Əmək qabiliyyətli əlillərin işləməsini necə təmin etməli?

Əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əlilliyi olan
şəxslərin məşğulluğunun təmin olunması ilə bağlı BP ilə birgə keçirilən layihənin
təqdimatında çıxış edərkən bildirib ki, hazırda Azərbaycan əhalisinin 6,4
faizində əlillik mövcuddur. Nazirin sözlərinə görə, bütün dünya üzrə bu
göstərici 15 faizə bərabərdir: "Bu gün Azərbaycanda 624 min əlilliyi olan şəxs
yaşayır və bu rəqəm hər il artır. Uşaqlar arasında da bu rəqəm bizin narahat
edir. Bu ilin 10 ayı ərazində əlillik statuslu uşaqların 15 faizi fiziki
qüsurla dünyaya gəlib. Bu, 538 uşaq deməkdir”.
Nazir
həmçinin qeyd edib ki, bu gün ölkədə 353 min əmək qabiliyyətli əlil yaşayır ki,
onlardan da cəmisi 10 faizi işləyir. 90 faiz əmək qabiliyyətli əlilin işlə
təmin olunması üçün hansı addımlar atılıb və daha hansı işlər görülməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Elman Babayev"Kaspi”yə
açıqlamasında bildirdi ki, əlilliyi olan şəxslərin
sosial təminatının gücləndirilməsi və tibbi-sosial reabilitasiyası ilə bərabər,
onlardan əmək qabiliyyətli olanların əmək bazarına inteqrasiyası, məşğulluğunun
təminatı da diqqətdə saxlanılır: "Əlilliyin və uşaqların sağlamlıq imkanları
məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, "Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanunlarında, eləcə də ölkəmizin Əmək Məcəlləsində
əlilliyi olan şəxslərin həm məşğulluq hüquqları, həm də əmək münasibətləri
şəraitində əmək hüquqları təsbit olunub. "Məşğulluq haqqında” qanuna, habelə
müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, sosial müdafiəyə ehtiyacı olan və
işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər
üçün müəssisələrdə kvota üzrə iş yerləri müəyyən edilir. Bununla belə, əmək
qabiliyyəti yaşlı əlilliyi olan şəxslərdən yalnız 10%-ə yaxın hissəsinin
işləyən şəxslər olması, bu təbəqədən olan insanlar arasında məşğulluq
səviyyəsinin artırılmasının vacibliyini, bunun üçün əmək bazarının əlilliyi
olan şəxslər üçün uyğunlaşdırılmasının və müvafiq qanunvericiliyin
təkmilləşdirilməsinin aktual məsələlərdən olduğunu göstərir. Ona görə də
əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması məqsədilə hazırlanan
"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində, əlilliyi olan
insanların əmək bazarına çıxış imkanlarının artırılmasına, onların
məşğulluğunun təminatına yönələn müddəalar da əksini tapır. Qeyd edək ki, həmin
qanun layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet
səhifəsində ictimai müzakirəyə təqdim olunaraq, verilən rəy və təkliflər
əsasında daha da təkmilləşdirilib. Hazırda həmin qanun layihəsi üzərində son
araşdırma işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq
tədbirlərinin bir istiqaməti də əlilliyi olan insanların məşğulluğunun təmin
olunmasına yönəlib. Bu sahədə aparılan işlərin davamı kimi, nazirliyin
məşğulluq orqanlarının xətti ilə cari ilin 11 ayında 432 nəfər əlilliyi olan
şəxs münasib işlərlə təmin edilib. Özünüməşğulluq proqramı çərçivəsində 60
nəfər əlilliyi olan şəxs də aktivlərlə (mal və materiallarla) təmin edilərək,
ailə təsərrüfatlarını qurublar. Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin
Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərin peşə hazırlığının təmin
olunmasında mühüm rol oynayır. 4 il əvvəl istifadəyə verilən bu Mərkəzdə ötən
dövrdə 1310 nəfər sağlamlıq imkanları məhdud gənc, müxtəlif peşələr üzrə peşə
hazırlığı kurslarına cəlb edilib”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib
Məmmədov bildirdi ki,hazırda
bu sahədə vəziyyət qənaətbəxş deyil: "Əlilliyi olan şəxslərin əksəriyyəti
məşğulluqla bağlı ciddi problemlərlə üzləşirlər. İşə götürənlər də müxtəlif
səbəblərdən onları işə götürmək istəmir. Çünki onlara görə olan imtiyazları işəgötürən
özü ödəməlidir. Məsələn, bir sıra Avropa
ölkələrində bunun üçün xüsusi fond yaradılıb. Məsələn, əlilliyi olan şəxslər
tam sağlam insana nisbətən istehsal qabiliyyətinin 70 faizini ödəyirsə, yerdə qalan 30 faizi həmin fond ödəyir. Biz də
isə bunu işəgötürən özü ödəyir. Bundan başqa, əlilliyi olan şəxslər üçün ikiqat
məzuniyyət, yəni 42 gün nəzərdə tutulur. Bu məbləğ də işəgötürənin üzərinə
düşür. Bu da əsas problemlərdən biridir.
Başqa bir problem isə müəssisələrin əlilliyi olan şəxslər üçü uyğun olmamağıdır.
Əlil arabasından istifadə edənlər üçün uyğunlaşdırılmış müəssisə demək olar ki,
yoxdur. İctimai binaların özündə belə, şərait onlar üçün uyğun deyil. Düşünürəm
ki, bu məsələ kompleks halda həll olunmalıdır. Tək bir qanun qəbul etməklə
bütün problemlər həll olmuş sayılmır. Məsələn, şəhərsalma və tikinti haqqında
məcəllədə binaların əlilliyi olan şəxslərə uyğunlaşdırılması məsələsi qoyulub.
Amma indi bunu etməyənlərə qarşı məsuliyyəti müəyyən edən heç bir norma yoxdur.
Yeni tikilən yaşayış binalarından inzibati binalara qədər əksər binalarda bu
məsələ nəzərə alınmır. Binalarda vertikal hərəkət etmək üçün bütün şərait
yaradılmalıdır. Məsələn, Bakıda yeni tikilən müasir ticarət mərkəzlərinin bir çoxunda da bu məsələyə diqqət yetirilməyib.
Ola bilsin ki, birinci mərtəbəyə pandus qoyulsun. Amma vertikal hərəkət üçün
əlverişli şərait yoxdur. Ona görə də
məsələyə kompleks yanaşmaq lazımdır. Bir qanunla bu qədər problemi həll etmək
olmaz”.
Şəbnəm Mehdizadə
