“Ən böyük tənqidçim qızımdır” - Mənim balam
"Mənim
balam” rubrikamızın qonağı Əməkdar artist, tanınmış aktyor Anar Heybətovdur. Fevralın 5-də aktyorun yeganə övladı Almazın
7 yaşı tamam olub. Qızına "anam” deyə müraciət edən aktyor həmin gün ən səmimi
diləkləri ilə gözəl gələcəyin, xoş anların övladının qismətinə yazılmasını diləyib.
Biz də A.Heybətovun qızının doğum gününü təbrik edib, aktyordan övladını xəbər
aldıq. Bu dəfə Anar Heybətovu bir ata kimi tanımağa çalışdıq. İşlərinin
çoxluğundan qızı ilə az zaman keçirən aktyor, qızının onun üçün ən dəyərli
varlıq olduğunu qeyd etdi.
- Anar bəy, qızınızı tərbiyə edərkən hansı
üsuldan yararlanırsınız?
- Açığı,
özümə məxsus tərbiyə metodum yoxdur. Almaz ailəmizə 8 ildən sonra gəlib. Nənə,
babası tərəfindən müdafiə olunur. Ona görə də bir az ərköyündür. Ancaq biz
bunun qarşısını almağa çalışırıq. Təbii ki, hər ailənin övladına yanaşma və tərbiyə
metodu var. Misal üçün, biz ailədə bir bacı və bir qardaş olmuşuq. Valideynlərimiz
bizi cəzalandırmaq üçün küncə qoyurdular. Saatlarla o küncdə qalırdıq.
Bizim də
öz tərbiyə üsulumuz var. Çalışıram ki, imkan olsa da, qızımın hər istədiyini yerinə
yetirməyim.
- Adətən ərköyün uşaqlar "yox”un, "olmaz”ın nə
olduğunu bilmir. Bəs Almaz necə?
- Əlbəttə
bilir. Uşağın hər istədiyini ona vermək düzgün deyil. Onun istədiklərini imkan
daxilində etməyə çalışmışam. Misal üçün, hansısa şirniyyata həvəsini salır və hər
dəfə onu israrla tələb edir. Bilir ki, mənə desə, xətrinə dəyməyəcəm və istədiyini
alacam. Çalışıram, hər şeyi danışaraq həll edim. İndiki uşaqlar bizim
uşaqlığımızdan çox fərqlənir. Onlar daha çevik, zəkalı və ağıllıdırlar. Almaz hərdən
elə fikirlər səsləndirir ki, onun sözlərində məntiq olduğunu görürəm. Ancaq biz
uşaq ikən elə düşünməmişik. Bizim uşaqlığımız daha saf olub.
- Qızınızla söhbət edirsinizmi? Onun fikirlərini nə
qədər ciddiyə alırsınız?
- Əlbəttə,
zaman olduqca övladımla söhbət edir, oyunlar oynayırıq. Qızımla söhbət edəndə,
hesab edirəm ki, qarşımda böyük biri dayanıb. Heç də Almazın fikirləri mənə
uşaq təsiri bağışlamır. Mən qızımla söhbət etməyə o qədər də çox zaman tapmıram. O bütün gününü anası ilə keçirir, ona çox bağlıdır. Bu da mənə çox xoş təsir bağışlayır.
- Qızınıza daha çox "anam” deyə müraciət
edirsiniz. Bu, nədən qaynaqlanır?
-
Övladıma anamın adını qoymuşam. Anam onu görmədən dünyasını dəyişib. Hərdən evdə
onu "anam” deyə səsləyirəm. O da bundan istifadə edir. Nəyisə istəyəndə deyir
ki, mən sənin ananam, anaya hər şey olar. Hərdən mənimlə zarafat edib, məni
"oğlum” deyə səsləyir.
- Sizi səhnədə izləyəndə hansı reaksiyanı verir?
- O mənim
canlandırdığım tamaşaların bir çoxuna baxıb. Sonuncu dəfə "Buratino” tamaşasına
baxmağa gəlmişdi. Həmin tamaşada Bazilionu oynayırdım. Tamaşadan sonra mənimlə
şəkil çəkdirdi və üzümə qəribə şəkildə baxdı.
Aktyor
dostlarım deyir ki, bizim ən yaxşı tənqidçimiz Almazdır. Tamaşaya baxdıqdan
sonra onun fikirlərini soruşuruq. Tamaşa haqqında elə gözəl analiz verir ki,
baxırıq, hardasa düz deyir. Bizim bir tamaşamızı bəyənməmişdi. Mən də bunu
tamaşada oynayan aktyor həmkarlarıma bildirdim. Onlar da dedilər ki, həmin gün
tamaşa o qədər də yaxşı alınmamışdı. Bir dəfə qızım "Ölülər” tamaşasına baxanda,
birinci hissə bitəndə onun yanında oturan iki nəfər fasilə zamanı obrazımı
müzakirə ediblər. Bu ona təsir edib və özündən asılı olmayaraq, söhbətlərinə
müdaxilə edib. Bildirib ki, müzakirə etdiyiniz insanın obrazının adı İsgəndərdir,
həyatda adı Anardır.
- Sizi efirdə
görəndə də tənqidi fikirlər söyləyir?
- Məni
televiziyada görəndə, çox zaman özüm evdə olmuram. Evə gələndə məni görüb,
deyir ki, televiziyada idin, filan obrazı oynadın. Hətta elə olur ki, efirdən
görə bilmir, onu "Youtube”-dan izləyir. Deyir ki, filan şeyi yaxşı elədin,
filankəsə bu hərəkəti düzgün etdin. Anlamır ki, mən orada obrazdayam, başqasının
həyatını canlandırıram. Almaz 5-6 aylığında mənimlə birgə "Pərvanələrin rəqsi”
serialında rol alıb. İndi hamıya deyir ki, mən kinoya çəkilmişəm (gülürük).
- Sizcə, nə üçün qız övladları ataya daha çox bağlı
olurlar?
- Mən
bunu bizim milli mentalitetimizlə əlaqələndirirəm. Qızlarımız atalarının xanıma
qarşı olan diqqət, istək, hörmət, qayğısını görürlər. Məhz bu səbəbdən atanı
daha çox istəyirlər. Bizim evdə də hər zaman belə olub - bacım atamı, mən anamı
çox istəmişəm. Əslində hər ikisi də bizim üçün əziz olub. Ancaq hərəmiz bir
valideynə daha çox bağlı olmuşuq.
- Qızınıza zaman ayıra bilirsinizmi?
- İşlərimin
çoxluğundan ona az zaman ayırıram. Mən axşam işdən evə gedəndə, o yatmış olur.
Evə bir az tez gələndə çox sevinir. Bizim onunla uşaqcasına qəribə oyunlarımız
var, deyib-gülürük, zarafatlaşırıq. İmkan daxilində onunla oynayıram. Evdə
kiçik səhnəciklər qururuq, ana-oğul oynayırıq. O, bu oyunu çox sevir. Bu onun ən
sevimli oyunudur deyə, oyunun zamanını uzatmağa çalışıram. Anam kimi danışır, mənə
yemək bişirir, guya mənə iynə vurur, məni sağaltmağa çalışır.
- Qızınızın sənətinizin davamçısı olmasını istərdinizmi?
- İstəmərəm,
çünki aktyorluq çox çətin sənətdir. İşimiz kiməsə kənardan rahat və asan görünə
bilər. Bu sənətdə bəzi şeylərə dözmək elə də asan deyil. Ağır bir sənət yolunda
tab gətirmək hər adamın öhdəsindən gələ biləcəyi bir iş deyil. İstəməzdim ki,
Almaz aktrisa olsun, mükəmməl təhsil alıb dövlət işində daim inkişaf etməsinə
daha çox üstünlük verərdim. Hərdən özündən gələcəkdə kim olmaq istədiyini
soruşanda, deyir ki, "hələ qərar verməmişəm. Bu qərarı vermək üçün bir az
tezdir”.
- Bəs gələcəkdə seçim anında israrla aktrisa olmaq
istədiyini desə?
-
Aktrisa olmaq istəsə, çalışaram ona mane olum. Demirəm ki, qoymaram, qadağan edərəm,
yox. Ancaq bu sənətin çətinliklərinə görə bir ata kimi qızımın aktrisa olmasına
razılıq vermərəm. Bu, Allahın işidir, qismətdən artıq yemək olmaz, yaşayarıq
görərik.
- Gələcəkdə bir ata olaraq onun seçiminə necə,
müdaxilə edəcəksinizmi?
-
Çalışacam ki, etməyim. Ancaq bir valideyn olaraq ona doğru yolu göstərmək, nəyin
yanlış, nəyin düz olduğunu demək mənim borcumdur. Çox istərdim ki, Almaz gələcəkdə
yaxşı, peşəkar bir həkim olsun.
- Nəyə görə bizim atalar qızlarının ya həkim,
ya da müəllim olmasını istəyirlər?
- Mənim
anam çox istəyirdi ki, həkim olum, amma olmadım. Mən istəyərəm ki, anamın həmin
arzusunu qızım gerçəkləşdirsin. Həm də ki, insanların sağlamlığına xidmət etməkdən
gözəl nə var?
- Digər həmkarlarınızdan fərqli olaraq siz
övladınızı mediadan, cəmiyyətdən gizlətmirsiniz. Övladını mediadan gizlədən məşhurlar,
bunu uşaqlarının gözə gələ biləcəkləri ilə əsaslandırırlar.
-
Hardasa gözə-nəzərə inanıram, düşünürəm ki, əgər övladıma nəzər dəyəcəksə, bu mənim
də gözüm ola bilər. Öz övladlarını mediadan, televiziyadan gizlədən həmkarlarımın
fikrinə hörmətlə yanaşıram. Hər insan fərqli xüsusiyyətə malikdir. Amma mən burda
pis nəsə görsəydim, yəqin ki, mən də paylaşmazdım.
- Özünüz necə uşaq olmusunuz?
- O qədər
də dəcəl olmamışam. Ailədə 2 uşaq olmuşuq. Bir-birimizə çox bağlıyıq. Uşaq
yaşlarımdan ən yaxın dostum elə bacımın özü olub. Nəyisə düz etməyəndə onu
bacım qədər izah edən olmayıb. Etdiyim səhvləri ən xırda detallarına qədər mənə
başa salıb.
- Deyirlər, "qızını döyməyən dizinə döyər”. Bu fikirlə razısınızmı?
- Şiddətli
şəkildə uşaqların döyülməsinin tərəfdarı deyiləm. Sosial şəbəkələrdə belə
hallarla rastlaşırıq. Əsas odur ki, uşağı nəzarətsiz buraxmayasan. Nəinki qızı,
bütün uşaqları nəzarətsiz buraxsan, başına da döyərsən, dizinə də.
- Sizcə, döymək tərbiyə üsuludurmu?
- Əlbəttə
ki, döymək tərbiyə üsulu deyil. Kim uşağını döyürsə, o, mütləq psixoloqa müraciət
etməlidir. Yəqin əsəbləri yerində deyil ki, uşağa şiddət tətbiq edir. Mən buna
pis baxıram. Ola bilsin insandır, əsəbləri pozulub və uşağın nadincliklərinə əsəbləri
tab gətirmir. Amma uşaq artıq hərəkət edəndə, ona bir-iki dəfə yumşaq şəkildə çəkməyə
normal baxıram.
- Qızınızı cəzalandırarkən hansı cəza üsulundan
istifadə edirsiniz?
- Mən cəzalandırmıram.
Almaza bir dəfə "yox” deyəndə, o hər şeyi başa düşür. Və sözümün üstünə söz
demir.
Xəyalə Rəis