• cümə, 26 Aprel, 19:40
  • Baku Bakı 22°C

Erkən azərbaycançılığın arxetipik izləri

23.01.19 09:15 567
Erkən azərbaycançılığın arxetipik izləri
Bəşər sivilizasiyasının inkişafında milli ideologiyaların yaranması, əsasən, XIX əsrə təsadüf edən tarixi hadisədir. Həmin çağdan etibarən müəyyən dövlətlərin və siyasi müstəqilliyə can atan xalqların və cəmiyyətlərin milli ideologiyaları müxtəlif səviyyələrdə və müxtəlif şərtlər əsasında formalaşmağa başlayır. Lakin bu prosesdə həlledici bir amilə diqqət yetirilməlidir: belə ki, əgər ideologiyalar "yuxarıdan”, hər hansı bir siyasi iradənin hökmü ilə qurulur və kütlələrə diktə edilirsə, onun sonrakı taleyi və nüfuzu sual altında qalır, tamam başqa bir hakimiyyət tərəfindən rədd edilmək hallarını daşıyır. Yox, əgər ideologiyalar milli düşüncənin, xalq mənəviyyatının, doğma mədəniyyətin dərin köklərindən qaynaqlanırsa, təbii ki, onun asanlıqla aradan qalxması qeyri-mümkün olur, əksinə, maneələrlə qarşılaşdıqca müqavimət gücünü artırır, möhkəmlənir və mübarizə potensialını toplayaraq, millətin hər hansı bir situasiyada təşəkkülünün ideya-siyasi əsaslarını yaradır. Bax, bu gün bizim azərbaycançılıq ideologiyasının tarixən formalaşması məhz belə bir prosesin nəticəsi olaraq meydana çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Bədii təfəkkürdə erkən azərbaycançılıq düşüncəsi” kitabı bu gün Azərbaycan xalqının birləşdirici ideologiyası olan azərbaycançılığın bizim bədii mədəniyyətimizdə tarixən təşəkkül tapmasının ideya-estetik əsaslarının öyrənilməsinə həsr edilmişdir.
Azərbaycan xalqının milli-mənəvi varlığı ən dolğun şəkildə onun ədəbiyyatında, özü də uzun əsrlər boyu inkişaf edib yetkinləşən bir sürəcdə əksini tapmışdır. Ədəbiyyatdan xalqın həyat praktikasına dönüşündə artıq müəyyən bədii-estetik biçim almış mənəvi dəyərlər mədəniyyət xəzinəsində özünə yer alır və zaman-zaman buradan milli düşüncəyə süzülərək onu qidalandırır. Xalqımızın həyatından onun ədəbiyyatına, ədəbiyyatından onun həyatına doğru hərəkətin aramsızlığı bizim milli mənəviyyatımızın və mədəniyyətimizin bütövlüyünü, varisliyə ehtiram duyğusunu yaradan ən başlıca keyfiyyətdir ki, professor Məmməd Əliyevin tədqiqatında məhz həmin keyfiyyətin formalaşması prosesinin genezisi diqqətlə öyrənilir, onun əsas istiqamətləri və təzahür xüsusiyyətləri araşdırılır.
Təbii iki, burada öncə xalqın bədii-estetik dünyagörüşünün təşəkkülünün beşik dövrünə – folklor mədəniyyətinə baxılır. Tədqiqatçı-alim Azərbaycan folklorunu erkən azərbaycançılığın bədii, dini-fəlsəfi və tarixi təzahür forması kimi araşdırmaya cəlb edir. Mifi erkən azərbaycançılığın ilkin dərketmə forması və mənbəyi kimi səciyyələndirən müəllif onu – azərbaycançılığı rüşeym halında özündən doğuran, sonrakı nəsillərə ötürən ilkin qaynaq və mənbə olaraq təqdim edir. Azərbaycan xalq şeirinə – mövsüm və mərasim nəğmələrinə istinad etməklə folklor düşüncəsində təbiət, yurd və ulus sevgisini, doğma dili poetikləşdirərək onu daha optimal özünüifadə şəklinə salmaq enerjisini və bədii idrakın təşəkkülünün bu başlanğıc mərhələsində ilkin görsənişləri ilə bəlli olan erkən azərbaycançılığın arxetipik laylarını üzə çıxarır. Çünki həqiqətən də, ideologiyanı dövlətin və cəmiyyətin idarə olunmasına doğru təkamül edən fikir və fəaliyyətlərin sistemləşməsi kimi qəbul etsək, o zaman həmin vəzifəni mifin, mərasimin yerinə yetirdiyini bütün aydınlığı ilə görə bilərik. Yenicə formalaşmağa başlayan Azərbaycan ulusunun da rüşeym şəklində cücərən ideologiyası da məhz mifdə əks olunurdu. Yəni mif arxaik düşüncəyə və həyata çox güclü şəkildə təsir edən və onu stimullaşdıran bir vasitə kimi sonralar özünəməxsus quruluş alacaq milli ideologiyanın erkən idarəetmə funksiyasını daşımışdır. Ən qədim dini-ideoloji şüur qatlarını özündə əks etdirən "Avesta”nı tədqiqatçı məhz onun belə epik və mifoloji semantikasını aşkar edərək dəyərləndirir.
Bu kontekstdən yanaşmada nağıllarımızdakı erkən azərbaycançılıq düşüncəsinin izlərini də görmək mümkün olur. Məsələn, "Tapdıq” nağılındakı mifik-kosmoqonik düşüncə tərzi, tərəflər arasında çarpışma və mübarizə "Avesta”da qoyulan başlıca ideyanın – Xeyrin Şər üzərində qələbəsinin təntənəsi timsalında açılır. Hətta yunan mifologiyasına görə, insan (homo sapiens) əcdadlarının həyatına, dünya tarixinin başlanğıc məqamlarına səhnə olmuş Qaf və ya Qafqaz bölgəsində yerləşən Azərbaycan bir çox qədim mənbələrdə "Huristan” (pərilər, mələklər yurdu), cənnət adlandırılmışdır ki, bu diyar və onun insanları nağıllarımızda da füsunkar gözəlliklərin təcəssümü, həm də macəra və rəvayətlərin məskəni kimi əksini tapmışdır. Vətənin mifik, epik, kosmoqonik düşüncədə ideallaşdırılması ona sevginin əbədiləşməsi ruhunu yaşatmışdır ki, tarixin hər hansı bir dönəmində nələr dəyişsə də, məhz o ruh dəyişməz qalır. Hətta din və dünyagörüşü, dövlətlər və siyasi təsisatlar nə qədər transformasiyalara uğrasa da, vətən sevgisi milli ideologiyanın cövhəri və nüvəsi kimi xalqın varlığında daim yaşayır və onu yaşadır.
Professor Məmməd Əliyev belə bir paradiqmadan çıxış edərək, milli ədəbiyyatımızın sütun abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanlarını vətən əxlaqı şüurunun formalaşması, Azərbaycan dövlətçiliyi ideologiyasına təməl yaradılması baxımından təhlil edir. Göstərir ki, bu eposun başlıca ideyası, məntiqi nəticəsi hər zaman Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyət daşımışdır: ölkəni və ulusu qorumağın başlıca şərti daxili çəkişmələrə, qarşıdurmalara və xəyanətlərə son qoyaraq ümummilli vəhdətə nail olmaqdır. Epos xalqın həyatında dəyişiklik yaradılması zərurətini doğuran bir tarixi epoxanın ictimai-psixoloji mahiyyətini açır: artıq köhnə patriarxal qaydalara, cəngavər dominantlığına və mütləq iyerarxiyaya söykənən ulusal quruluş oğuz elini yarıtmır, əgər müasir azərbaycanlıların etnogenezisində həlledici rol oynayan oğuzlar etnik bütövlüklərini qorumaq şərtilə yeni bir ictimai-siyasi sistemə keçmək istəyirlərsə, onda gərək münasibətlərində təkcə qan qohumluğu ilə məhdudlaşmayan daha geniş miqyaslı birlik və bərabərlik məqsədlərinə çatsınlar. Əlbəttə, məhz həmin məqsədlərin həyata keçirilməsi ilə mərhələ-mərhələ Azərbaycanın tarixi ərazisində ulus – xalqa, xalq – millətə, yurd – vətənə, vətən – dövlətə, ideya – ideologiyaya, yəni Azərbaycana sevgi – azərbaycançılığa çevrilmişdir!
Ədəbiyyatımızın ikinci möhtəşəm epik abidəsi olan "Koroğlu”da isə erkən azərbaycançılıq düşüncəsi həm daxili ədalətsizliyə, həm də yadelli işğalçılara qarşı mübarizə motivində daha da güclənir və ideyanın bu şəkildə inkişafı xalqımızın son yüzilliklərdə yaratdığı, milli-azadlıq hərəkatına aparan yolun başlanğıcı kimi dəyərləndirilən "Qaçaq Nəbi” və "Qaçaq Kərəm” dastanlarında başa çatır. Sanki Qaçaq Kərəmin (1860-1909) həyat və mübarizəsinin bitməsi ilə yeni bir dövr başlayır: Azərbaycanda maarifçilik və demokratiya toxumları da əkilərək bar verir, müstəqillik hərəkatı yüksək demokratizm idealları ilə doğulur və sırf milli ideologiyanın daşıyıcısı olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına təməl qoyulur.
Milli-ideoloji düşüncənin təşəkkülünü Azərbaycan ədəbiyyatının folklor qatından ta yeni dövr ədəbi məktəb və cərəyanlarının yarandığı zamanadək izləyən bu tədqiqat əsərində, təbii ki, bizim klassik bədii fikrimizdə də onun hansı mərhələlərlə inkişaf etməsi diqqət mərkəzində dayanmışdır. Professor Məmməd Əliyev kitabının bu hissəsində Azərbaycan klassik ədəbiyyatı yaradıcılarının – Nizami Gəncəvi, Qətran Təbrizi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Əbubəkr ibn Xosrov əl-Ustadi, Nəsrəddin Tusi, Əvhədi Marağalı, Hümam Təbrizi, Arif Ərdəbili, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqalarının poetik-fəlsəfi dünyagörüşünün dərinliklərinə enərək, ümumşərq ənənələri ilə vəhdətdə təkamül edən yazılı ədəbiyyatımızda erkən azərbaycançılıq düşüncəsinin necə əks olunması probleminə aydınlıq gətirir. Burada müəllif doğru olaraq Azərbaycan Səfəvi dövlətini yaradan və klassik ədəbiyyatla Azərbaycan xalq şeirini vəhdətə gətirən Şah İsmayıl Xətainin yaradıcılığında erkən milli ideologiyamızın artıq dönməz şəkildə möhkəmləndiyi qənaətini irəli sürür.
Göründüyü kimi, professor Məmməd Əliyev "Bədii təfəkkürdə erkən azərbaycançılıq düşüncəsi” adlı dəyərli kitabı ilə indiyədək araşdırılmamış və ya az toxunulmuş bir mövzunu müasir dövrümüz üçün olduqca aktuallıq kəsb edən tərzdə tədqiqata cəlb etməklə ədəbiyyatşünaslığımıza yenilik gətirmiş, bu istiqamətdə yeni yanaşma metodları ilə daha konseptual əsərlərin meydana çıxmasına zəmin yaratmışdır.
Bu gün azərbaycançılıq – suveren Azərbaycan Respublikasının dövlət səviyyəsində dərk olunan milli ideologiyasıdır. O, həm də təkcə ölkəmizdə deyil, bütün dünyada azərbaycanlıları birləşdirən bir seqment-ideologiyadır ki, müstəqilliyimizin başlanğıcından daha da möhkəmlənməkdə, milli təhlükəsizliyimizin qarantı olmaqda, bütün fəaliyyətlərimizin mərkəzində dayanmaqdadır. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, o öz siyasi fəaliyyətində planetin tarixində çox dərin iz qoymuş, bu tarixin inkişafında yönəldici təsirlər göstərmiş türklərin klassik dövlətçilik ənənələri ilə onların bir hissəsinin məskunlaşdığı Azərbaycandakı dövlətçilik ənənələrini birləşdirə bilmişdir. Heydər Əliyevin dünya azərbaycanlılarının konsolidasiyası, milli birliyi uğrunda mübarizəsi və məqsədyönlü fəaliyyəti müstəqil Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılan strateji istiqamətə çevrilmişdir.
Heydər Əliyev təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının lideridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin milli dövlətlə yanaşı, həm də milli ideologiya quruculuğunda prioritetlərini dəqiq müəyyən edir: "Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi” (Prezident İlham Əliyev və mədəniyyət. 2 cilddə, II cild, Bakı, İdeal-Print, 2008, s.14). Həqiqətdir. Tarixdə ilk dəfə olaraq məhz iyirminci əsrin sonu – iyirmi birinci əsrin əvvəllərində Heydər Əliyevin daha da inkişaf etdirərək müasirləşdirdiyi azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının qlobal konsolidasiyası mümkün olmuş və onların Vətən naminə birləşmək, fəaliyyət göstərmək səylərinə Azərbaycan Respublikasından start verilmişdir. Artıq indi azərbaycançılıq ideologiyası nüvəsində milli mədəniyyət düşüncəsinin formalaşması prosesi özünün ən yüksək səviyyəsində başa çatmışdır. Bu gün azərbaycançılıq – milli əxlaqın norması statusundadır. Professor Məmməd Əliyevin tədqiqatı ona görə əhəmiyyətlidir ki, alim burada azərbaycançılığı onun erkən formalaşma çağından yetkin milli ideologiyaya çevrilməsi zamanınadək keçdiyi inkişaf yolunun ümumi kontekstində – məhz bədii ədəbiyyatımızda qazandığı keyfiyyətlər kompleksini üzə çıxararaq öyrənməyə nail olmuşdur.
Rahid Ulusel
banner

Oxşar Xəbərlər