• cümə, 19 Aprel, 10:00
  • Baku Bakı 13°C

Ərdoğanla Baydenin Qarabağ söhbəti

11.06.21 16:00 389
Ərdoğanla Baydenin Qarabağ söhbəti
"ABŞ-ın əsas niyyəti Cənubi Qafqazda kommunikasiyanın bərpasında iştirak etmək, prosesdən pay götürməkdir”
Qarabağ münaqişəsindən sonra yeni kommunikasiya layihələrinin açılması və bunun üçün də bölgədə təhlükəsizliyin vacibliyi diqqət mərkəzindədir. Dünyanın aparıcı ölkələri isə bölgədə maraqlarının təmin olunması üçün müxtəlif istiqamətli açıqlamalar verir, öz niyyətlərini bəyan edirlər. Heç təsadüfi deyil ki, ABŞ da münaqişədən sonra özünü təcrid edilmiş oyunçu qismində görür. Lakin bütün imkanlardan istifadə edərək yenidən bölgədə söz sahibi olmaq arzusunu da gizlətmir. Elə bu günlərdə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın da verdiyi açıqlama diqqət çəkib. O qeyd edib ki, ABŞ prezidenti Co Bayden NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Onun sözlərinə görə, dövlət başçılarının görüşündə Dağlıq Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.
Bəs görəsən ABŞ və Türkiyə prezidentləri Qarabağla bağlı hansı aspektdə, hansı maraqlar çərçivəsində fikir mübadiləsi aparacaqlar?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, Türkiyə və ABŞ-ın maraqlarına uyğun şəkildə Qarabağ müzakirələri aparılacaq: "Biz ümid edək ki, Türkiyənin maraqlarına həm də Azərbaycanın maraqlarını müdafiə etmək daxildir. Onu qeyd edim ki, ABŞ-ın başı öz daxili məsələlərinə qarışıb. Bilirsiniz ki, son prezident seçkiləri amansız siyasi mübarizə şəraitində keçmişdir. Trampı zor-bəla hakimiyyətdən uzaqlaşdıra bildilər. Qeyd edim ki, Bayden administrasiyası, hələlik oturuşmayıb. Bu administrasiyanın öz siyasi kursu müəyyənləşməlidir. Baydenin Putinlə görüşündən sonra birinci mərhələ iş görüləcək. Ondan sonra növbə Avropaya, Çinə gəlir. Yəni Azərbaycan bu məsələlərin sırasında xeyli geridədir”.
Z.Əlizadə vurğuladı ki, bütün bunlarla yanaşı, ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə müraciəti var: "Bayden müraciətində qeyd edir ki, biz Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq. Ermənistanla barış istiqamətində sizə vasitəçi olmağa hazırıq və indiyədək həyata keçirilən əməkdaşlığa yüksək qiymət veririk. Bayden, həmçinin Ermənistana da müraciət edib, onlara kiçik də olsa, bir məbləğ ayırıb və deyib ki, Azərbaycanla barışmaq lazımdır. Hesab edirəm ki, bu, ümumi şəkildə Azərbaycanın siyasi məqsədlərinə uyğun mövqedir. Artıq Amerika, əsasən münaqişənin həll olunduğunu dərk edir və onun tam həll edilməsi üçün həm dünyanın aparıcı dövlətlərinin, həm də Minsk qrupunun həmsədri kimi öz xidmətlərini təklif edir. Hesab edirəm ki, bu, Azərbaycana uyğun bir mövqedir. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti Amerikanın bu mövqeyindən istifadə etməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ prezidenti Co Bayden Avropa turnesi sırasında türkiyəli və rusiyalı həmkarları ilə ayrı-ayrılıqda görüşəcək: "Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir. Bu cür görüşlər, nəticə üçün əvvəlcədən ciddi niyyət olanda, problemlərin həllini yaxınlaşdırır. Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var.
O ki qaldı Azərbaycana, prezidentlərin görüşlərində müxtəlif – Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər mövzular müzakirə olunacaq, Qarabağ və sərhəd mövzusu barədə, sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür. Türkiyə və Rusiya prezidentləri amerikalı həmkarı ilə ümumiyyətlə, Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyillər. Düzünə qalsa, müharibə bitdikdən sonra Amerikanın gur səslə "mən də Qarabağda olmaq istəyirəm” çağırışını bizim də müsbət cavablandırmağa həvəsimiz yoxdur”.
E.Şahinoğlu əlavə etdi ki, Bakıda olan amerikalı diplomatın "minalanmış xəritələr verilməlidir” açıqlaması müsbət qarşılandı: "Ancaq bunun ardınca onun "həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu. Buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və NATO çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığı davam etməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, ABŞ-ın hədəfi Çinlə mübarizədir və Qarabağ müharibəsindən sonra bu mübarizənin əsas platformalarından biri Cənubi Qafqazdır: "Çünki "Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizi üzərində problemə çevrilən münaqişə həll edilib və indi layihənin bütün quru dəhlizlərinin – Şimal və Cənubun məhz Orta dəhliz üzərində Azərbaycanda birləşməsi təklifi var. Bu, baş tutarsa, Cənubi Qafqaz, xüsusilə Azərbaycan layihədə həlledici haba çevriləcək. ABŞ-ın məqsədi də bu habın yaranmasının qarşısını almaq və müharibədən sonra regiona qayıtmaqdır. ABŞ prezidenti Baydenin Qarabağ məsələsini həmkarı Ərdoğanla müzakirə etməsi də bu hədəflərdən qaynaqlanır.
Qarabağ münaqişənin həllindən kənarda qalan və regionda təsir imkanları zəifləyən Vaşinqton bölgəyə qayıtmaq üçün iki istiqamətdə hərəkət edir.
Birincisi, Minsk qrupunun "dirildilməsi”, ikincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsində iştirak etmək. Vaşinqtonun rəsmi açıqlamalarında bu, aydın hiss olunur. ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin Bakıya səfəri və Vaşinqtonun köməyini təklif etməsi də bunu təsdiqləyir”.

A.Nərimanlı vurğuladı ki, ABŞ prezidenti Co Bayden öncə Ərdoğanla, ardınca Putinlə görüşəcək: "Hər iki liderdən regionla bağlı istəkləri olacaq və Putinlə görüş də Ərdoğanla görüşün nəticəsinə uyğun keçiriləcək.
ABŞ Qarabağda Ankara və Moskvanın birgə hərəkətini pozmaq və Türkiyəni öz cəbhəsinə keçirmək niyyətindədir. Bu mümkün olacaqsa, Baydenin Putinlə müzakirə atmosferi də fərqli olacaq. Hərçənd, Vaşinqtonun məhz Qarabağda Ankaradan istədiyini alacağı ehtimalı zəifdir.

Bu baxımdan, Ərdoğanla görüşdən sonra Putinlə bir araya gələcək Bayden, Azərbaycan-Ermənistan sərhədində "beynəlxalq müşahidəçi” missiyasının yerləşdirilməsi məsələsini masaya qoya bilər. Rusiyanın Orta dəhliz boyunca risklərin yaradılması maraqları, eləcə də gələcəkdə Türkiyənin Mərkəzi Asiyadakı maraqlarına təhlükələr yarada biləcəyi perspektivinə görə, ABŞ-ın bu istəyi ilə razılaşması ehtimalı var, xüsusilə qarşılığında nələr isə alacağı təqdirdə.
ABŞ-ın əsas niyyəti Cənubi Qafqazda kommunikasiyanın bərpasında iştirak etmək, prosesdən pay götürməkdir. Xüsusilə, Zəngəzur dəhlizindən birgə istifadə məsələsini Bakı və Ankaradan istəyir. Onu da qeyd edim ki, Baydenin Ərdoğanla müzakirə edə biləcəyi əsas məsələlərdən biri də bu dəhliz ola bilər. ABŞ bu dəhlizdən Mərkəzi Asiyaya çıxış və Çinin bölgədə qarşısını almaq üçün istifadə etməyi düşünür.

Hərçənd, Rusiya və Türkiyə xarici işlər nazirliklərinin məsləhətləşmələr aparması, regionda kommunikasiyanın bərpası prosesinin davam etdirilməsi ilə bağlı razılığa gəlməsi, görüş öncəsi Ankara və Moskvanın Vaşinqtonun bölgəyə girişinə imkan verməmək qərarına gəldiyi fikrini önə çıxardı. Bu baxımdan, Bayden Ərdoğanla Qarabağı müzakirə etsə belə, Cənubi Qafqaz mövzusunun aktuallığının azaldığını deyə bilərik”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər