqelərini daha da möşkəmləndirir, çünki o, müxalifət düşərgəsindəki dağınıqlıqdan və parçalanmalardan məharətlə istifadə edir, intriqaların sayını artıraraq potensial rəqiblərini daha da zəiflədir.

İstənilən halda, "Hraparak" qəzetinin erməni cəmiyyətini hürən köpəklərə bənzətməsi qeyri-etik demarş olsa da, beynəlxalq hüquqda "ens realissimum" ("ən gerçək mahiyyət") sayıla bilər.

Trend

banner

Oxşar Xəbərlər