Əməliyyatlarını musiqi sədaları altında edən cərrah - Uğur hekayəsi
Möcüzələrə inanır. Deyir ki, etdiyi cərrahi əməliyyatlar
və qarşılaşdığı nüanslar sübut edir ki, həkimin sağalmasını mümkünsüz hesab
etdiyi xəstəlik, bir gün möcüzə nəticəsində sağala bilər. Onun fikrincə, hər kəsin
taleyində müəyyən yol var. O yolda sağlamlıqla bağlı bir problem olanda, həkimlər
sadəcə vasitəçi olur. Gerisi insanın özündən və inamından asılıdır.
Müsahibimiz həkim-oftalmoloq, Silahlı Qüvvələr Baş
Klinik Hospitalının həkimi, Azərbaycanda keratakonus xəstəliyi üzrə ən yaxşı cərrahlardan
hesab olunan Fidan Abdullayevadır.
Həmsöhbətimiz Azərbaycan Tibb Universitetində
müalicə-profilaktika fakültəsində təhsil alıb. Universiteti fərqlənmə ilə
bitirdikdən sonra Türkiyədə İstanbul və Səlcuq universitetlərində çəpgözlük üzrə
ixtisaslaşıb. Təhsilini Almaniyada Mainz Universitetində davam etdirib,
keratokonus və refraktiv cərrahiyyə kursu keçib. Daha sonra 3 aylıq Hindistanın
Nagpur şəhərində Mahatme Eye Hospitalda 100-dən çox əməliyyat edərək katarakta
cərrahiyyəsi üzrə kurs keçib. 2011-ci ildə könüllü olaraq Pakistana gedərək 2
ay Trust hospitalda 200-ə yaxın katarakta, qlaukoma əməliyyatları edib. Hazırda
Türkiyə, Avropa, Amerika oftalmoloji dərnəklərinin üzvüdür. 2004-cü ildən
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında oftalmoloq kimi çalışır.
- Fidan
xanım, adətən qız uşaqlarının əksəriyyəti uşaqlıqdan həkim olmaq istəyir. Sizdə
də sənət sevgisi uşaqlıqdan gəlir?
- Anam həkim olmağı çox arzulayırdı. Öz xəyalı həyata
keçmədiyi üçün məni həkim kimi görmək istəyirdi. Elə uşaqlıqdan ancaq həkimliklə
bağlı oyuncaqlarım olurdu. Düşünürdüm ki, bu sənət çox maraqlıdır. Tibb
Universitetinə daxil olduqdan sonra yadımdadır, qohumumuzun gözünə virus
düşmüşdü. Mən də, hələ tələbəlik illərində kitablardan oxuyaraq, onu müalicə
etməyə başladım. Müalicəm öz effektini verdi. O vaxta qədər göz həkimi olmağı
düşünmürdüm. Bu müalicədən sonra istiqamətimi seçdim ki, bu sahədə özümü
inkişaf etdirməliyəm.
- Karyeranıza
nəzər yetirdikdə görürük ki, xarici ölkələrdə qatıldığınız konfranslar, kurslar
az deyil. Sizcə, xaricdə təhsil almağın əhəmiyyəti nədir?
- Xaricdə təhsil almağın əhəmiyyəti çoxdur. Həkim
üçün isə bu, vacibdir. Çünki orada öyrənmək üçün imkanlar genişdir və ən əsası
sənə xəstəni müayinə etmək imkanı verirlər. Hər şeyi nəzəriyyədən yox, təcrübədən
öyrənirsən. Xaricdə həkimlər öyrənmək istəyənə xüsusilə dəstək olur, əhəmiyyət
verirlər. Avadanlıqları çox güclüdür. Mənə elə gəlir ki, xaricdə təhsil almayan
həkim mükəmməl həkim ola bilməz. Tək Azərbaycanın sərhədlərində qalmaqla, mükəmməl
həkim olmaq mümkün deyil.
- Ən çox
keratakonus əməliyyatı edən həkim kimi tanınırsınız. Ümumiyyətlə, keratakonus nədir
və ölkəmizdə bu xəstəlik kifayət qədər çoxdurmu?
- Bəli, Azərbaycanda çoxdur. İlk dəfə keratakonusla
bağlı kursu Almaniyada keçdim. İspaniyada davam etdirərkən gördüm ki, bu xəstəliklə
bağlı Küveytdən gələn xəstələr həddindən artıq çoxdur. Azərbaycanda isə öz təcrübəmdən
deyə bilərəm ki, Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən
çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox
yayılır. Xəstəliyin yaranma səbəbi məlum deyil. Adətən 14-15 yaşdan sonra
meydana çıxır. Özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə
azaldır. Ona görə də, kiminsə genetikasında keratakonus varsa, onlar mütləq
müayinədən keçməlidir. Ən təhlükəlisi odur ki, keratakonusla gedən zəiflik bərpa
olunmur. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir. Biz əməliyyatla
gözün zəifliyini bərpa etmirik, sadəcə zəifliyin gedişatını dondura bilirik.
Keratakonusda görmə bərpa olunmur, xəstəni incitmədən korluğa doğru aparır. Onu
da qeyd edim ki, Azərbaycan MDB ölkələrinin içində ən çox keratakonus xəstəliyinin
olduğu ölkələrdəndir.
- Karyeranız
dövründə əməliyyatlarınızın sayını unutduğunuzu deyirsiniz. Maraqlıdır, sizə təsir
edən hansısa əməliyyatınız olubmu?
- Sayını bilməsəm də, ən çox etdiyim əməliyyatlar
keratakonusdur. Mənə təsir edən əməliyyatlarım çox olub. Bunlardan biri Xəlil
Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın əməliyyatı idi. Dedi ki, mən
kitablar tərcümə edirdim, indi gözlərim görmür və kiməsə möhtacam. Möhtac olmaq
istəmirəm... Bir gündə iki gözünü əməliyyat etdim və səhəri gün əla görməyə
başladı. İndi də onun hanısısa yazısını oxuyanda, düşünürəm ki, burada mənim də
köməyim var. İkinci ən təsirli əməliyyatım isə daun xəstəsi olan qız uşağı idi.
Keratakonus xəstəliyi var idi və bir gözü tamamilə sıradan çıxmışdı. Digər gözündə
isə şans az idi. Mən dedim ki, sıradan çıxan gözü əməliyyat etməyəcəm. Çünki
onu əməliyyat etmək risk idi və mənə görə onsuz da mənası yox idi. Uşağın anası
ağladı ki, hər iki gözünü əməliyyat et. Deyirdi ki, yuxuda görüb ki, əməliyyatın
effekti olacaq. Yardım məqsədilə etdiyim əməliyyatlardan biri idi. Ananın
xahişindən sonra, hər iki gözünü əməliyyat etdim. İnanın ki, bir neçə aydan
sonra xəstə gəldi və mən təəccübləndim. Deşilmək təhlükəsində olan bir gözü
tamamilə bitişmişdi və həmin gözü ilə mənə hərfləri oxudu. Anası dedi ki, mən
yuxuda görmüşdüm və bilirdim ki, görəcək.
- Sizcə, bu,
möcüzə idi? Ümumiyyətlə, möcüzələrə inanırsınızmı?
- Bəli, bu, mümkünsüz idi və mən artıq möcüzələrə
inanıram. Əvvəllər bu sualı mənə versəydilər, inkar edərdim. Amma zaman keçdikcə,
karyeramda da qarşılaşdığım hadisələr məni inandırır. İnsan həyatında Allahın
verdiyi elə istiqamətlər var ki, onu heç kim döndərə bilməz. Biz həkimlər sadəcə
vasitəçiyik.
- Könüllü
kimi təkcə Azərbaycanda deyil, Pakistanda, Hindistanda da pulsuz əməliyyatlar
etmisiniz...
- Həyatda bəzi nüanslar var ki, onun əvəzi yoxdur.
Kimin nə qədər ruzisi varsa, onu da alacağıq. Amma hər bir həkim imkanı olmayan
xəstələrə kömək etməlidir. Düzdür, bəzən olur ki, xəstə deyir ki, mən eynəkdən
azad olmaq istəyirəm, məni pulsuz əməliyyat edin. Mən ona açığı deyim ki,
yardım edə bilmərəm. Bu, kef əməliyyatıdır. Əgər imkan yoxdursa, eynək taxa bilər.
Amma keratakonus xəstəsini pulu yoxdur deyə, əməliyyat etməsəm, günü-gündən
görməsi gedəcək və kor olacaq. Bu, mənim üçün böyük bir vicdan əzabı olar ki,
adam gəldi və onu pula görə əməliyyat etmədim. Ən dəhşətlisi isə əməliyyat etmədiyim
üçün cavan qızın və oğlanın dünya işığından məhrum olmasına vəsilə oldum. Bu,
ağır vicdan əzabıdır. Hansısa imkanı olmayan xəstənin sevinci, ondan aldığım
müsbət enerjinin qiyməti yoxdur. Mənəvi dəyər mənim üçün maddiyatdan da önəmlidir.
- Xəstələriniz
deyir ki, əməliyyatlarınızı musiqi sədaları altında edirsiniz...
- Uşaqlıqdan musiqini sevirəm. İlk başlayanda cərrah
kimi müəyyən həyəcan, stress olur. Çünki əlinin altında gələcək taleyi səndən
asılı olan gənc uzanır. Musiqini dinləyəndə həkim də, xəstə də rahat olur. Əvvəllər
düşünürdüm ki, həm xəstə dincəlsin, həm də özüm. Sonra gördüm ki, musiqi olarkən
mən daha yaxşı əməliyyat edirəm. Bəzi adamlar sakitliyi sevir, məndə belə
deyil. Mən kitab oxuyanda da, yüksək səslə musiqiyə qulaq asıram. Əməliyyat
vaxtı caz və sakit xarici musiqiləri dinləməyi çox sevirəm.
- Pakistan təhlükəli
yerdir. 2 ay komfort zonadan çıxmaq və təkbaşına orada yaşamaq çətin deyildi ki?
- Çox çətinliklərim oldu. Hospitalının baş həkimi mənə
facebookda dostluq göndərdi və xəstəxana haqqında məlumat verdi. Razılaşdım,
amma oranı tanımırdım. Məni Okaro şəhərinə çağırdı hansı ki, balaca və
periferik şəhərcikdir. İki uşağım, ailəm var. Anama sonuncu gün xəbər verdim
ki, Pakistana işləməyə gedirəm. O vaxt da terror hadisələrinin ən qızğın dövrü
idi. Anamı, uşaqlarımı ağlaya-ağlaya qoyub getdim. Təsəvvür edin, gecə məni qəribə
paltarlı bir adam qarşıladı. Xəstəxana da çox qəribə idi. Silahlı adamlar tərəfindən
qorunurdu. Şəhərdə elə bilirdim ki, 18-ci əsrə düşmüşəm. İnsanlar qəribə
geyimli, nəqliyyat vasitələri arabalar idi və həddindən artıq kasıb idilər. Əməliyyatlara
başladıq, gözləri açılandan sonra dilini bilmədiyin insanların duaları, sevinci
o qədər gözəl idi ki... Təhlükəli səfər idi, amma yenə də olsa, gedərdim.
Düşünürəm ki, əgər məni çağırırlarsa, deməli, ehtiyac var. Düzdür, mən
olmasaydım, başqa həkim olardı, amma istədim ki, insanlara xeyrim dəysin.
- Uzun müddət
zəif görən insana elə gəlir ki, hamı onun kimi görür. Amma görmənin zövqünü
daddıqdan sonra qəribə reaksiyalar olur. Əməliyyatlardan sonra belə hallarla
qarşılaşmısızmı?
- Bəli, hamı belə düşünür. Əməliyyatdan sonra
reaksiyalar qəribə olur. Xəstə məni qucaqlayır, sevinir, indiyə kimi hər dəfə
bayramlarda mənə yazırlar. Cəmiyyətdə eynəkli insanlara "sən korsan” deyə təhqirlər
də olur. Birdən-birə görən insanın bütün həyatı dəyişir. O qədər gəlinlər olub
ki, qaynanası kor dediyi üçün utanıblar. Məhz onların sevincinə dəyər.
- Pasiyentlərlə
ünsiyyətiniz çox yaxşıdır. Sizcə, bunun əhəmiyyəti nədir?
- Mən səmimi olmağı sevirəm. Açığı deyim ki, xəstədən
çox şey öyrənirəm. Onun söhbəti ilə şikayətindən də, tənqidindən də, tərifindən
də öyrənirəm. Xəstəyə təkcə əməliyyat lazım deyil. Həm də ona motivasiya verib
inandırmalısan və bilməlidir ki, problemi nədir. "Mən əməliyyatımı etdim
qurtardı, işim bitdi” belə olmaz. Vəziyyəti mən bilirəm, o bilmir axı... Ona
informasiya vermək mənim borcumdur. Verməsəm, işimi natamam xidmət hesab edirəm.
- "Uşaqlarımı
ağlaya-ağlaya qoyub getdim” dediniz. Bir qadın üçün ailəli olub uğurlu karyera
qurmağın çətinlikləri nələrdir?
- Bir dəfə bir müəllimim mənə demişdi ki, bir qadın
həm yaxşı cərrah, həm yaxşı ana, həm də yaxşı həyat yoldaşı ola bilməz. Üçünün
də mükəmməl olması mümkün deyil.
Bunlardan hansındasa, axsayacaqsan. Mənə elə gəlir ki, bu, doğrudur. Biz
karyerada müəyyən qədər qurban veririk. Uşaqlarımıza, həyat yoldaşımıza
ayırdığımız vaxtdan ya da xəstələrlə münasibətdən qurban veririk. Bu balansı
saxlamaq üçün belə qərara gəldim ki, səhərdən axşama qədər işləməyəcəyəm. Günün
digər yarısını ailəmə sərf etməliyəm. Mən ilk dəfə Pakistana gedəndə, qızımın 2
yaşı var idi. Qayıtdıqdan sonra, qızım məni tanımırdı. Məni sığallayıb
soruşurdu ki, sən anasan, ya xalasan? Mən bunu heç vaxt unuda bilmirəm.
- Ənənəvi
sualımız. Uğurunuzun sirri nədir?
- Sadəcə, niyyət etmək və məqsəd qoymaq lazımdır. Nə
iş görəcəksənsə, mükəmməl olması üçün çalışmalısan. İlk dəfə Almaniyaya
keratakonus üzrə gedəndə qərara gəldim ki, bu xəstəlik üzrə ən yaxşılardan
olmalıyam. Məqsəd qoydum və məncə, buna çatmışam. İstənilən sahədə ən yaxşı
olmaq üçün niyyətlənmək və çalışmaq lazımdır.
Aygün ƏZİZ