• şənbə, 20 Aprel, 11:04
  • Baku Bakı 14°C

Əməl əqidəyə xidmət edəndə

04.09.19 11:00 1248
Əməl əqidəyə xidmət edəndə
"Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil” söyləmişdi böyük fransız yazarı Onore de Balzak. Çox doğru fikir. Millətin millət kimi formalaşmasında, ictimai şüurunun yaranmasında onun maarifinin necə böyük rol oynadığını zaman sübut etdi. Bizi o maarif işığına qərq edən isə ömrünü-gününü şam kimi əridən müəllimlərdir. O müəllimlər ki, qəlbimizə, şurumuza "ana, vətən, millət sevgisinin toxumlarını” əkdilər. Yeri gəlmişkən, bir faktı qeyd edim ki, bu günlərdə bir yazı oxudum. Müəllif çox haqlı olaraq israrla tələb edir ki, (əslində yalvarırdı) hər kəsə müəllim deyə müraciət etməyək. Amanın günüdür, insanlıqdan belə xəbəri olmayan, cibi dolu, başı boş, qəlbi vətən, millət hisslərindən çox-çox uzaq olanlara müəllim deyə müraciət edərək bu müqəddəs peşəni alçaltmayaq...
Onun haqqında çox eşitmişdim. Həssas və xeyirxah insandır, istedadlı və tələbkar müəllimdir, yüksək idarəçilik mədəniyyətinə malikdir, xeyir-şər adamıdır, sədaqətli ömür-gün yoldaşıdır, mehriban, qayğıkeş atadır, babadır. Hər dəfə eşitdiyim bu xoş sözlər qəlbimdə ona qarşı bir daha böyük hörmət və ehtiram hissi yaradırdı. Ömrünün-gününün 50 ilindən çoxunu Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinə bağlayan, peşəsinin fədaisı olan Yaqub Həmid oğlu Tahirovla bu günlərdə görüşüb söhbət etdik. Söhbət zamanı bir daha əmin oldum ki, Tanrı onu məhz bu peşə üçün yaradıb. Çox yüksək insani keyfiyyətlərə malik olan Yaqub müəllim, təpədən-dırnağa bir əxlaq təcəssümüdür. Sözlərindən, üz-gözündən bir paklıq süzülür... Hiss etdim ki, qarşımda bir zaman müqəddəs sandığımız əsl müəllim oturub. O müəllim ki, bizlərə təkcə yazıb-oxumaq dərsi keçmədi, həm də həyat, əxlaq, insanlıq dərsi keçdi...
Əslində bu, belə də olmalıdır. "Ot kökü üstə bitər” əbəs yerə deyilməyib. Həmid kişi eldə-obada zəhməti, hörməti, böyük-kiçik yeri bilməsi ilə çoxlarına nümunə idi və övladlarını da belə yetişdirdi. Odur ki, bu gün təkcə Nohurqışlaq kəndində, Qəbələ rayonunda deyil, hətta respublikada Həmid kişinin uşaqları böyük hörmət-izzət sahibidirlər. Onların arasında alimi də, həkimi də, müəllimi də var və xoşbəxtlikdən hər biri yalnız öz peşəsi ilə deyil, həm də ədəb-ərkanı ilə bu nəslə başucalığı gətirir.
1951-ci ilin dekabrı. Güclü qar kəndi-kəsəyi ağ örpəyə bürüsə də, Həmid kişi öz işində-gücündə idi və axşamçağı aldığı şad xəbər bütün yorğunluğunu unutdurur, bir oğul övladı dünyaya gəlir. O oğul ki, illər sonra bir evin yox, bir elin sayılıb-seçilən oğlu olur. 1969-cu ildə Nohurqışlaq kənd orta məktəbini əla qiymətlərlə başa vuran Yaqub, sənədlərini BDU-nun tarix fakültəsinə verir və yüksək qiymətlərlə universitetə qəbul olur. Bitib-tükənməz arzularla, qayğılarla dolu olan tələbəlik illərinin başa vuran gənc, tərəddüd etmədən öz doğma kəndinə üz tutur.
Yaqub müəllim rayon rəhbərliyinin və kənd ağsaqqallarının məsləhəti ilə bir necə il Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin icra nümayəndəsi və Nohurgöl kolxozunun sədri işləməli olur. Amma bu, onun ürəyincə deyildi. Gənc müəllimin arzusu uzun illər xalqına yanlış təbliğ edilən tariximizin qaranlıq səhifələrinə işıq salmaq idi. Elə bu arzu ilə də yenidən Nohurqışlaq kənd orta məktəbinə qayıdır və ömrünü birdəfəlik bu peşəyə bağlayır.
Təməli 1922-ci ildə qoyulan Nohurqışlaq kənd məktəbi əvvəl 7 illik olub, 1954-cü ildən tam orta məktəbə çevrilib. 2006-cı ildə isə kənddə yeni məktəb tikilib istifadəyə verilib və 2012-ci ildən bu məktəbə Yaqub müəllim rəhbərlik edir. 13 il keçməsinə baxmayaraq, məktəbdə görülən səliqə-sahman işləri, onun sanki bu gün təhvil verildiyini xatırladır. Bir hektar sahəsi olan məktəbin həyətində yeni qurğularla yanaşı, meyvə bağı da salınıb. İdman zalı yeni avadanlıqlarla təmin edilib. Keçən il məktəbin istilik sistemində dəyişiklik edilərək qazlaşdırılıb.
Ən əsası, Nohurqışlaq məktəbində istər dərs zamanı, istər dərsdən sonra müəllim-şagird kollektivi arasında çox böyük nizam-intizam var. Tərbiyə və təhsil qoşa aparılır. Təbii, bu işdə məktəb rəhbərliyi ilə yanaşı kollektivin də böyük əməyi var. Hazırda məktəbdə 529 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Onlardan Əzimova Sara, Məmmədova Mahluq, Səlimova Səbinə, Atakişiyev Fazil məktəbin bütün tədbirlərində fəallıq göstərirlər. F.Atakişiyev ötən il "Maarif əlaçısı” döş nişanı ilə təltif edilib.
Keçən il bütövlükdə məktəb kollektivi üçün çox uğurlu olub. 2018-ci ildə rayonlar arası keçirilən "Kim? Harada? Necə?” yarışmasında (Qax rayonunda) Nohurqışlaq məktəbi I yeri tutaraq rayon turuna çıxıb. Elə həmin il Qəbələ rayon orta məktəblərində Təhsil Nazirinin əmri ilə rayonlararası təcrübə mübadiləsi keçirilib. Yarışmada rayon üzrə cəmi beş məktəb iştirak edib ki, həmin məktəblərdən biri də Nohurqışlaq kənd orta məktəbidir. Bu il "Xəzər” TV-də keçirilən "Əlaçı” yarışmasında məktəbin şagirdi Bilal Haqverdiyev I yeri qazanıb. Türkiyənin İzmir şəhərində keçirilən idman yarışında fəal iştirakına görə, məktəbin şagirdi Samid Əhmədov "İzmir futbolunun əlaçısı” medalı ilə təltif edilib. Məktəbdə mütəmadi olaraq rayon təhsil şöbəsinin və təcrübəli müəllimlərin iştirakı ilə açıq dərslər keçirilir. Bu təcrübə rayonun digər məktəblərində də yayımlanır. Bu və ya digər nailiyyətlərinə görə, məktəbin kollektivi Azərbaycan Respublikası Mərkəzi Həmkarlar İttifaqı Konfederasiyasının medalına layiq görülüb.
Məktəbdə yüksək səviyyədə qurulan nizam-intizamın və keyfiyyətli təhsilin nəticəsidir ki, məzunlar hər il ən yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə qəbul olurlar. Ötən il 18 şagird 600 bal toplayıb. Zeynəb Hacıyeva (683 bal), Nərgiz Tahirli (677 bal) rayon üzrə ən yüksək balla ali məktəblərə qəbul olunublar. Hazırda məktəbin iki məzunu Prezident Təqaüdü alır. Üç nəfər isə fənn Olimpiadasının qalibi olub. İkisi qızıl, biri gümüş medalla mükafatlandırılıb. Əlbəttə, bütün bu uğurların qazanılmasında daha çox Yaqub müəllimin əməyi var. Çünki istər hər bir ailədə, istər hər bir müəssisədə sağlam mühitin yaranmasında, təlim-tərbiyənin qurulmasında onun rəhbərinin rolu danılmazdır.
Üç oğul, bir qız atasıdır Yaqub müəllim. İşi kimi ailəsi də çoxlarına nümunədir. Əlbəttə, həyat yolunda rastlaşdığı çətinliklərin, ailə qayğılarının dəf edilməsində ömür-gün yoldaşı Müşgünaz xanımın da rolu böyükdür. Uzun illərin sınağından üzüağ çıxan ailədə qarşılıqlı hörmət hər şeydən üstün olub ki, bu gün onlar xoşbəxt baba və nənədirlər...
Yaqub müəllimdən ayrılarkən rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun "Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir” sözlərini xatırladım. Nə xoş ki, o, məktəbdə, o ailədə Yaqub müəllim kimi ziyalı var. Var olun, Yaqub müəllim! Nə yaxşı, bu gün bu peşənin Sizin kimi fədaiəri var.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist





banner

Oxşar Xəbərlər