• şənbə, 27 Aprel, 09:15
  • Baku Bakı 12°C

Ermənilərin Paşinyandan gözləntiləri puç olur

13.12.18 16:30 640
Ermənilərin Paşinyandan gözləntiləri puç olur
Ermənilərin "məxməri inqilab” kimi qələmə verdikləri, əslində isə dövlət çevrilişi cəhdindən başqa bir şey olmayan hakimiyyət dəyişikliyi növbədənkənar seçkilərlə sona çatdı. Mütləq hakimiyyətini reallaşdıran Nikol Paşinyan indi verdiyi populist vədləri yerinə yetirməlidir. Gözlənildiyi və proqnoz edildiyi kimi, Paşinyan seçkilərdə mütləq və təkbaşına hakimiyyətini formalaşdırmış oldu. Məsələ ondadır ki, sadə ermənilərdə artıq əvvəlki intuziazm qalmayıb. İnsanlar tədricən anlamağa başlayır ki, əvvəlki hakimiyyətlə indiki mahiyyətcə bir-birini təkrarlayır. Və maraqlıdır ki, bu qənaəti Rusiya və yaxud erməni müxalifəti deyil, Qərbin aparıcı nəşrlərindən biri yazır. BBC-nin apardığı qənaət bunu deməyə əsas verir. Materialda qeyd edilir ki, bu seçkilər inqilabın təsbit olunmasına xidmət edib və müəyyən mənada, onu bitmiş hesab etmək olar. "Faktiki olaraq, Paşinyan artıq sabiq hakimiyyətlə dava etməyən bir liderə çevrilməlidir” - deyə təhlilçi Samvel Martirosyan deyir. "Formal olaraq, yeni parlamentdə mandatların üçdə birindən çoxu Paşinyanın partiyasının rəqiblərində olacaq. Lakin onları ciddi müxalifət adlandırmaq olmaz”, - deyə təhlilçi qeyd edir.
"Çiçəklənən Ermənistan”ın bir çox üzvü iri biznes sahibləridir və istənilən hakimiyyətlə açıq qarşıdurmadan həmişə çəkinirlər”, - deyə Qafqaz İnstitutunun elmi işçisi, politoloq Qrant Mikaelyan qeyd edir. "Bəzi Yerevan sakinləri etiraf edirlər ki, yazda dinc inqilabı və etiraz hərəkatını dəstəklədiklərinə baxmayaraq, ümidləri doğrulmayıb. "Sadə adamlar üçün heç nə dəyişməyib, biz keçmiş məmurlardan canımızı qurtarmaq istəyirdik, bunların isə heç təcrübəsi yoxdur”, - deyə adının açıqlanmasını istəməyən Yerevanda kiçik biznes sahibi olan sakinlərdən biri deyir. "İnqilabla bağlı, ölkədə müəyyən məyusluq doğrudan da hiss olunur və bu, bir qədər də Paşinyanın inqilabdan əvvəlki vədlərindən daha çox, insanların gözləntiləri ilə bağlıdır. O, gəlirlərin ikiqat artacağını vəd etməyib, cəmiyyətdə isə belə ümidlər mövcud olub”, - deyə politoloq Qrant Mikaelyan hesab edir. "İnsanlar düşünürdülər ki, Ermənistan Fransa kimi yaşamalıdır və maaşlar 3000 dollar olmalıdır. Əgər maaş 3000 dollardırsa, o zaman onun 2700 dollarını Respublika Partiyası yeyir. Odur ki, Ermənistan Respublika Partiyası hakimiyyətdən kənar edilsə, bu 2700 dollar insanlara qalar. ERP hakimiyyətdə deyil, insanlara isə hələ də həmin 2700 dolardan heç nə çatmayıb. Və bu yaşayış səviyyəsinin radikal və prinsipial dəyişməsi ləngidikcə, insanlarda məyusluq daha da artacaq”, - deyə Mikaelyan əlavə edir.
Erməni mediası isə ölkədə seçkilərdən sonrakı xaotik vəziyyətdən bəhs edir. Məsələn, "Jamanak” qəzeti yazır ki, ölkənin cəzaçəkmə müəssisələrində tam xaos hökm sürür. "Yeni Ermənistanda cəzaçəkmə müəssisələri ətrafında müəyyən qruplaşmalar formalaşıb. Onlar iri məbləğdə pullar qazanır, məhkumlara alkoqol, narkotik və qida çatdırırlar. Müəssisələrin tabe olduğu nazirliyin aparatı isə öz növbəsində məhkumlarla əməkdaşlıq edərək pul qazanırlar. Bir sıra məhbuslar cəzaçəkmə müəssisələrinin əməkdaşlarına pul verirlər ki, kameraların qapısı açıq qalsın. Əgər bu proses davam edərsə, Ermənistan regionda, hətta dünyada ən liberal həbsxanalara malik dövlət kimi tanınar”, - deyə nəşr yazır. Qəzetdə dərc olunan başqa bir materialda isə bildirilir ki, yeni hakimiyyət kriminal avtoritetlərlə sıx əməkdaşlığa başlayıb. Məhz bu sıx əməkdaşlıq nəticəsində Çexiyada eks-prezident Serj Sarkisyanın yaxın qohumu Narek Sarkisyan aşkar olunub. Qeyd edilir ki, beynəlxalq hüquq-mühafizə təşkilatları ilə sıx əməkdaşlıq edilsə də, sonda Narek Sarkisyanın harada gizləndiyini "Zap” ləqəbli kriminal avtoritet Andranik Soqoyan deyib.
Başqa bir nəşr - "Lragir.am” isə bir qrup hərbçinin Nikol Paşinyana biabırçı bir müraciət ünvanlamasından bəhs edir. Ondan, ac uşaqları üçün 10 min dram oğurlamaqda şübhəli bilinən qadının əfv olunmasını xahiş ediblər. Hərbçilər bildirirlər ki, onların iş yoldaşları bir müddətdən sonra evə buraxılacaq və onlar istəmirlər ki, dostları evə dönəndə ana və bacısının evdə olmaması ilə üzləşsinlər. Birdə ki, heç ev də yoxdur, ailə kirayədə qalır. Nəşr yazır ki, hərbçilərin açıq məktubu yeni Ermənistanın təzahürüdür. Uzun illər ordu oğru qanunları ilə idarə olunub. Ermənistandakı inqilab oğru və kriminal avtoritetləri silkələyib və onlar artıq metastaz kimi orduya yayılıb.
Materiallarda Rusiya da hədəfə alınır ki, bu da xarici siyasətin iflasa sürükləndiyini, xaosun olduğunu göstərir. Məsələn, "ArmenianReport” saytı Rusiyanı hədəfə alan sərt məqalə ilə çıxış edib. "Rusiya Ermənistanın işlərinə burnunu soxmaqda davam edir. İndi birbaşa deyil, hədələr, Rusiyada hər addımbaşı rast gəlinən hər növ açıq siyasi şərəfsizlər vasitəsilə edilir. Burada qeyri-adi nəsə yoxdur. Belələrindən biri politoloq Stanislav Tarasovdur. Bu, həmin şəxsdir ki, bu yaxınlarda Yerevanda keçirilən və heç kimə lazım olmayan "Lazarev klubu”nun iclasında iştirak edib”, - deyə materialda vurğulanır. Xüsusi qeyd edilir ki, bu şəxs axmaq və boşboğazlıqlarla dolu fikirlər səsləndirir. "Rusiyalı politoloq bildirib ki, vəziyyət gərgindir. Yeni inqilabçı parlament cəmiyyətin dəstəyini qazanmayacaq. Sonra isə belə bir sualla çıxış edir – nə üçün əhalinin iştirak faizi aşağı idi? Əlavə edir ki, elektoratın narazı hissəsi ümumiyyətlə, seçkidə iştirak etmədi. Nə üçün iştirak etmədi? Çünki inqilabdan gözləntiləri özünü doğrultmayıb. Mənim qənaətimcə, inqilab baş verməyib, sadəcə, dövlət çevrilişi idi”, - deyə sayt Tarasovun sözlərini sitat gətirib.
"İzvestiya” nəşri isə Paşinyanın mütləq hakimiyyət qurmasından bəhs edib. "Onun əlində nəinki hökumət, meriya və Yerevan şəhər şurası, eləcə də parlament çoxluğu cəmləşib. Bu da ona, istənilən qanunu keçirməyə, konstitusiyanı dəyişməyə imkan verir. Lakin seçkilərin nəticələri bir sıra problemləri üzə çıxarmış olub. Ən birincisi, seçicilərin az sayda seçkilərə qatılması. Bundan əlavə Paşinyana dəstək əvvəlki kimi deyil. Məsələn, əgər Yerevan Ağsaqqallar Şurasına seçkilərdə onun "Mənim Addımım” bloku 80 faiz səs toplamışdısa, parlament seçkilərində bu rəqəm 70 faizə yaxın oldu. Üç ayda bu qədər azalma ciddi məsələdir. Beləliklə, "xalq namizədi”nin populyarlıq piki aşağı düşüb. Ənənəvi olaraq, Rusiya mediası da Ermənistanın hazırkı hakimiyyətini hədəfə alıb. Məsələn, "Rosbalt” Paşinyanın qələbəsini "Pirr qələbəsi” kimi xarakterizə edib. Nəşr Paşinyana olan dəstəyin azalmasını seçicilərin yeni hakimiyyətin terror siyasətinə cavabı kimi qiymətləndirir: "Parlament seçkiləri bir şəxsin - Paşinyanın hakimiyyətini möhkəmləndirmiş oldu. Bütün bunlar ölkədə siyasi böhranı, sosial-iqtisadi vəziyyəti dərinləşdirmiş olacaq. Bu da Ermənistanın xarici siyasət münasibətlərinə təsirsiz ötüşməyəcək”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər