Ənənəvi baş örpəyi - Kəlağayı

İçərişəhərin dar, qənbər daşlar döşənmiş küçələri ilə addımlayan
yaşlı əcnəbi xanım yoldan keçənlərdən "Kəlağayını haradan almaq olar?”- deyə
maraqla soruşur. Bəziləri kəlağayıların hansı mağazada satıldığını
bilmədiklərindən, ya da ümumiyyətlə belə dükanların fəaliyyətindən xəbərsiz
olduqlarından çiyinlərini çəkir, heç cür yol göstərə bilmirlər. Nəhayət, yaşlı
sakinlərdən biri "Bəlkə əntiq mallar satılan dükanlarda olar bilər” deyərək, şəhərimizin qonağını yönəltməyə çalışır.
Ölkəmizə gələn əcnəbilər artıq Azərbaycan qadınlarının gözəllik
simvolu, yüz illərdən bəri qoruyub saxladığımız ənənəvi baş örtüyünü -
kəlağayını axtarırlar. "Heyratı”, "Bəstə-nigar”, "Gəlinlik”, "Qızılı”,
"Mixəyi”, "Noxudu”, "Yaşıl-qara”, "Zeytun”, "Bənövşəyi”, "Ağzəmin-zanbağı”,
"Ağzəmin-qızılı” və s. kəlağayılar əcnəbiləri cəlb edir. Elə bu yaxınlarda
"Kaspi”də qonaq olan dünya şöhrətli fransız aktyoru və rejissoru Robert
Hosseinin həyat yoldaşı Kendis Patuya da kəlağayı hədiyyə olunanda "elə mən bu
gün kəlağayı almağı düşünürdüm” deyərək, sevinclə dilləndi.
YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin
2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənətinin
"Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi nənələrimizin ənənəvi baş
örpəyinə yeni həyat verdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən hazırlanan "Kəlağayı faylı” Azərbaycan xalqının
milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət
nümunəsi olduğunu artıq beynəlxalq səviyyədə təsdiq etdi.
Buta ornamentli baş örpəyi
Bu gün dünya ölkələrində
sevə-sevə sərgilədiyimiz, əcnəbilərə qürurla təqdim etdiyimiz ənənəvi baş
örpəyini qız gəlinlərimiz də həvəslə öz qarderoblarına daxil edirlər.
Tarix elmləri doktoru, professor
Nərgiz Quliyeva ənənəvi baş örpəyinin qorunması və təbliği
istiqamətində görülən işlərdən razılığını ifadə edir: "Müstəqil Azərbaycanda təkcə Kəlağayı yox, xalqımızın
adət-ənənəsinə aid olan bayramlar, alətlər, yeməklər, geyimlər və s. dünya səviyyəsinə
qaldırılır. O cümlədən, milli örpəyimiz olan kəlağayıdan istifadə edilməsi,
həmçinin örpəyin üzərindəki "Buta” ornamenti ənənəmizin xırda incəliklərinə
qədər qorunmasına işarədir”. Kəlağayı sənətinin artıq dövlət səviyyəsində hifz
olunduğunu deyən etnoqraf alim hazırda Şəkidə və Basqalda təbii ipək əsasında
kəlağayı istehsalının həyata keçirildiyini bildirir: "Bakının mərkəzi
ərazilərində, xüsusən İçərişəhərdə yerləşən dükanlarda kəlağayıların xarici
vətəndaşlara satışı ənənəvi baş örpəyinin təbliği istiqamətində həyata
keçirilən mühüm işdir”.

Kəlağayının dünyada təbliği
istiqamətində görülən işlər yetərincədirmi?
Bəzi regionlarımızda "çarqat” adlanan Kəlağayının hələ qədimlərdən
halallığın və saflığın təcəssümü olduğunu qeyd edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə
fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Tofiq Babayev kəlağayı qədim
adətlərimizin ayrılmaz tərkib hissəsi olmaqla öz rəngləri ilə xeyir, şər,
səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynadığını deyir. Tədqiqatçı alim
"Kaspi”yə açıqlamasında kəlağayının tarixindən danışaraq vaxtilə Azərbaycanı
gəzib-dolaşmış Şərqin və Qərbin bütün səyyahları, tacirləri və alimlərinin öz
əsərlərində ənənəvi baş örpəyimizdən bəhs etdiyini bildirir. Xüsusən, İsmayıllı
rayonunun Basqal qəsəbəsinin zövqlə işlənmiş ipək parçaları, zərif kəlağayıları
onları heyran edib. Həmçinin Basqal həmin dövrdə ipək kəlağayı istehsalında
nəinki Azərbaycanda, eləcə də bütöv Cənubi Qafqazda mühüm yer tutub: "Basqalda
basmaqəlib üsulu ilə al-əlvan naxışlanmış kəlağayıların zəngin çeşidləri
hazırlanıb. Bu kəlağayıların ən gözəl nümunələri XIX əsrin ortalarından
başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər beynəlxalq
sərgilərin yüksək mükafatlarını qazanıb. Öz bədii gözəlliyi ilə məşhur olan
Basqal kəlağayıları bir sıra sərgilərdə, o cümlədən 1862-ci ildə Londonda
təşkil edilmiş beynəlxalq sərgidə də maraq doğurub”. T.Babayev tədqiqatları
zamanı xaricilərin kəlağayıya olan marağının da şahidi olub: "Basqala
səfərlərimizn birində İtaliyadan olan bir turist də bizimlə gəldi. O qızının
toyu üçün xüsusi kəlağayı toxutdurdu. Üstəlik, bir neçə kəlağayı da hədiyyə
aldı”.
Tədqiqatçı alim kəlağayıya el-oba arasında rəğbəti baş örpəyinin
çətin zəhmətlə ərsəyə gəlməsi ilə əlaqələndirir: "Ata-baba ustadların
dediklərinə görə, kəlağayını ərsəyə gətirmək, evə təzə gələn gəlinin nazını
çəkməkdən ağırdır. Belə ki, kəlağayının hazırlanması bir neçə mərhələdən
keçməklə, uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının
istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap
10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra
qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30
dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır,
asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.
Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük
ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə
naxışlayırlar. Burada əsasən, basmanaxış üsulundan istifadə olunur. Qəliblər
naxışlarına görə müxtəlif adlarla adlandırılır. Naxışların içərisində "Günəş”, "Səmayi-şəms”,
”Haşiyə”, "Şax”, "Buta”, "Mədahil”, "Xarı bülbül”, "Heyratı”, "Xətayi”,
"Kəpənək”, "Çobanyastığı”, "Çiyələk” və "Aypara” daha məşhurdur. Kəlağayı
naxışlandıqdan sonra onun boyanması işinə başlanılır”.
T.Babayev bu gün bəzi ucqar dağ kəndlərimizdə dədə-baba üsulu ilə
kəlağayı hazırlanmasının hələ də unudulmadığını sevinclə qeyd edir. Belə ki,
avtomat dəzgahlı sexlərdən fərqli olaraq,
qədim üsulla hazırlanan kəlağayılar gec hasil olsa da, keyfiyyəti və
gözəlliyi ilə digərlərindən tam fərqlənir. Əl əməyi ilə çalışan ustalar xüsusi
emalatxanalarda çox bəsit alətlərdən istifadə etməklə keyfiyyətli və göz
oxşayan baş örpəyini hazırlaya bilirlər.
Kəlağayı muzeyinin
yaradılmasına ehtiyac var
Kəlağayı almaq istəyənlərin bəzən müəyyən çətinliklə qarşılaşmasının
səbəbi nədir? Tədqiqatçıların fikrincə, bu çətinliklər baş örpəyinin istehsalı
sahəsində yaranan problemlərdən qaynaqlanır.
Kəlağayı istehsalı və təbliği sahəsində çoxlu problemlərin də mövcud olduğunu
bildirən T.Babayevin sözlərinə görə, ölkəmizdə bu sahədə müəyyən işlərin
görülməsinə ehtiyac var. Belə ki, əvvəllər kəlağayıları təbii rənglərdən
hazırlayırdılar, bu gün isə istehsal prosesində kimyəvi rənglərdən istifadə
olunduğu üçün örtüklərin rəngləri tez solur: "Vaxtilə ən yüksək keyfiyyətli
boyağı yerli boyaq bitkilərindən alırdılar. Əvvəllər nar qabığının qırmızı
rəngindən və ya tut ağacından alınan rənglərdən istifadə olunurdu. Ərazinin
boyaq bitkiləri ilə zənginliyi və toxuculuğun yüksək dərəcədə inkişafı Basqalda
boyaqçılıq sənətinin geniş yayılması üçün əlverişli şərait yaradıb və o,
müstəqil sənət sahəsi kimi inkişaf edib. Ancaq bu gün daha çox kimyəvi
rənglərdən istifadə olunur. Nəticədə yaylıqların rəngi tez köhnəlir”.
T.Babayev ölkəmizdə kəlağayı muzeyinin yaradılmasını vacib hesab
edir: "Biz ölkəmizə turistlərin cəlbi haqqında danışırıq. Turizmi inkişaf
etdirmək üçün milli dəyərlərə, ənənələrə
diqqəti yönəltmək lazımdır. Yaxşı olar ki, bizdə Kəlağayı muzeyi yaradılsın.
Həmçinin kəlağayının ticarətinin genişləndirilməsi məqsədilə şəhərin xüsusi
yerlərində, o cümlədən İşərişəhərdə kəlağayı mağazaları açılsın. Çünki əcnəbi
qonaqlar kəlağayı axtaran zaman çətinliklə üzləşirlər”.

Kəlağayı festivalı
keçirilsin
Tədqiqatçı alimin ənənəvi baş örpəyinin qorunması və təbliği
istiqamətində təkliflərindən biri ölkəmizdə Kəlağayı festivalının keçirilməsi
ilə bağlıdır: "Əgər Göyçayda "Nar
festivalı”, Lerikdə "Plov festivalı”, Qubada "Alma festivalı” keçirilirsə, niyə
Basqal qəsəbəsində "Kəlağayı festivalı” keçirilməsin? Bu, ənənəvi baş örtüyünün
təbliği, milli-maddi dəyərimizin daha da tanıdılması istiqamətində mühüm addım
olar”. T.Babayev Basqalda fəaliyyət göstərən kəlağayı sexinin imkanlarının
genişləndirilməsinin tərəfdarıdır: "Əvvəllər Basqalda 4 sex fəaliyyət
göstərirdisə, bu gün cəmi bir sex işləyir və orada da 3-4 adam çalışır. Geniş
zallarda müasir texnikanın son sözü ilə qurulmuş 100-dən çox toxucu dəzgahı,
maşınlar, boyaqxanalar ölüm sükutuna qərq olublar. Bunun nəticəsidir ki,
respublikamızın mağazalarında kəlağayını "gördüm” deyən yoxdur. Kəlağayının
istehsalını, ticarətini artırmaq üçün bu sexlərin fəaliyyətini genişləndirmək
lazımdır. Bu, həmçinin kəlağayının daha geniş arenada təbliğinə kömək edər.
Çünki kəlağayının keçmiş şöhrətini qaytarmağa ehtiyac var. Vaxtilə ölkəmizə
böyük şöhrət gətirən, nənələrimizin, qız-gəlinlərimizin sevimli baş örtüyünün
bu gün də məişətimizdə geniş yayılması yaxşı olardı!”
Kəlağayıya maraq varmı?
İçərişəhərdəki, mağazalara
yolumuzu salarkən, ürək açan mənzərə ilə qarşılaşmadıq. Turistlərin ən sıx üz
tutduğu bu qədim ərazidə ayrıca kəlağayı dükanı demək olar ki, yoxdur. Əntiq
əşyalar satılan dükanlarda əsasən Şəki və bəzi hallarda Basqalda istehsal
edilən kəlağayılara rast gəlmək olur. "Qız qalası” yaxınlığında bir dükanda
Rusiyanın Nijni Novqorod şəhərindən turist kimi şəhərimizə gələn Nadejda
Vasilyevanın kəlağayı almaq istədiyini və dükan sahibi Anar adlı şəxsin maraqla
milli baş örtüyü barədə geniş məlumat verdiyinin şahidi oldum. Rusiyalı qadının
milli baş örtüyünə olan marağını görən dükan sahibi qiymətdə xeyli güzəştə getdi. Dükan sahibi
ilə söhbətdən öyrəndik ki, kəlağayı baş örtüyü o qədər də çox satılmır. Onun
dediyinə görə, ayda səkkiz, on kəlağayı satılır ki, onun da çoxunu əcnəbi
xanımlar alırlar. "Kəlağayını milli, ənənəvi baş örpəyi kimi təbliğ etmək
lazımdır. İstehsalı da genişlənməlidir ki, xaricilər gələndə asanlıqla əldə edə
bilsinlər.”
Tədqiqatçı alimlər milli adət-ənənəmizin ayrılmaz hissəsi olan və adı
artıq beynəlxalq nüfuzlu siyahılara daxil edilən kəlağayı sənətinin daha da
inkişaf etdirilməsinin və təbliğinin genişləndirilməsinin tərəfdarıdırlar. Bu
həm iqtisadi baxımdan gəlir qazanmağa, həm də ənənəvi baş örpəyinin dünyada
təbliğinə kömək olar.
Dayandur Tağıyev
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün hazırlanıb
