• cümə axşamı, 28 mart, 13:27
  • Baku Bakı 16°C

Erməni baş nazir BMT-dəki çıxışında özünü ifşa etdi

26.09.20 16:00 556
Erməni baş nazir BMT-dəki çıxışında özünü ifşa etdi
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı ilə özünü və təmsil etdiyi dövlətin siyasətini bütün dünyada rüsvay etmiş oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Paşinyanın belə uğursuz çıxış edəcəyi əvvəlcədən proqnozlaşdırılan məsələ idi: "Çünki Azərbaycan əleyhinə çıxış edərkən çox ciddi səhvlərə yol verir və eyni zamanda yalan, iftira ilə dolu fikirləri beynəlxalq ictimai fikirə sırımaq istəyir. Lakin bu heç bir nəticə vermir. Uzağa getməyək, elə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə debatında onun siyasi baxımdan nə qədər səriştəsiz və bacarıqsız olduğu üzə çıxdı və Azərbaycan Prezidenti sözün həqiqi mənasında Paşinyana həm tarix, həm hüquq, həm də siyasi dərs verdi”.
Deputat vurğulayıb ki, Paşinyanın BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışının uğursuz olmasının əsas səbəbi odur ki, Paşinyanın manipulyasiyası küçədə effektli olsa da, beynəlxalq ictimaiyyət qarşısında bir o qədər səmərəsiz olur:"Paşinyan heç bir arqumentə və fakta söykənmədən boş-boş və əsassız ittihamlarla çıxış edir və bütün çıxışında özü özünü təkzib etmiş olur. Məsələn, çıxışında BMT-nin dəyərlər sistemindən danışarkən o vurğulayır ki, heç bir halda dövlətlər bir-birilərinə münasibətdə güc ilə hədələmək və güc tətbiq etmək siyasətinə yol verməməlidir. Onda belə çıxır ki, Paşinyan rəhbəri olduğu dövlətin siyasətini tənqid edir. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məhz güc tətbiqi ilə olub və həm iyul ayında Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribatlar və avqust ayında diversiya təxribatı da məhz elə güc tətbiqini özündə ehtiva edir və bu baxımdan onun fikri beynəlxalq ictimaiyyətdə yalnız acı istehza doğurur.
Çıxışında Paşinyan həmçinin qeyd edir ki, İkinci Dünya Müharibəsində faşizmin üzərində qələbənin nəticəsi olaraq BMT formalaşdı. Çox qəribədir ki, faşizm üzərində qələbədən və BMT-nin yaradılmasından danışan Paşinyan öz ölkəsində faşizmin qəhrəmanlaşdırılması siyasətini həyata keçirir və faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaragen Nijdeyə 6 metrlik heykəl qoyur, erməni terrorçularını milli qəhrəman elan edir.
Bütün bunlar onu göstərir ki, Paşinyan nə qədər əsassız, heç bir tənqidə dözməyən, absurd, populist fikirlərə müəlliflik edir. O eyni zamanda yalanının səviyyəsini pik nöqtəyə çatdıraraq Azərbaycan Silahlı Qüvvələrini ermənilərin özlərinin törətdiyi iyul təxribatında ittiham edir. Halbuki iyul təxribatının müəllifi Paşinyan özüdür, eyni zamanda avqust ayında baş vermiş diversiya təxribatının da müəllifi özüdür, müharibəyə hazırlaşan və mülki insanlardan xüsusi hərbi hissələr yaradan da özüdür, işğal etidkləri Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimdə qondarma "seçkilər” keçirib Azərbaycanın işğal edilmiş Şuşa şəhərində qondarma "andiçmə mərasimi” keçirən də özüdür və bütün davranışları ilə müharibəni labüd edəcək addımlar atan da özüdür. Lakin beynəlxalq ictimaiyyətin gözünə kül üfürür və yenidən onu aldatmaq istəyir. Ancaq bunların heç biri nəticə verməyəcək”.
E.Nəsirov vurğulayıb ki, Paşinyanın çıxışında onun nə qədər Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının yüksək inkişaf etmiş səviyyəsindən narahat olduğu və hətta vahimə keçirdiyi diqqətdən yayınmır:"Paşinyan Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olduğunu bildirir və Türkiyəni yenidən qondarma "erməni soyqırımı”nda ittiham edir. Bütün bunlar bir daha ona dəlalət edir ki, artıq Ermənistan baş nazirinin deməyə sözü qalmayıb, hər yalanı və iftirası ilə özü özünü ifşa edir, özünü ifşanın klassik nümunəsini ortaya qoyur.Ancaq Azərbaycan Prezidentinin məntiqə söykənən, faktlara, arqumentlərə əsaslanan çıxışı fonunda Paşinyanın sadaladığı yalanlar sabun köpüyü effekti verir”.
banner

Oxşar Xəbərlər