• cümə axşamı, 28 mart, 22:17
  • Baku Bakı 13°C

Ənənəyə bağlı sənətkar

07.01.19 15:45 1801
Ənənəyə bağlı sənətkar
Azərbaycan təsviri sənətinin 1970-ci illərdə müşahidə olunan yüksəlişində əvvəlki on illikdə baş verənlərin davamını görmək mümkün idi. Bunu şərtləndirən başlıca səbəb "sərt üslub”un gəlişi ilə rəngkarlığın əvvəlkindən fərqli estetik tutumla zənginləşməsi ilə yanaşı, artıq başlanmış yaradıcı rəqabətə SSRİ-nin müxtəlif iri şəhərlərində ali təhsil alıb Bakıya dönən gənclərin də qoşulması olmuşdu. Bu mənada sənət məkanında yeni adların meydana gəlməsinin həm də bir-birindən maraqlı əsərlərin yaranması ilə müşayiət olunması təbii sayıla bilərdi. Bu baxımdan rəngkarlığın 1970-ci illərdə inkişafının bütün mənalarda maraqlı olduğunu söyləmək olar...
Onillik ərzində keçirilən müxtəlif sərgilər həmin zaman kəsiyində yaradılan sənət nümunələri üçün sözün əsl mənasında, baxış və sınaq meydanına çevrilmişdi. Müxtəlif "izm”lərə çəkilən nəzirələrin çoxluq təşkil etdiyi həmin dövrdə öz yaradıcı potensialını fərdi və fərqli estetik tutumda sərgiləyən gənclərin sırasında Sirus Mirzəzadənin xüsusilə seçilməsi danılmaz idi. Belə ki, əksər həmyaşıdlarının ilham mənbəyini Avropada axtardıqları bir zamanda, o, Bakıda və Moskvada ixtisas təhsili almasından sonra, öz yaradıcılığında qədim sələflərinin qoyub getdikləri milli bədii irsə yaradıcı münasibət göstərməkdə, müxtəlif mövzulu və janrlı əsərlərində ənənəni özünəməxsus bədii-estetik çalarlarla zənginləşdirməkdə idi.
Onun "Növbəyə” (1976), "Sakitlik” (1976), "Emalatxanada” (1976) və s. əsərlərində müşahidə olunan lirik-romantik çalarların qabarıqlığı da rəngkarlığımıza yeni bədii münasibət ifadə edən bir yaradıcının gəldiyindən xəbər verirdi...
1980-ci illərə təsadüf edən növbəti onillikdə yaradıcı rəqabətin daha da gərginləşməsini müşahidə etmək mümkün idi. Bunu Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşıyan və yaradıcılığı ilə şöhrət qazanmış fırça və tişə ustalarının milli dəyərlərə söykənən əsərlər yaratmaq ənənəsini uğurla davam etdirmək gücünə malik gənclərin artması şərtləndirmişdi...
Əslində, keçmiş sovet məkanı üçün kifayət qədər təzadlı hadisələrlə zəngin olan səksəninci illər incəsənətin bütün sahələrinə təsir göstərmişdi. Çox vaxt zaman distansiyasından arxada qalan iki qərinəlik dövrün "durğunluq illəri” hesab olunmasında, nəzərdən keçirdiyimiz onillikdə baş verənlərin "yenidənqurma” kimi dəyərləndirilməsində müəyyən subyektivlik mövcuddur. Hər halda, zamanında cəmiyyətin yaşadığı müxtəlif məzmunlu olayların mövcud siyasi sistemin çöküşünə xidmət etdiyi bir qədər sonra üzə çıxacaq "zəif bənd”in məqsədli idarəçiliyindən qaynaqlandığı hiss olunmaqda idi.
Bunu əvvəlki dövrdə yaradılanları kölgədə qoya biləcək və hadisəyə çevriləcək əsərlərin yaranmadığı da təsdiqləyir. Bununla belə, səksəninci illər necəliyindən asılı olmayaraq, təsviri sənət tariximizin təzadlı təşəkkülünün silinməz səhifələridir. Bu səhifədə yeni əsərlərində fərqli estetika sərgiləyən Sirus Mirzəzadənin də özünəməxsus yeri vardır, desək, həqiqəti söyləmiş olarıq.
Monumental sənət sahəsində ali ixtisas təhsili almış müəllifin 1980-ci illər yaradıcılığında möhtəşəmliyə bürünmüş dekorativliyin qabarıq duyulması da bunun göstəricisi olmuşdur. Dünyamıza realist-gerçəkçi baxışını miniatür üslubuna tapınmaqla gerçəkləşdirən rəssamın "Mənim əcdadlarımın torpağı” (1982), "İlin üç fəsli” (1982), "Qobelençilər” (1982), "Günəbaxanlar” (1982), "Suzanın yuxusu” (1983), "İkar haqqında nağıl” (1983), "Rəssamın qonağıyıq” (1983), "Xatirə” (1984), "Fələstin kədəri” (1984), "Çağırış” (1984), "Bakı, sabahın xeyir!” (1984), "İlin fəsilləri” dördlüyü (1985), "Şanapipiklə natürmort” (1985), "Bərpaçılar” (1986), "Ömrün tarixçəsi” dördlüyü (1986), "Uşaqlıqdan gəlmiş quş” (1986) tablolarında ənənə və müasirliyin uğurlu vəhdətini görmək mümkündür.
Sirus Mirzəzadə yaradıcılığında davamlı axtarışların nəticəsi olan bədii ifadələr məcmusunu başlıca olaraq şərtiliyə və rəmzləşdirməyə yönəltsə də, təsvir motivlərini elə bu yığcam bədii vasitələrin təsir gücü ilə duyğulandırıcı mənəvi qaynağa çevirə bilmişdir. Bunu onun 1990-cı illər yaradıcılığı da təsdiqləyir. "Uzağa baxanlar” (1991), "Arazın sahilində” (1991), "Gözmuncuğu” (1991), "Sarı fonda” (1992), "Pişiklə qız” (1992), "Sevgililər” (1992), "Şanapipik” (1994), "Mavi geyimli qız” (1994), "Söhbət zamanı” (1994), "Balıqçı və balıq” (1994), "Rəssam və model” (1996), "Qırmızı mənzərə” (1998), "Adəm və Həvva” (1999) və "İkiüzlü insan” (1999) kimi müxtəlif janrlı əsərlərində rəssamın qədim miniatür üslubu ənənələrinə rəmzlərə bələnmiş müasir tutum vermək istəyinin uğurlu nəticələrini görmək mümkündür.
Öz monumental duyumunu müxtəlif mövzulu əsərlərin bədii şərhində sərgiləyən Sirus Mirzəzadə 2000-ci illərdəki yaradıcılığında da ənənəsinə sadiq qalmışdır. Onun müxtəlif janrlı əsərlərində qədim miniatür üslubundan yaradıcılıqla faydalanmanın özünəməxsus improvizələrinə rast gəlmək mümkündür. Çoxsaylı motivlərlə ifadə olunan Adəm və Həvva mövzusu, eləcə də "Rəfiqələr”, "Qırmızı paltarda”, "Qızmar günəş altında”, "Ağ qız”, "Söhbət zamanı”, "Ünsiyyət”, "Qara şlyapalı qız”, "Eyvanda”, "Balıqçı və balıq”, "Bahar” və digər lövhələrində müşahidə olunan rəng dekorativliyi, poza-jest ifadəliliyinin vəhdətinin estetikasında hifz olunan cəlbedicilik və duyğulandırıcılıq görünməkdədir.
Sənətkarın mövzu və onların ifadəsi baxımından yeniləşən yaradıcılığının kamilləşmiş indiki mərhələsində daha qabarıq görünən estetik məziyyət rəssamlığımızda "Sirus Mirzəzadə görümü”nün yaranmasıdır. Bu görümdə qarşılaşdığımız – miniatür üslubu ənənələrinə yeni baxışın mövcudluğu, kompozisiyaların məna-məzmun yükü daşıyıcılığının rəmzi-şərti ayrıntılara etibar edilməsi və bütünlükdə, gerçəkliyə bədii münasibətin fəlsəfi qata bələnməsidir...
Rəssamın özünəməxsusluğunu onun illər ərzində yaratdığı qrafik əsərlərdə də müşahidə etmək mümkündür. Belə ki, əsərlərinin miniatür estetikasından qaynaqlanan monumentallığı bu kiçik ölçülü qrafik lövhələrdə də mövcuddur.
Sirus Mirzəzadənin özünün monumentalçı-rəssam kimi ifadəsini həm də onun divar rəsmlərində və mozaik pannolarında görmək olar. Sovet dönəmində paytaxtda onun mərhum İsmayıl Məmmədovla birlikdə yaratdıqları divar rəsmləri (1980-ci illər) sonradan məhv edilsələr də, onlar Azərbaycan monumental-dekorativ rəngkarlığını zənginləşdirən nümunələr kimi qalmaqdadırlar. Belə divar rəsmlərindən (ümumi sahəsi 500 kvadratmetr) biri üçün XII əsr Azərbaycan və dünya ədəbiyyatının ulduzu sayılan Nizami Gəncəvinin "Xəmsə”sinin süjetlərini məna-məzmun daşıyıcısı seçən müəlliflər, onu miniatür üslubunda gerçəkləşdirməklə, motivlərin yaddaqalan və cəlbedici tutum almasına nail olublar.
Onların indiki Fəvvarələr meydanında - yeraltı məkanda yerləşən "Retro” fotoatelyesinə verdikləri bədii tərtibat (1980-ci illər) da estetik tutumuna görə bənzərsiz idi. Divarlardakı eyvan elementlərini ümumi kompozisiyaya (ümumi sahəsi 150 kvadratmetr) qatan müəlliflər, bunun nəticəsində köhnə Bakının canlılığı və həyatiliyi birmənalı olan səhnələrinin yaranmasına nail olmuşdular.
Sirus Mirzəzadənin sənət dostları (R.Heydərzadə, A.Ələsgərov, E.Tahirov) ilə birlikdə işlədiyi "Səadət”(1975) və "Fəhlə əlləri”(1978) relyefli mozaikaları da sənətlərin sintezinin uğurlu həlli baxımından yaddaqalandırlar. Hər iki əsərin ötən illərin ideoloji sınağından şərəflə çıxması da onun zamansızlığa qovuşmasından xəbər verir.
Onun müstəqillik dövründə A.Şaiq adına Azəbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fasadı üçün işlədiyi "Azərbaycan naxışları” adlı keramik pannosu da memarlıq tikilisi ilə vəhdət təşkil etməklə, onun ümumi estetikasını daha da zənginləşdirmək gücündədir...
Sirus Mirzəzadənin təhsilsonrası – ötən əsrin yetmişinci illərindən başlayaraq pedaqoji fəaliyyətlə məşğul olmasını, yəqin ki, onun həyatını mənalandıran önəmli hallardan saymaq olar. Rəssamlığın sirlərini ondan öyrənən və bu gün həm yerli, həm də xarici ölkələrin təsviri sənət məkanında uğurla fəaliyyət gənc yaradıcıların çoxluğu yəqin ki, ona həyatda rahatlıq bəxş edən mühüm dəyərlərdəndir. Onun daşıdığı "Professor” vəzifəsi də elmi-pedaqoji fəaliyyətinə verilən qiymətdir. Bu sahədə səmərəli çalışmasının nəticəsidir ki, o, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki rəssamlıq kollecinin (keçmiş "Əzimzadə məktəbi”) direktorudur. Ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona "Xalq rəssamı” fəxri adının verilməsini də Azərbaycan təsviri sənət məkanında önəmli yer tutan rəssam-pedaqoqun əməyinin yüksək səviyyədə dəyərləndirilməsi hesab etmək olar...
Ziyadxan ƏLİYEV


banner

Oxşar Xəbərlər