• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Emil Qasımov: Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki...

05.04.21 19:45 1446
Emil Qasımov: Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki...
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da iki aydan artıqdır ki, əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi prosesi aparılır. Ölkəmizdə həmin prosesə yanvarın 18-dən başlanılıb və əvvəlcə tibb işçiləri, sonra risk qrupuna daxil olan əhali kateqoriyaları peyvənd edilib. Hazırda həmin tədbir 40 yaşdan yuxarı olanlar arasında könüllülük prinsipi əsasında davam etdirilir. Peyvənd vurulması ilk vaxtlarla müqayisədə indi daha sürətlə gedir. Statistika göstərir ki, ölkəmiz peyvəndləmə səviyyəsinə görə MDB ölkələri arasında liderdir.
"CoronaVac” vurdurmaqdan çəkinmək və fəsadlarından ehtiyatlanmaq bir qədər absurddur
AZƏRTACxəbər verir ki, "Yeni həyat” klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib: "Peyvənd XX əsrin ortalarından etibarən təbabətdə istifadə edilir və infeksion xəstəliklərin müalicəsində və profilaktikasında tibbin əldə etdiyi ən böyük uğurlardan biri sayılır. Məsələn, bir çox xəstəliklər, o cümlədən çiçək xəstəliyi peyvəndlərin hesabına elminasiya edilib, demək olar ki, ona rast gəlinmir. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyası olan SARS-CoV-2 virusuna qarşı tətbiq edilən peyvənd də onlardan biridir, necə ki, uzun illərdir qripə qarşı peyvənd tətbiq edilir. İndiyədək Azərbaycanda istifadə edilən Çinin "Sinovac” şirkətinin "CoronaVac” vaksini ənənəvi metodlar əsasında, yəni ənənəvi texnologiya ilə hazırlanmış inaktiv peyvənddir. Ona görə də onun fəsadları minimaldır, öldürücü, mortal bir ağırlaşma halı müşahidə edilməyib. Bir çox ölkələrdə həmin vaksindən istifadə edilir. "CoronaVac” vurdurmaqdan çəkinmək və fəsadlarından ehtiyatlanmaq bir qədər absurddur.
Hazırda dünyada 7-8 peyvənddən istifadə olunur və Azərbaycanda tətbiq edilən "CoronaVac” peyvəndi barədə iki ölkədən məlumatlar əldə edilib. Braziliyada aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, peyvənddə 50-51 faiz xəstəlikdən qoruyuculuq var. Qonşu Türkiyədə Hacıtəpə Universitetindən əldə edilən məlumata görə, qoruyuculuq 83 faizdir. Əsas vacib olan odur ki, virusa yoluxanda belə ağırlaşma olmasın, xəstəxana şəraitində müalicə olunmağa və reanimasiyaya düşməyə ehtiyac yaranmasın. Xəstəxanaya düşmə və ağırlaşma halları sahəsindəki göstəricilərə görə, Braziliyada və Türkiyədə əldə edilən nəticələrə eynidir - hər ikisində 100 faiz qoruyuculuq var. Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək, ağciyərlərin tutulma ehtimalı, süni nəfəs aparatına qoşulmağa ehtiyac yaranmasın və ölüm sayı azalmış olsun. Buna nail olsaq, COVID qorxunc xəstəlik olmayacaq. "CoronaVac” peyvəndinin də effektivliyi bundan ibarətdir”.
Hər iki dozanı eyni peyvənddən vurdurmaq məsləhətdir
Müsahibimiz bildirib ki, COVID-19-a qarşı tətbiq edilən peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi isə hələlik məlum deyil: "Zaman keçdikcə peyvəndin vurulması təkrarlana bilər, amma hələlik onun qoruyuculuğunun nə qədər çəkəcəyi tam bəlli deyil. Əvvəlki təcrübəyə və tənəffüs yolu infeksiyalarında istifadə edilən digər peyvəndlərə görə, onun altı ay-bir il müddətində qoruyuculuğunu saxlayacağı ehtimal edilir.
Aprelin 4-də ölkəmizə İngiltərə və İsveçin birgə hazırladığı "AstraZeneca” peyvəndi gətirilib. Sonrakı günlərdə "Sputnik V”, "Pfizer-BioNTech” və "Moderna” peyvəndlərinin gətirilməsi də nəzərdə tutulub. Bütün peyvəndlər ölkəmizə gətirilərək 8-10 milyon əhalinin peyvəndlənməsi üçün tədbirlər görülür. Lakin hansı peyvəndin vurulması məsələsinə gəldikdə hər iki dozanın eyni peyvənddən vurdurmaq məsləhətdir. İlk dozada deyək ki, "CoronaVac” peyvəndi vurdurmuş şəxsin 28 gün sonra eyni partiyadan olan peyvənd dozası vurdurması daha düzgündür. Belə ola bilər ki, kimsə Rusiyada, Ukraynada və ya hansısa ölkədə birinci dozanı başqa peyvənd vurdurub, ikinci dozanı isə Azərbaycanda olarkən vurdurmalıdır, qaçırmamaq üçün ikinci dozanı başqa firmanın istehsal etdiyi peyvənd vurdura bilər.
Təəssüf ki, bizim ölkəmizdə anticisimləri yoxlatmaq bir qədər necə deyərlər, dəb halını alıb. Əslində anticisimlərin yoxlanılması Ümumdünya Səhiyyə Təşkilatı və digər cəmiyyətlər tərəfindən məsləhət görülən üsul deyil. Doğrudur, anticisimlərin olması qoruyuculuğun yaranmasını göstərir, ancaq bu, homoral immunitetdir. Elmi araşdırmalar nəticəsində gəlinən qənaətə görə burada əsas məsələ hüceyrə immunitetinin yaranmasıdır. Bu o deməkdir ki, kimsə xəstələnir və ya peyvənd vurdurursa, onda bu xəstəliyə qarşı hazırlıq var. Aparılan müayinə zamanı anticisimlər neqativ ola bilər, lakin bu o demək deyil ki, onda qoruyuculuq yoxdur. Nəticə olaraq onu demək istəyirəm ki, anticisimlərin yaranması və yüksək miqdarda olması qoruyuculuğu göstərir, lakin normal səviyyədən yüksək olmaması da virusa qarşı immunitetin olmaması demək deyil. Ola bilər ki, anticisimlər yüksək səviyyədə deyilsə də normaldır, amma vurulan peyvəndə görə orqanizmin hüceyrə immuniteti var. Anticisimlərin olmaması təlaş yaratmamalıdır. Anticisimlərə görə qiymət vermək çox əhəmiyyətli deyil, müddət çox əhəmiyyətlidir. Tibb işçilərinə xəstələndikdən üç ay, adi vətəndaşlara isə altı ay sonra peyvənd olunması məsləhətdir”.
Xəstəliyin ağır keçirilməsinin beş səbəbi
Xəstəliyin ağır keçirilməsi səbəbləri barədə məlumat verən şöbə müdiri deyib: "Burada beş risk faktoru var. Birincisi, yaşla əlaqədardır, 60-65 yaşdan yuxarı olanların xəstəliyi ağır keçirmək ehtimalı yüksəkdir. İkincisi, kişilər qadınlarla müqayisədə daha ağır keçirirlər. Üçüncüsü, yanaşı xəstəliklərin olması, şəkərli diabet, yüksək təzyiq, xərçəng xəstələri və artıq çəkisi olanlar risk qrupuna daxildirlər. Dördüncüsü, genetik faktorlardır. Yəni xəstəliyi ağır keçirənlərin yaxın qohumlarının da onu ağır keçirməsi halları müşahidə olunur. Beşincisi, viral yükdür. Viral yükə tibb işçiləri arasında və qapalı yerlərdə işləyənlər arasında daha çox rast gəlinir. Bu o deməkdir ki, virusa nə qədər çox məruz qalarsansa, xəstəliyi bir o qədər ağır keçirərsən.
Lakin bunlar heç də bütün hallarda özünü doğrultmur. Riyaziyyatdan fərqli olaraq tibb elmində heç də "iki dəfə iki dörd edər” prinsipi ilə məsələyə yanaşmaq doğru deyil. Məsələn, yaşı 70 və daha yuxarı kişilər arasında yanaşı xəstəlikləri olub COVID-ə yoluxanlar arasında da onu çox yüngül keçirənlərlə rastlaşırıq. Lakin risk qrupunda olanların infeksiyanı ağır keçirmək ehtimalı böyükdür. Yaş risk faktorudur və yaşı çox olanlar özlərini qorumalıdırlar. Hətta xəstəliyi yüngül keçirən gənclər də öz valideynlərini qorumaq qayğısına qalmalıdırlar.
SARS-CoV-2 virusu mutasiyaya meyillidir və vaxtaşırı dəyişikliyə uğrayır. Bu dəyişikliklər bəzən müsbət, bəzən də mənfi istiqamətdə olur. Hazırda virusun çoxlu populyar mutasiyası ola bilər, lakin daha çox populyar olan üç mutasiya forması var: Britaniya, Braziliya və Cənubi Afrika ştammları. Onların arasında daha çox yayılanı "Britaniya ştammı”dır və onun mutasiyaya uğraması nəticəsində yoluxduruculuğu da artıb. Çində yayılmağa başlayan COVID-19 virusu deyək ki, dörd-beş xəstəni yoluxdura bilirdisə, "Britaniya ştammı” bundan 70 faiz daha çox insanı yoluxdurmaq qabiliyyətinə malikdir və bu, çox təhlükəlidir. İndiki vaxtda yayılan infeksiyanı üçüncü dalğa hesab etsək, güman edirəm ki, bu ştammların rolu ola bilər. Məsələn, əldə etdiyimiz məlumatlara görə, qonşu Türkiyədə həmin ştamm daha çox müşahidə edilir. Həmin mutantla bizim də qarşılaşmaq ehtimalımız çoxdur”.
banner

Oxşar Xəbərlər