• cümə, 19 Aprel, 02:36
  • Baku Bakı 18°C

Əməkhaqlarının artımından narahat olanlar

20.06.19 20:54 1216
Əməkhaqlarının artımından narahat olanlar
Bəzi müxaliflər, onlara yaxın "ekspertlər” Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətini, o cümlədən iyunun 18-də imzaladığı sərəncamları, bundan irəli gələn tədbirləri gözdən salmağa çalışırlar. Halbuki sosial sahəni əhatə edən bu inqilabi addımlar Azərbaycan vətəndaşının həyat şəraitinin, yaşam tərzinin, rifah halının daha da yaxşılaşmasına yönəlib. Məhz buna görə də imzalanan sərəncamlar, həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Yalnız "ağa qara deməyi” özünə vərdişə çevirən, həyata qara eynək arxasından baxan, mövcud iqtidarın uğurlu siyasətindən qıcıqlanan bəzi "ekspertlər” gündəmə gəlmək üçün absurd iddialar ortaya atırlar. Bununla onlar görülən işlərin mahiyyətini kiçiltmək istiqamətində uğursuz cəhdlər edirlər. Deməyə sözləri olmayanda isə guya Azərbaycanı yaxın gələcəkdə ikirəqəmli inflyasiya gözləyir, maaş və minimum əməkhaqlarının artırılması devalvasiyaya səbəb olacaq kimi yalanlar uydururlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da sözügedən "ekspertlərin” iddialarını absurd sayıb. O, bu barədə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bilavasitə vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən mühüm qərarlardır. Millət vəkili devalvasiya və inflyasiya olacağına dair səsləndirilən fikirlərin heç bir əsasının olmadığını vurğulayıb: "2015-ci ildə bütün dünya gördü ki, devalvasiya yaradan başlıca amil nədir. Bu, Azərbaycan cəmiyyətinə də məlumdur. Azərbaycan bununla bağlı məsələləri çoxdan həll edib. Bizim manatımızın arxasında əmtəəmiz, strateji məhsullarımız, 46 milyard dollar həcmində valyuta ehtiyatımız, bütünlükdə müsbət saldo olan ticarət dövriyyəmiz dayanır. Azərbaycan iqtisadiyyatı getdikcə daha da inkişaf edir, idxal azalır, ixrac isə artır. Bunun nəticəsində də ölkəyə valyuta axını artır. Əgər biz bütün bunların sırasına Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində həyata vəsiqə alan, yaxud gələcəkdə reallaşacaq qlobal layihələri, onlardan əldə ediləcək gəlirləri də əlavə etsək, ölkəmizin gələcək inkişafını bir qədər də aydın təsəvvür etmək olar. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması, ölkəmizin nəhəng logistika mərkəzinə çevrilməsi, tranzit ölkə kimi rolunu bir qədər də artırması yaxın gələcəkdə gəlirlərimizi çoxaldacaq. Qeyri-neft sektorunun digər istiqamətlərinin, eləcə də kənd təsərrüfatı, sənaye sahəsində görülən işlər də göz qabağındadır. Belə bir şəraitdə devalvasiya barədə kimlərinsə təşvişə düşməsi əbəsdir. Yaxud məqsədli şəkildə bununla bağlı yanlış ictimai rəy formalaşdırması yolverilməzdir, absurddur”.

İqtisadçı deputat deyib ki, inflyasiyanın olacağına dair ortaya atılan iddialar da tamamilə əsassızdır: "Maaş artımı heç vaxt inflyasiya yarada bilməz. Çünki maaşların artırılmasından sonra həmin 1 milyarddan artıq vəsait birdən-birə bazara daxil olmayacaq. Bu, mərhələli şəkildə baş verəcək. Mərhələ-mərhələ bazara daxil olduğu üçün də tələb-təklif prinsipləri gözlənilir. Digər tərəfdən, qiymət artımı inflyasiyanın bir forması deməkdir. Amma bu gün qiymət artımını şərtləndirən heç bir iqtisadi amil yoxdur. Misal üçün, məhsulun maya dəyərini səciyyələndirən iqtisadi komponentlərin heç birində artım olmayıb. Enerji daşıyıcılarında, nəqliyyat xərclərində və məhsulun maya dəyərinə təsir edəcək bu kimi digər xərclərlə bağlı hər hansı artım yoxdur. Beləliklə də məhsulun maya dəyərinə təsir edəcək xərclərdə artım olmadığı üçün məhsulun bahalaşması, son nəticədə inflyasiyanın olması qeyri-mümkündür. Yəni, inflyasiyanı doğuracaq hər hansı amil və şərait yoxdur”.

A.Hüseynov bildirib ki, son sərəncamlardan irəli gələn tədbirlərin reallaşdırılması hesabına Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyəti artacaq: "İnflyasiyanın olmaması, yaxud çox aşağı səviyyədə olması, gəlirlərin isə artması hesabına vətəndaşlar əldə etdikləri vəsaitlərdən yığım kimi də istifadə edə biləcəklər. Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan sonra iqtisadi bazara daxil olacaq böyük məbləğ digər sahələrə, o cümlədən xidmət, bank sektorlarına da müsbət təsir göstərəcək, həmçinin sahibkarlara da zəmin yaradacaq ki, sözügedən sahədə canlanma olsun. Yəni, əldə olunacaq vəsait yenidən gəlir gətirə biləcək sahələrə yönləndiriləcək. Ona görə də hansısa devalvasiyadan, inflyasiyadan söhbət gedə bilməz. Bu barədə ortaya atılan iddialar absurddur”.

İqtisadçı ekspert Pərviz Heydərov da hesab edir ki, Prezident İlham Əliyevin həm minimum əməkhaqqı, həm bir sıra dövlət büdcəsi təşkilatlarında çalışanların əmək haqqlarının artırılması haqda imzaladığı sərəncamların icra olunmağa başlaması nəticəsində ölkədə heç bir inflyasiya hadisəsi baş verməyəcək və kəskin bahalaşma tendensiyası müşahidə edilməyəcək. Onun sözlərinə görə, bunun üçün heç bir daxili və xarici səbəb yoxdur: "Sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir. Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyət genişləndirilməsi, ya da qiymətlərin artırılması zərurəti yaranır. Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir”.


Ekspert vurğulayıb ki, cari ildə sosial istiqamətdə artımlarla bağlı inflyasiyaya təzyiq yaranacağı bir sıra cəhətlər baxımından gözlənilmir: "Bunlar hansılardır? Birincisi, dövriyyəyə daxil olacaq vəsaitin həcmi ikirəqəmli bahalaşma yaratmaq həddində təhlükəli deyil. İkincisi, ölkəyə idxalda payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji paya sahib istehsalçılar nəzarətdədir və onların qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməsi xeyli çətinləşib. Üçüncüsü, daxili istehlak bazarına xarici təsirlər 2015-2017-ci illərdəki kimi deyil. Dördüncüsü, valyuta bazarında sabitlikdir, dollar satışında təklif tələbi üstələyir. Beşincisi iqtisadi aktivlik qənaətbəxş səviyyədə olmasa da, passiv həddə də hesab edilmir və sair. Bu siyahını uzatmaq da olar. Bəli, elə şərait var ki, qiymətləri çox basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq olmaz. Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilməyəcək də”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər