Ərincəkliyin yaratdığı natəmizlik - SOSİAL
1015
19 mart 2022 | 09:30
Sanki
terminalların yanına "lazımsız qəbzləri zibil qutusuna atın” xəbərdarlığını
edən lövhə qoyulmasa, insanlar nə etməli olduqlarını bilməyəcəklər. Məsuliyyəti
anlamaq üçün həmişə yolgöstərici nişan olmalıdır məgər? Və həqiqətənmi, cəmiyyəti bir qəbzə görə də
maarifləndirmək lazımdır?
Əhalinin
rahatlığının təmin edilməsi məqsədi ilə yaşayış məntəqələrinin yaxınlığında,
marketlərdə, iri ticarət mərkəzlərində ödəmə terminalları quraşdırılıb. Rahatlıq
təmin edilir, lakin terminalın ətrafında yaranan mənzərə ürəkaçan deyil. Məlumdur
ki, terminal ödənişi təsdiq edən qəbz verir. Qəbzlərin zibil qutusuna deyil,
yerə atılması nəticəsində aparatların ətrafında "qəbz təpəcikləri” yaranır. Belə
mənzərənin yaranmasının bir səbəbi insanların səhlənkar davranışıdırsa, digəri
isə aparatların yanında zibil qutularının olmamasıdır. Nəticədə, ətrafın
çirkləndirilməsi ilə yanaşı, təmizlik işini görənlərin də üzərinə ikiqat yük
düşür. Bəs bu problemin həlli nədir? Kimdir müqəssir? Ödəmə terminalının
rəhbərliyi, həmin əraziyə nəzarət edənlər, yoxsa qəbzləri yerə atan insanlar?
"Buna görə icarə pulu ödəyirik”
Ödəmə
terminallarından birinin marketinq üzrə aparıcı mütəxəssisi Ayşən Həsənova "Kaspi”yə
açıqlamasında bildirib ki, terminalların hər birinin yanına zibil qutusu
qoyulur: "Artıq ödəmə terminallarının çoxu qapalı məkanlarda, əsasən, ticarət
mərkəzlərindədir. Hər bir terminalın yanında qəbzlərin tullanması üçün zibil
qutusu qoyulub. Biz bu səbəbləri də nəzərə alaraq, açıq məkanda ödəmə
terminallarının yerləşdirilməsinə üstünlük vermirik. Çox az hallarda açıq
məkanda terminal quraşdırırıq. Çalışırıq ki, böyük mağazalar şəbəkələrində
ödəniş terminalları yerləşdirək, hansı ki, həmin yerlərdə gündəlik təmizləmə
işləri aparılır, atılan qəbzlər yığışdırılır. Buna görə
mağazalara icarə pulu da ödəyirik. Qəbzlərin yerə atılması, ətrafın
çirkləndirilməsi kimi hallarla qarşılaşanda, dərhal bizə müraciət edə
bilərsiniz. Biz də həmin əraziyə gedib problemin həll yolunu tapmağa çalışarıq”.
"Hər
terminalın yanına zibil qutusu qoyulsa...”
Sosial
ekspert İlqar Hüseynli ətrafın çirkləndirilməsi
probleminin əvvəlki illərlə müqayisədə yaxşılığa doğru xeyli dəyişdiyini bildirir:
"Etiraf etmək lazımdır ki, Bakı şəhərinin əksər yerlərində, prospektlərdə şəhər
təsərrüfatının idarə olunmasında ətrafın çirkləndirilməsi problemi əvvəlki
illərlə müqayisədə yaxşıya doğru dəyişib. Ödəmə terminalları insanlara xidmət
etmək üçün quraşdırılır. Hər terminalın yanında zibil qutusu qoyaraq, insanlara
normadan artıq şans vermiş oluruq. Çünki hər terminalın yanına zibil qutusu qoyulsa,
bunun özü də zibillik yaradır, estetik görüntünü korlayır”.
"Zəhmət
çəkib qəbzləri özünüzlə götürün”
Həmsöhbətimiz
"qəbz təpəcikləri”nin yaranmasında günahı vətəndaşlarda görür: "Qəbz hər bir
insana lazımdır. Elə bir problem yaranar ki, qəbzsiz həll edə bilməzsiniz. Qəbz,
ödəməni təsdiq edən sənəddir. İnsanlar ödəmə terminallarından istifadə etdikdən
sonra zəhmət çəkib qəbzləri özləri ilə götürməlidirlər”.
İlqar Hüseynli deyir ki, bununla bağlı
vətəndaşlar maarifləndirilməlidir: "Qəbz götürülməlidir, qəbz yerə tullamaq
üçün deyil. Terminalın yanında hər hansı lövhə qoyula bilər ki, insanlar
oxusunlar və bilsinlər ki, qəbzləri yerə atmayıb, özləri ilə götürməlidirlər”.
Yumoristik
nəticə
Elə
nəticə çıxır ki, insanlar qəbzləri yerə yox, zibil qutusuna atmağa ərinirlər.
Sanki terminalların yanına "lazımsız qəbzləri zibil qutusuna atın” xəbərdarlığını
edən lövhə qoyulmasa, insanlar nə etməli olduqlarını bilməyəcəklər. Məsuliyyəti
anlamaq üçün həmişə yolgöstərici nişan olmalıdır məgər? Və həqiqətənmi, cəmiyyəti bir qəbzə görə də maarifləndirmək
lazımdır?
Nuray
KAMAL