• şənbə, 20 Aprel, 14:07
  • Baku Bakı 23°C

“Əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır” - Uğur hekayəsi

14.05.20 14:38 3423
“Əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır” - Uğur hekayəsi
Ramil Rəhimov: "Böyük şirkətlərə texniki biliklərlə girmək çətindir”
Böyük hədəfi "Google”, "Amazon”,”Netflix”, "Apple” kimi qlobal şirkətlərin iş təklif etdiyi kadrlardan olmaqdır. Hazırda bu istiqamətdə çalışır, yeni texnologiyaları öyrənir. Ümumiyyətlə, iş təklifinin şirkət tərəfindən gəlməsini daha məqsədəuyğun hesab edən müsahibimiz Kanadada "Jesta I.S” şirkətində Oracle database administratoru işləyən Ramil Rəhimovdur.

Qeyd edək ki, R.Rəhimov bundan öncə Azərbaycanda "Bakcell” və Dövlət Neft Fondunda, Çexiyada "Commerzbank”da çalışıb.

- Ramil bəy, bakalavr təhsiliniz iqtisadiyyatla bağlıdır. Bu gün isə İT-dəsiniz. Bu keçidlə başlayaq.
- Mən iqtisadiyyatı məktəb vaxtından seçmişdim. Çünki məktəbdə oxuduğum ən yaxşı fənn riyaziyyat olub. Buna görə, deyirdim ki, mən iqtisadiyyata gedəcəm. Ancaq belə hallar çox olur ki, tələbə universitet dövründə müvəqqəti iş kimi fərqli sahələrdə çalışır və bu zaman oxuduğu sahənin ona çox da uyğun olmadığını görür. Məndə də belə oldu. Tələbə vaxtı 4 ilə yaxın kompüter proqramları və oyunları satışı işində çalışdım. Həmin işdə İT-yə marağım yarandı və nələrisə öyrənməyə başladım.


- Ancaq qeyd etdiyiniz şirkətlərin iş tələbləri təkcə texniki biliklərlə kifayətlənmir.
- Təbii ki bu haqda da məlumatım var və araşdırıram (Gülür). Böyük şirkətlərə texniki biliklərlə girmək çətindir. Qeyd etdiyim böyük şirkətlər üçün texniki biliklər işə qəbulda bir önəmli nüansdır. Düzdür, adam bir neçə il korporativ mühitdə işləyibsə, çox güman ki insani keyfiyyətlərində problem yoxdur. Ancaq bu və ya digər şirkəti qane etməyən spesifik məqamlar ola bilər. İşə götürmək istədikləri şəxsin necə bir insan olması, komanda ilə necə ünsiyyət qurması, işləməsi və s. məsələlər də önəmlidir. Siz super İT mütəxəssisi ola bilərsiniz, amma insani keyfiyyətləriniz pisdirsə, o şirkətlərdə işə götürülməyəcəksiniz. "Google”un İnsan Resursları mütəxəssisi müsahibəsində bununla bağlı bir önəmli nüansı qeyd etmişdi. Bildirdi ki, iş müsahibəsi zamanı insani keyfiyyətləriniz pis olsa, kiməsə kobud, qeyri-etik davranış göstərsəniz, "Google”un qapıları sizin üçün bağlanır. Bundan sonra müraciət etsəniz də, sizi müsahibəyə çağırmayacaqlar. Ancaq müsahibədə texniki cəhətdən şirkəti qane etməyən kadr, özünü inkişaf etdirib bir müddət sonra müraciət edə bilər. İnsani keyfiyyətlərinə görə, müsahibədən kəsilsən, bu, o deməkdir ki, ömür boyu "Google”a qəbul ola bilməzsən. Çünki insani keyfiyyətlər dəyişmir. Adam kobuddursa, elə də qalacaq.

"Commerzbank”da iş müsahibəsinə gedəndə "Xanım müdirin rəhbərliyi altında işləmək sizin üçün problem olmaz ki” sualı verilmişdi. Ancaq "Google” kimi böyük şirkətlər bu tipli sualları açıq-aydın vermir. Psixoloji suallarla bunu öyrənə bilirlər.

Böyük şirkətlər öz fikrini, ideyanı irəli aparmaq bacarığının olmasına da önəm verirlər. Tutaq ki, komandanın A ideyası var, amma sən ondan da gözəl B ideyası təklif edirsən. Öz ideyanın adını çəkdin, komanda "bizə yaramaz” dedi. Sən ideyandan əmin olsan da, utandın, üstünə getmədin, o ideya batdı. Bəzi şirkətlər istəyirlər ki, kadr ideyasının komandanın təklif etdiyindən daha yaxşı olduğuna əmindirsə, ideyasını irəli apara, komandanı buna inandıra bilsin. O adama daha çox önəm verirlər, nəinki utancaq olana. Söhbət yaxşı ideyalardan gedir.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Sırf karyera cəhətdən yanaşsaq, peşəkar, əmək bazarının və ya çalışdığınız şirkətin tələblərindən artığını bacaran biri olmaq lazımdır. Çünki bu zaman şirkətə və bazara yeniliklər gətirmək mümkündür. Sabah işdən çıxdığınızı deyəndə, müdirin reaksiyası iki cür ola bilər: "Nə yaxşı ki getdi” və "Necə edək ki bunu saxlayaq?” Mən ikinci reaksiya olması üçün çalışıram. Təbii ki şirkətdən çıxmaq qərarı vermişəmsə, gedəcəm, birinci reaksiya da mənə uyğun olar, amma sırf peşəkarlıq və şirkətdə gördüyüm işin keyfiyyətini ölçmək məqsədilə mənim üçün ikinci versiya daha uyğundur. Şirkət məni itirməyə sevinməsin, saxlamaq istəsin. Buna görə öz üzərində işləmək, yeniliklər etmək, əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər