• cümə axşamı, 28 mart, 17:26
  • Baku Bakı 16°C

Enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə yönələn addım

26.12.17 17:00 5020
Enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə yönələn addım
Bu günlərdə prezident İlham Əliyev kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə, bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək məqsədi iləAzərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmanın nizamnaməsində qeyd olunur ki, Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə, bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.
Ekspert Zəfər Vəliyev deyir ki, qurumun fəaliyyəti bu sahədəki mövcud problemləri aradan qaldıracaq: "Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən hər iki qurumun fəaliyyətində müəyyən boşluqlar var idi. Düşünürəm ki, fərman bu problemləri aradan qaldırmaq üçün atılan bir addımdır. Çünki həm energetika sahəsində, həm də qaz təsisatında kifayət qədər nöqsanlar var. Keçən ilin statistik göstəricilərinə əsasən «Azəriqaz»ın aktivində olan qazpaylayıcı şəbəkələrdə 700 milyon kubmetr qaz itkisi qeydə alınıb. Son illərdə Azərbaycan müəyyən beynəlxalq layihələrdən irəli gələn öhdəlikləri yerinə yetirir. Ölkə daxilində mövsümlə bağlı qaz həcmlərinə ehtiyac yaranır. Bu problemlər «Azərenerji»də də mövcuddur. Hər iki – həm enerji, həm qaz nəzarəti idarələrinin vahid strukturda birləşdirilməsi onların fəaliyyətində müəyyən irəliləyişlərin əldə olması baxımından, sözügedən fərmanın çox böyük əhəmiyyəti var. Bu strukturlar vahid mərkəzdə birləşdikdən sonra ilk növbədə istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında vahid bir əlaqənin qurulmasına diqqət yetirilməlidir. Eyni zamanda, bəlli sektora investisiya məsələsinin həll edilməsində və investisiyanın təyinatı üzrə yönəldilməsi və xərclənməsi kimi vacib məqamlara mütləq nəzarət edilməlidir. Əks halda, həm enerji, həm də qaz təminatında müəyyən problemlər yarana bilər. Düşünürəm ki, yeni yaradılan strukturun qeyd olunan məsələlərlə bağlı uğurlu fəaliyyəti nəticəsində əhalinin davamlı olaraq enerji və qaz təminatında olan mövcud problemlər aradan qalxacaq. Çünki hazırda hər iki sektorda bəzi çatışmazlıqlar var ki, bu da nəzarətin təşkil olunmasına ehtiyac yaradır”.
Millət vəkili Azər Badamov bildirdi ki, bu fərmanla yeni və vahid struktur formalaşacaq: "Prezident İlham Əliyev qurumun fəaliyyətinin daha da müasirləşdirilməsi və gücləndirilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması və bərpa olunan alternativ enerji istifadə imkanlarının genişləndirilməsi məqsədilə belə bir fərman imzalayıb. Fərmanda enerji məsələlərinin tənzimlənmə agentliyinin yaranması haqqında xüsusi maddə var. Agentliyin vəzifəsi kommunal xidmətləri yaxşılaşdırmaq, mövcud mexanizmləri daha da təkmilləşdirmək və sözügedən sahənin inkişafına nail olmaqdır. Həmçinin, sahibkarlar üçün əlçatanlığın təmin edilməsi və şəffaflığın təmin olunması da prioritetlər sırasındadır. Agentlik yaradıldıqdan sonra bu istiqamətdə sahibkarlığa enerji resurslarının əlçatanlığının yaxşılaşdırılması üçün sənədlərin hazırlanması və prezidentə təqdim olunması qeyd olunub. Ümumilikdə əsas məqsəd əhaliyə göstərilən xidmətin daha da yaxşılaşdırılması və sahibkarlar üçün bu infrastrukturun daha da şəffaf şəkildə istifadəsini təmin etməkdir. Bu agentlik yarandıqdan sonra gələcəkdə müxtəlif beynəlxalq enerji agentlikləri ilə də əlaqələr genişləndiriləcək. Enerji elə bir sahədir ki, həm daxili təminat, həm də beynəlxalq əlaqələr çox vacibdir. Agentliyin əsas məqsədlərindən biri də bərpa olunan alternativ enerji resurslarının istifadə edilməsini təmin etməkdir. Bütün bunlar onu göstərir ki, enerji təminatı və beynəlxalq əlaqələr daha da genişləndiriləcək”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlı komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, əsas məqsəd müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasından ibarətdir: "Belə bir agentliyin yaradılmasında əsas məqsəd enerji və qazla əlaqədar olaraq müəyyən təcrübə mexanizmlərini həyata keçirmək və bu sahədə dövlət siyasətini formalaşdırmaqdan ibarətdir. Fərmanla həm də ödənişlər məsələsinə baxılacaq və nəzarət daha da gücləndiriləcək. Düşünürəm ki, itkilərin qarşısının alınması və enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə belə bir agentliyin fəaliyyəti çox vacibdir. Həmçinin, dayanıqlı inkişaf və şəffaflığı təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə, bu sahəni inkişafına nail olunacaq ki, indiki şəraitdə çox mühüm addımdır. Bundan başqa sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək də prioritetlər sırasındadır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər