Ən zəngin xəzinə - kitab - Fotolar
Ölkənin ən gənc
operatoru "NAR” davamlı həyata keçirdiyi sosial layihələri çərçivəsində 23 aprel
– Ümumdünya Kitab Günü ilə əlaqədar Cəlilabad rayonunun Təzəkənd kənd 1 saylı
tam orta məktəbini kitablar və noutbuklarla təmin etdi. Şirkət təhsil ocağında
kitabxananın genişləndirilməsinə dəstək göstərdi. Əlbəttə, kökü dərinlərdən
gələn xeyriyyəçilik ənənəsinin bir şirkətin timsalında davam etdirilməsini yalnız
alqışlamaq lazımdır. O mənada ki, təhsil tariximizdə zaman-zaman öz evini
məktəbə çevirənlər, qapı-qapı gəzib uşaqların təhsil alması üçün hər cür
təhlükəni göz önünə alanlar, millətinin övladlarını oxumaq üçün xaricə
göndərənlər, təhsillərinə pul ayıranlar olub. Təhsilin inkişafı üçün edilən
xeyriyyəçilik isə bütün dövrlərdə ən ali humanistlik sayılıb. Bu gün də bir
ucqar kənd məktəbinin bədii, elmi ədəbiyyatla, və elektron kitabxana ilə təmin
olunmasını kodlarındakı ənənənin itməməsi kimi
dəyərləndirmək olar ki, bunu da "NAR” öz boynuna götürdü.
Təzəkənd kəndinin yenicə
çiçəklənən ağaclarını, yaşıllaşan çöllərini, kənd zəhmətkeşlərinin əməyi ilə
əkilib-becərilən münbit qara torpaqlarını, darvazasız həyətlərində otlayan
mal-qarasını seyr edə-edə məktəbə yaxınlaşırıq. Həyətdə qonaqları alqışlarla qarşılayan
şagirdlərin sevinci bizi uzaqdan pərişan edən məktəbin uçuq-sökük görkəmini
qismən unutdurur. Burda 1-ci sinifdən tutmuş 11-ci sinfə qədər oxuyan
şagirdlərin sevincdən çağlayan dünyasına düşürük. Hələ müəllimlərin sevinc
saçan gözləri… Axı gözdən uzaq kənd
məktəbinə hələm-hələm qonaq gələn yoxdur…
Uşaqlar onlara
paylanan kitabları ən qiymətli hədiyyə kimi əldə etməyə tələsirlər. Məktəbin kiçik
kitabxanasında dünya və Azərbaycan ədəbiyyatının nümunələri, müxtəlif fənlərə
aid ensiklopediyalar, elmi əsərlər yer alsa da, boşluq açıq-aydın görünür.
Bundan sonra məktəbin müəllim və şagird kollektivi "NAR”-ın fəaliyyətinə dəstək
göstərdiyi kitabxanada Əli bəy Hüseynzadə, A.A.Blok, K.G.Paustovski, Mir Möhsün
Nəvvab, Rəsul Rza, Osman Sarıvəlli, Turgenev, Çexov, Servantes, Lev Tolstoy
kimi dünya və Azərbaycan klassiklərinin əsərlərini, o cümlədən Azərbaycan Xalq
ədəbiyyatından seçmələri, Azərbaycan Muğam Ensiklopediyasını, Azərbaycan miniatürlərini,
uşaqlar üçün nağılları və s. əsərləri oxuya, zamanın dalğalarında səyahət edən
fikir gəmilərinin yolçusuna çevrilə biləcəklər.
Məktəbə hədiyyə
edilən kitabların sevincini ən çox uşaqlar yaşayan uşaqlardır.
Uşaqların dünyası
9-cu sinif şagirdi Kənan Niftiyev məktəbə kitabların
hədiyyə olunmasını əsil bayram kimi qarşılayır: "Dahi yazıçıların və şairlərin
əsərlərini oxumağı xoşlayıram. Gətirilən kitablar içərisində çox sayda
klassiklərin əsərlərini gördüm. Bu, məni çox sevindirdi. Kitabdan böyük hədiyyə
olmaz. Əminəm ki, bu, məktəbin şagirdlərinin mütaliəyə marağını daha da
artıracaq”.
8-ci sinif şagirdi Ələkbər Xəlilovun da mütaliəyə marağı
böyükdür: "Evimizdə də kitabxana var. Kitabsız həyat olmaz. Kitab söz
ehtiyatını artırır, biliyi zənginləşdirir. Dərslərimi oxuyandan sonra boş
vaxtlarımda bədii ədəbiyyat oxuyuram. Bu nitqimin inkişafına, dünyagörüşümün
formalaşmasına, biliklərimin artmasına kömək edir. Məktəbimizə hədiyyə edilən
kitablar da bizim dünyagörüşümüzün formalaşmasına kömək edəcək”.
Nəsrin Cəfərova 8-ci sinifdə oxuyur. "Məktəb
kitabxanasına hədiyyə edilən kitablar təkcə kitabxananı zənginləşdirmir, həm də
bizim bədii təxəyyülümüzün inkişafına, biliklərimizin artmasına kömək edəcək”
deyir: "Mən dünya ədəbiyyatını oxumağı xoşlayıram. Bədii ədəbiyyat insanın düşüncəsinin
formalaşmasına, həyatı anlamasına kömək edir. Həmçinin hədiyyə edilən əsərlər
içərisində ensiklopediyalar var. Bunlar da biliklərimizin artmasına yardım
edəcək. Kitab əsil xəzinədir. Bizə bağışlanan xəzinəyə görə təşkilatçılara
təşəkkür edirəm!”
Mütaliə vərdişə çevrilsə
40 ildir məktəbdə müəllim işləyən Xanım Şahbalayeva şagirdlərin
mütaliəyə böyük həvəsi olduqlarını deyir: "Məktəbin uşaqları çalışqandır. Hər il, ali məktəblərə, kolleclərə qəbul
olurlar. Məktəbin kitabxanasında kitablar azdır. Xüsusən uşaq ədəbiyyatı
çatışmır, nağıllar yoxdur. Bədii ədəbiyyat isə uşaqların dünyagörüşünün
formalaşması üçün çox vacibdir. Məktəbə hədiyyə edilən kitablar əminəm ki,
uşaqların inkişafında rol oynayacaq. Çünki onlar mütaliə etmək istəyirlər”.
Məktəbin digər müəllimi Gülər
Abdullayeva da uşaqların təməldən mütaliəyə
həvəslərinin formalaşdırılmasının vacib olduğunu vurğulayır: "Biz sovet dövrünün adamlarıyıq. O
zaman müəllimimiz bizi kitabxanaya aparırdı. Biz jurnallar, yaşımıza uyğun
kitablar götürüb oxuyurduq. Amma indi azyaşlı uşaqlar üçün kitablar yoxdur.
Uşaqlarda oxumağa maraq var, ancaq istədikləri ədəbiyyatı tapa bilmirlər”.
Məktəbin hərbi hazırlıq müəllimi
Ərəstun Orucov "bu kitablar həm müəllimlər, həm də
şagirdlər üçün böyük hədiyyədir” deyir: "Əgər uşaq bu kitabları oxuyacaqsa, o
bizim gələcəyimizdir. Uşaqların vətənpərvər, milli ruhda böyüməsi üçün mütaliə
vacib şərtdir. Məktəbdə kitab qıtlığı vardı. Müəllim də, uşaq da mütaliə edəcək - söz bazası, mənəvi dünyası
zənginləşəcək”.
İbtidai sinif müəllimi Əliqismət
Cəfərov da uşaqların oxumağa böyük həvəs göstərdiklərini dedi:
"Qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu məktəbin şagirdlərinin oxumağa böyük
həvəsi var. Bu məktəbdə prezident təqaüdçüsü olan məzunumuz olub”.
Təhsilə ən gözəl dəstək
Təzəkənd kənd 1 saylı tam orta məktəbin direktoru
Valeh Niftiyevlə söhbətimizə məktəbin yaranma
tarixindən başlayırıq. Kənd məktəbi 1986-ci ildə hazırkı binaya köçüb. Təəssüf
ki, məktəbin fəaliyyət göstərdiyi bina o vaxtdan bəri təmir olunmayıb: "Daxili
imkanlarımız hesabına məktəbin hazırkı görkəmini saxlaya bilmişik”-deyir direktor.
Hazırda 366 şagirdin təhsil aldığı məktəbdə 41 müəllim onların tədrisi və
tərbiyəsi ilə məşğul olur. O cümlədən məktəbdə 23 texniki işçi çalışır. Keçən
il məktəbin 26 məzunundan 5 nəfəri peşə, 6-sı ali məktəblərə daxil olub. "Bu il
məktəbi bitirəcək 27 şagirdin arasından da inanıram ki, ali məktəblərə qəbul
olanlar olacaq” - deyə direktor ümidlə dillənir. "NAR” -ın məktəb kitabxanasına
dəstəyini isə V.Niftiyev yüksək dəyərləndirir. V.Niftiyev deyir ki, məktəbin
kitabxanasında yuxarı sinif şagirdlərinin mütaliəsi üçün müəyyən sayda kitablar
var. Ancaq 2000-ə yaxın kitabı təhvil verdikdən sonra boşluq yaranıb. Azyaşlı
uşaqlar üçün kitablar isə alınaraq onlara oxunur. Şagirdlərin isə mütaliəyə
böyük maraqları var. "Onların hər biri nitq qabiliyyətlərini inkişaf etdirmək,
dünyagörüşünü artırmaq istəyir. Ona görə bu kitablar böyük hədiyyədir. Şagirdlərə
bədii ədəbiyyat vasitəsi ilə sevgi təlqin olunur. Mən həmişə müəllimlərə "şagirdləri
bədii ədəbiyyat oxumağa meylləndirin” deyə tövsiyə edirəm. Çünki onlar mütaliəni
vərdişə çevirsələr bütün mənfi işlərdən uzaq olacaqlar”.
Ədəbiyyatı məktəbin kitabxanasına təqdim edən "NAR”-ın
İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov şirkətin sosial
layihəsi üçün daha çox ehtiyacı olan
kənd məktəbinin seçildiyini qeyd etdi: "Sevinirik ki, şagirdlərin təhsili,
bilik və dünyagörüşlərinin zənginləşməsi üçün bizim də bir payımız oldu.
Uşaqlar bu kitabları oxuyacaq, noutbuklara yüklənən elektron kitabxananın
vasitəsilə tapa bilmədikləri bədii, elmi ədəbiyyatı elektron kitabxanadan əldə
edə biləcəklər”.
Məktəbin məzunu, Mətbuat Şurası idarə Heyətinin
üzvü, "AZADİNFORM” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev məktəb kitabxanasına
göstərilən dəstəyə görə "NAR”-a təşəkkürünü bildirdi: "Əslində bütün
şirkətlərin elmə, təhsilə bu tərzdə qayğısı vacibdir. "NAR” bu istiqamətdə sosial
layihələr həyata keçirən şirkətlərdən ən öndə gedənidir. Bu, təhsilə, uşaqların
biliklərinin zənginləşməsinə göstərilən ən gözəl təşəbbüsdür. Ümid edirəm ki,
bu kitablardan bütün məktəb faydalanacaq”.
Məktəbin müəllimləri
yaxşı təhsilə yiyələnməyin, bədii ədəbiyyat mütaliə etməyin insanı böyük
yollara qovuşduracaqlarını yaxşı bilir və bunu şagirdlərinə də təlqin edirlər. Axı
hər kitab təkcə bir xəzinəyə deyil, neçə-neçə xəzinəyə də açardır. Bu kəndin
aşırımlarını aşmaq, böyük yollara qovuşmaq üçünsə səy, zəhmət, istək və təbii
ki, gecəli-gündüzlü mütaliə lazımdır.
Təranə Məhərrəmova
Bakı-Cəlilabad-Təzəkənd