• çərşənbə axşamı, 23 aprel, 19:13
  • Baku Bakı 20°C

Ən böyük sərvət

28.05.21 00:00 1766
Ən böyük sərvət
Azərbaycan Cümhuriyyət bayramını ilk dəfə qalib ölkə kimi qeyd edir
Düz 103 il bundan öncə müsəlman Şərqində ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. 1918-ci il mayın 28-də qəbul olunan İstiqlaliyyət Bəyannaməsində qeyd olunurdu ki, Azərbaycan xalqı suveren hüquqların daşıyıcısı, Azərbaycan Cümhuriyyəti müstəqil dövlətdir. Dinindən, irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq, yeni yaranmış dövlətin ərazisində yaşayan bütün vətəndaşlara bərabər hüquqlar tanınırdı. AXC cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Məhz həmin dövrdə demokratik təsisatlar yaradılıb, ordu quruculuğu sahəsində böyük işlər görülüb, müsəlman Şərqində, ilk dəfə olaraq, qadınlara səsvermə hüququ verilib. Təəssüflər olsun ki, cəmi 23 aydan sonra – 1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunub və bununla da müstəqilliyə son qoyulub.


Milli mahiyyət daşıyan Dövlət Bayrağı

Həmin vaxt endirilən ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı bir daha 70 il sonra Naxçıvan Muxtar Respublikasında dalğalanıb. Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirilib. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından "Sovet” və "Sosialist” sözləri çıxarılıb, onun "Naxçıvan Muxtar Respublikası” adlandırılması, həmçinin Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərarlar qəbul olunub. Bununla yanaşı, Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründəki üçrəngli bayraq Naxçıvan MR-in Dövlət Bayrağı kimi qəbul olunub. Birinci sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilib.


Dövlətçilik ənənələri və suverenlik

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyasında isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktında qeyd olunub ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verib. Beləliklə Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edə bilib. Bununla yanaşı, həmin dövrdə ölkədə mövcud olan hərc-mərclik və hakimiyyət böhranı, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müstəqil dövlət quruculuğu prosesinə böyük zərbə vurub. Yalınız 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb, Azərbaycanın dövlətçilik ənənələri və suverenliyi bərpa olunub.


Xalqımıza qalan miras

İstər ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də onun layiqli varisi İlham Əliyevin Prezidentliyi müddətində AXC qurucuları həmişə böyük hörmətlə anılıb və onların əziz xatirəsi daim uca tutulub. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxış edən ümummilli lider Heydər Əliyev AXC-nin fəaliyyətinə xüsusi qiymət verərək deyib ki, o dövrdə qısa zamanda çox böyük işlər görülüb. Onun sözlərinə görə, ilk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaradılıb, ilk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss edib, görüb. Ulu öndər AXC-ni ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. Vurğulayıb ki, AXC-nin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilib. Onun fikrincə, AXC rəhbərləri öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdıb, xalqımıza müstəqillik ənənələri qoyub gediblər. Ulu öndər Heydər Əliyev Azərbaycanda Demokratik Cümhuriyyətin yaranması gününün hər zaman əziz tutulduğunu xatırladaraq, həmin tarixin Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan olunduğunu və milli bayramımız kimi qeyd edildiyini vurğulayıb.


AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər

Prezident İlham Əliyev də AXC-nin elan olunmasını, bu prosesdə iştirakçı olan Azərbaycan ziyalılarının rolunu yüksək qiymətləndirib. Dövlət başçısının imzaladığı sərəncamla Bakının mərkəzində AXC-nin şərəfinə abidə ucaldılıb, Xalq Cümhuriyyəti qurucularının adları əbədiləşdirilib. Hər il 28 May Respublika Günündə Prezident İlham Əliyev tərəfindən bu abidə ziyarət olunur. Bununla yanaşı, Prezident İlham Əliyev 16 may 2017-ci il tarixdə AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Bu sərəncamlardan irəli gələrək Azərbaycanda və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

"Biz haqlı olaraq fəxr edirik ki...”

100 illik yubiley münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev AXC-nin yaradılmasını tarixi hadisə kimi dəyərləndirib və Azərbaycan xalqının müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmasından fəxr hissi keçirdiyini dilə gətirib: "İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. ...Biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. ...Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili - ana dili bütün təhsil müəssisələrində qəbul edilmişdir. ...Bir sözlə, görülmüş işlər çox idi. Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin....Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi”.


Demokratik Cümhuriyyətin layiqli varisi

AXC-nin layiqli varisi kimi müstəqil və müasir Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib, beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilib. Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafını təmin edib. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) xüsusilə qeyd olunmalıdır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.


Müzəffər Ali Baş Komandan, qalib ölkə

Onu da xatırlatmaq yerinə düşər ki, bu il AXC-nin 103 illiyi ilə bərabər, Azərbaycanın müstəqilliyinin 30 ili tamam olur. Ötən 30 il ərzində Azərbaycan ilk dəfədir ki, həm Cümhuriyyət Bayramını, həm də müstəqillik gününü qalib bir ölkə olaraq qeyd edəcək. Ötən il sentyabrın 27-də başlayan və noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan özünün ən böyük problemini – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edə bilib. 30 ilə yaxındır davam edən bu problem Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz tərəfindən hərb yolu ilə həll olunub. Rəşadətli Ordumuz Ermənistan silahlı birləşmələrini işğal etdikləri torpaqlarımızdan qovub, düşmənin belini qırıb, ərazi bütövlüyümüzü təmin edib. Qısa zamanda İran və Ermənistanla dövlət sərhədində sərhəd xidmətinin yeni hərbi hissələri yaradılıb, sərhədlərin etibarlı mühafizəsi təşkil olunub. Bununla paralel olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb. Hazırda bu ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq tədbirləri həyata keçirilir, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi üçün Böyük Qayıdış layihəsi çərçivəsində mühüm işlər görülür. Müstəqilliyimizi ən böyük sərvətimiz, nemətimiz, xoşbəxtliyimiz hesab edən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağı, qarşısına qoyduğu hədəflərə çatacağı, xalqımızın daha xoşbəxt günlər yaşayacağı şübhəsizdir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər