• şənbə, 20 Aprel, 03:08
  • Baku Bakı 15°C

Ən yaxşı layihədir, amma... - ARAŞDIRMA

15.01.22 11:30 562
Ən yaxşı layihədir, amma... - ARAŞDIRMA
Ekspertlər deyirlər ki, İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsi uğurludur, ancaq hər kəs üçün əlçatan deyil. Mütəxəssislərin fikrincə, ən mükəmməl həll yolu kommersiya bankları tərəfindən ucuz faiz dərəcələri ilə kreditlərin verilməsidir.
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu günə qədər 1201 mənzili kirayə üsulu ilə vətəndaşlara verib. Yəni kirayədə yaşayan 1201 ailə mənzillə təmin olunub. Bəs kirayə üsulu ilə mənzillərin verilməsi nə dərəcədə effektivdir? Bu üsul evsizlərin mənzil problemini həll edə bilirmi?
"Proses ləng gedir”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, proses ləng gedir: "Prosesin gedişi göstərir ki, kirayə mənzillərə tələbat böyükdür. Sadəcə müəyyən texniki məsələlər işi ləngidir. Fond ilk olaraq mənzilləri tapır, onlar təmir olunur, sonra qiymətləndirmə prosesi gedir və nəhayət, satışa çıxarmaq bir müddət vaxt aparır. Məndə olan məlumata görə, növbəti 3 il ərzində fondun Bakı şəhəri üzrə müəyyən layihələri var, lakin konkret yerlər məlum deyil. Yəqin ki, növbəti ilin əvvəlində yerlər açıqlanacaq”.

Bazar qiymətlərindən 10-15 faiz artıq olsa da...
Qiymətlərin baha olmasına gəldikdə, ekspert deyir ki, fondun vətəndaşlara təklif etdiyi mənzillər tam təmirlidir: "25 il müddətində mənzillərin sığortası, ipoteka istiqrazları və s. məbləğlər üzrə faiz dərəcələri, təqribən 4 faizə gəlib çıxır. Və bu 4 faizlik məbləğ 25 illik müddətə mənzilin üzərinə əlavə olunduqda, təbii ki, bəzi vətəndaşlara qiyməti bir qədər baha görünə bilər. Bu rəqəmlər, təqribən analoji bazar qiymətlərindən 10-15 faiz artıq olsa da, burda ən vacib məqamlardan biri 25 il müddətinə müəyyən olunan kirayə haqqının dəyişməməsidir. Məsələn, vətəndaş 2020-ci ildə götürdüyü mənzilə görə aylıq 550 manat kirayə haqqı ödəyirsə, bu rəqəm 2045-ci ildə də eyni olacaq”.

"Rəqəmlərin böyük olduğunu demək ədalətsizlikdir”
Ekspert vurğulayır ki, rəqəmlərin böyük olduğunu demək ədalətsizlikdir: "Məsələn, Qara Qarayev metrosunun yanında fondun təklif etdiyi iki otaqlı mənzilin aylıq qiyməti 620 manatdırsa, həmin ərazidə təmirsiz, köhnə binada, daha kiçik ölçülərlə qiymət 500 manatdır. Vətəndaşa elə gəlir ki, 100-150 manatlıq fərq olduqca böyükdür. Amma vətəndaş müqayisə zamanı bir məsələni nəzərə almalıdır ki, mənzillərdən biri əla, digəri isə orta təmirlidir. Biri yeni tikilidədirsə, digəri köhnədir. Yeni tikililərdə olan mənzillərin qiyməti, demək olar ki, fondun təklif etdiyi qiymətlərə çox yaxındır. Burda rəqəmlərin böyük olduğunu söyləmək ədalətsizlik olar”.

Vətəndaş üçün təklif olunan ən yaxşı layihə...
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, İpoteka Kredit və Zəmanət Fondunun mənzillərin kirayə öhdəliyi ilə satılması mexanizmi digər layihələrdən daha yaxşıdır. Onun sözlərinə görə, tikinti şirkətlərinin verdikləri kreditlərdə faiz dərəcələri çox yüksəkdir: "Faiz dərəcələri illik 10 faizdən başlayır. Güzəştli mənzillər isə 4 faizdir. Mənzilin aylıq kredit qiyməti ərazi üzrə kirayə mənzil qiymətləri ilə, demək olar ki, eynidir. Fərq nədədir? Köhnə binalarda birotaqlı mənzilin ortalama aylıq kirayə qiyməti 300 manatdır. Amma həmin ərazidə yeni tikili binalardakı birotaqlı mənzillərdə təxminən 500-600 manat arası dəyişir. Fondun təklif etdiyi qiymət isə köhnə binalarla yeni binaların orta qiymətdir. 1 otaq köhnə binada 300, yeni tikilidə 500 manatdırsa, fondun təklif etdiyi kirayə mənzillərdə 400 manatdır. Digər layihələrdə rəsmi iş yeri, konkret maaş tələb olunur, ailə üzvlərinin sayı çıxıldıqdan sonra yerdə qalan maaş onu ödəməyə imkan verirsə, vətəndaşa kredit ayrılır. Bu layihədə isə rəsmi iş yeri olmasa belə, özəl şirkətdə VÖEN üzərindən çalışırsa, gəlirlərini göstərə bilirsə, kifayətdir. Hətta vətəndaş ölkədən kənarda çalışır, rəsmi gəlirini göstərə bilirsə, ona da belə layihələrdən yararlanma şansı verilir. Bu, vətəndaş üçün təklif olunan layihələrdən ən yaxşısıdır”.
Bəs gəliri az olan evsizlər?

Təbii ki, bir qisim insanlar köhnə binalarda birotaqlı evlərdə qalırlarsa, daha çox insanlar həyət evlərində 100-150 manat civarında yaşayır. Ekspert deyir ki, aztəminatlı ailələr üçün ayda 400-500 manat kirayə ödəmək, təbii ki, mümkün deyil: "Aylığın aşağı düşməsi üçün binanın maya dəyəri aşağı olmalıdır. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təklif etdiyi mənzillərdə aylıq ödəmə çox aşağıdır. Həmin binaların inşa olunduğu ərazilər MİDA-ya dövlət tərəfindən verilir. Bu gün tikintinin qiymətini artıran torpaq sahəsidir. Mənzillərin kirayə öhdəliyi ilə satışı mexanizmində də mənzillər tikinti şirkətlərindən alınır. Ona görə də, ümumi qiymət yuxarı olduqca, aylıq ödəniş yüksək olur. Bu səbəbdən qiymətlər aztəminatlı ailələr üçün uyğun deyil”.

"Mənzillərə ucuz da demək olmaz”
Ekspert Rəşad Əliyev də təsdiqləyir ki, bu proqram hamının problemini həll edə bilmir: "Layihə hər kəsə əlçatan deyil. Çünki problemli insanların sayı daha çoxdur. İkinci mənfi tərəflərdən biri odur ki, seçimi fond verir. Siz yerləşməni seçə bilmirsiniz. Üstəlik, həmin mənzillərə ucuz da demək olmaz”.
"Dövlət bütün yükü üzərinə götürə bilməz”
Ekspert vurğulayır ki, hamıya əlçatan olması üçün bu prosesin ən mükəmməl həll yolu kommersiya bankları tərəfindən ucuz faiz dərəcələri ilə kreditlərin verilməsi ola bilər: "Normal inkişaf etmiş ölkələrdə olduğu kimi adi kommersiya bankları faiz dərəcələrini endirsə, bu, problemin köklü şəkildə həll edilməsinə kömək edəcək. Bizim gördüyümüz isə sadəcə olaraq dövlət proqramıdır. Dövlət bütün yükü öz üzərinə götürə bilməz. Layihənin məqsədi vəziyyəti müəyyən qədər yüngülləşdirməkdir. Amma bu, problemin həlli deyil”.
Aygün ƏZİZ

Kirayə evlər


banner

Oxşar Xəbərlər