• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

Elnur Kərimov: “Valideynlər bizim işimizə müdaxilə edəndə çətinlik çəkirik”

25.12.15 12:06 2842
Elnur Kərimov: “Valideynlər bizim işimizə müdaxilə edəndə çətinlik çəkirik”
Bu həftəki müsahibimiz Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Elnur Kərimovdur. O, bizimlə söhbətində teatrda baş verən ən son proseslərdən və gənclərin teatra olan marağından danışdı.
- Elnur müəllim, Yeni ilə artıq sayılı günlər qalıb. Gənc Tamaşaçılar Teatrı bu bayrama necə hazırlaşır?
- Həmişəki kimi bu il də Yeni ilə ciddi-cəhdlə hazırlaşırıq. Belə ki, gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında “Mauqlinin Yeni ili” tamaşası üzərində çalışırıq. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Bu il teatrımızın səhnəsində meşədə Mauquli Yeni ili meşədə heyvanlarla birlikdə keçirəcək.
Əvvəlki illərdən fərqli olaraq bu il foyedə böyük bir tamaşa hazırlayacağıq. Teatrımızın rəhbəri Mübariz Həmidov foyedəki tamaşanı aktyor İlham Əsədova tapşırıb. Bu, gənclərə özlərini sübut etmək üçün verilən böyük bir fürsətdir. Çalışırıq ki, fərqli bir yeni il keçirək, foyedə başqa bir ab-hava yaradaq. Guya uşaqlar şaxta babanın evinə gəlirlər. Teatrda foyedən içəri girən andan onlar sanki nağıl dünyasına qədəm qoyacaqlar. Bilirsiniz ki, bu gün xarici musiqilər uşaqların daha çox diqqətini cəlb edir. Onlar daha çox ritmikdir. Həmin mahnıların sözlərini dəyişirik ki, uşaqlar başa düşsünlər. Tamaşa Tofiq Quluyevin valsı ilə başlayacaq. Uşaqların psixologiyasını öyrənirik ki, bizdən narazı getməsinlər. Bu tamaşada bir qədər tarixə qayıtmaq istəmişik. Belə ki, ötən əsrin 80-90-cı illərində yeni il şənlikləri necə keçirilirdisə, həmin marağı geri qaytarmaq istəyirik. Bunun üçün də yaşlı nəslə müraciət etmişik. Uşaqlarla mütəmadi əlaqə saxlayırıq, nəyi görmək istəyirlərsə həyata keçirməyə çalışırıq. Onların istəyinə uyğun ssenari yazırıq. İstəyirik ki, uşaqlar rahat istirahət etsinlər.
- Valideynlərlə işləmək çətindir, yoxsa uşaqlarla?
- Mən də valideynəm. İstəyirəm ki, mənim övladım aktiv olsun, şeir desin, yaşıdlarından seçilsin. Ən azından Yeni ildə teatra çoxlu uşaq gələcək. Bəzi valideynlər başqasının uşağını itələyib öz uşaqlarını daha çox önə çəkirlər. Bizim üçün isə uşaqların hamısı eynidir. Valideynlər bizim işimizə müdaxilə edəndə çətinlik çəkirik. Bu da bizim işimizə mane olur. Valideynlər uşaqların sərbəstliyini əlindən alırlar. Zala daxil olanda narahatçılıq yaradırlar. Uşaqlarla işləmək bizim üçün çox asandır. Bizim işimiz odur ki, uşaqların psixologiyasını bilək, onlarla işləyək. Bu barədə tanınmış psixoloq Elnur Rüstəmovun mənə çox böyük təsiri olub. Uşaqlarımız demək olar ki, əksər uşaq nağıllarını bilirlər. Böyüklər nağıla əhəmiyyətsiz baxırlar. Ancaq uşaqlar hər şeyə inanırlar. Onların öz daxili dünyaları var. Valideynlər uşaqlarda teatra sevgi yaratmalıdırlar. Biz uşaqlar üçün hər şey edirik. Onlar da bizdən razı gedirlər. Valideynlər deyirlər ki, filan mahnı, yaxud da filan obraz xoşuma gəlmədi. Biz onlara deyə bilmirik ki, uşaq tamaşalarında hər şey valideynlərin yox, uşaqların dünyagörüşünə uyğun seçilir. Bizim üçün bütün uşaqlar əzizdir. Əvvəllər deyirdilər ki, tamaşalar sovet dövründə daha yaxşı və maraqlı olub. Yaşlı nəsillə söhbət edəndə aydın olur ki, o zaman qeyri-adi heç nə olmayıb. Əksinə, indi hər şey daha maraqlıdır.
- Yeni övladınız dünyaya gəlib. Bu münasibətlər sizi təbrik edirik. Bildiyimiz qədəri ilə 4 yaşında Aylin adlı qızınız var. Elnur Kərimov bir aktyor, ata kimi uşaqlarının mənəvi inkişafı üçün nələr edir?
- Evimdə uşaq üçün böyük bir kitabxanam var. Mənim sənətim və digər mövzuları əhatə edən kitablarım teatrda, qrim otağımdadır. Qızım əksər Azərbaycan və xarici nağıllardan xəbərdardır. Qastrola getdiyim bütün ölkələrdən övladım üçün nağıl kitabları gətirirəm. Qızıma iki yaşından bu yana hər gün nağıl oxuyuram. Nağıl oxunmasa o yatmır. Nağıl seçimini uşağın özünün ixtiyarına buraxırıq. Hər yaşın öz nağıl kitabları var. Bundan sonrakı yaş dövrləri üçün də nağıl kitabları almışam. Oğlumun adı Tamerlandır, o, hələ ki, yalnız yemək istəyir (gülür). Tamerlanın adını qızım qoyub. Uşağın özünün qardaşına qarşı məhəbbətinin olmasını istədik. Ona görə də o, qardaşına qarşı heç bir qısqanclıq hisləri keçirmir. Bir növ onun kiçik anası rolunu oynayır.
- Hər il dünyanın müxtəlif ölkələrində “İlin ən yaxşıları” nominasiyaları üzrə mükafatlandırmalar keçirilir. Sizin teatr da bu ənənələrə sadiqdir. Bu ilin “Ənləri” sizcə kimlər olacaq?
- Uzun müddətdir ki, mövsüm bağlanışında, il ərzində teatrda ən çox işləyən aktyorlar mükafatlandırılır. Bunun üçün teatrımızda “Sima” mükafatı təsis olunub. İyulda yəqin ki, ilin ənləri seçiləcək. Layiq olanlar mükafat alacaq. Bu, əslində çox yaxşı bir şeydir.
-Müşahidələrimə görə teatrda bir çox tamaşalarda siz əsas obrazları canlandlırırsınız. Bu, digər aktyorlar tərəfindən qısqanclıqla qarşılanmırmı?
- Əksnə, bu bir qədər psixoloji prosesdir. Siz məni televizordan çox görürsünüz. Gördüyünüz sima yaddaşınıza həkk olunur və teatra gələndə yaddaşınıza həkk olunmuş aktyoru görəndə istər-istəməz özlüyünüzdə düşünürsünüz ki, yenə də bu aktyor… İndiki tamaşaların çoxunda mən yoxam. Bu yaxınlarda “Mehmanxana sahibəsi” tamaşasının əmri verildi və o tamaşada rol almadım. Ərizə yazaraq direktordan və Cənnət Səlimovadan xahiş etdim ki, məni də bu tamaşaya daxil etsinlər. Onlar da mənə razılıq verdilər. Hər şey kənardan göründüyü kimi deyil. Bizim teatrda Bəhram, Ramil, Roza, Zümrüd, Elgün, Əliheydər, Anar, Səbinə kimi gənc aktyorlar var. Demək olar ki, onların əlindən uşaq tamaşalarına gələ bilmirik (gülür). Rejissorların rol bölgüsünə biz müdaxilə edə bilmərik. Ancaq bizim teatrda elə bir şərait yaradılıb aktyor istəsə ərizə yazıb istədiyi tamaşaya daxil ola bilər.
- Elə rejissorlar var ki, mütəmadi olaraq eyni aktyorlarla işləməyə üstünlük verir. Belə hallar Gənc Tamaşaçılar Teatrında baş verirmi?
- Biz belə hallara rast gəlməmişik. Hər şey əsərdən asılıdır. Rejissor əsəri oxuduğu andan onun obrazları artıq gözünün qarşısında canlanır. O obrazları hansı aktyor daha yaxşı ifa edə bilərsə rolu ona həvalə edir. Deyə bilmərəm ki, kimsə zəifdir, gücsüzdür və yaxud da rejissorun öz komandası var. Aktyorlar bir balaca məşqə gəlməyəndə, kaprizlik edəndə işin gedişatına mane olur deyə rejissorların əksəriyyəti onlarla işləmək istəmirlər. Bizim teatra isə bu, şamil olunmur. Kimlər ki, rejissora müraciət edir, o da səhnədə olur. İşləmək istəyən aktyorla bütün rejissorlar işləmək istəyir. Əgər rejissor düşünür ki, Elnur Kərimov burada heç cür ola bilməz, ona müdaxilə etmək düzgün deyil.

- Bəs gənc nəslin teatra marağı hansı səviyyədədir?

- Gənc nəslin teatra marağı çox azdır.
- Səbəb nədir?
- Səbəbini deyə bilmərəm. Desəm ki, bunun əsas səbəbkarı universitetdə müəllimlərdir, yalançı olaram. Çünki mən də o universitetdə təhsil almışam. İnanların içində teatra sevgi lazımdır. Gənc aktyorların bu sənətdə qalması üçün bir balaca proqram zəifliyi var. Bütün teatrlarda işləyən gənclərlə yaradıcılıq psixologiyası ilə bağlı ustad dərslərinin keçirilməsini istəyirəm. Hiss edirəm ki, bu sahədə bir qədər boşluqlar var. Şükürlər olsun ki, bizim teatrda bir problem yoxdur. Bizim teatr hər zaman qalmaqallardan uzaq olub. Biz bilirik ki, tamaşaların keyfiyyəti bizdən asılıdır.
- Gənclərin nəyindən narazısınız?
- Bizim ixtisasımıza aid olan kitabların çoxu rus dilindədir. Teatra aid olan kitabların çoxu tapılmır. Bu problemlərlə çox üzləşirik. Rus dilində kitablar tapıb oxusaq da, 21-ci əsrdə Azərbaycan dilində kitab tapmaqda çətinlik çəkirik. Kitablar tərcümə olunub Azərbaycan dilində nəşr olunsaydı daha yaxşı olardı. Düzdür, Azərbaycan dilində teatr rejissorlarının, teatr camiyyəsinin kitabları var, ancaq bunlar da azlıq təşkil edirlər. Teatrla bağlı dünyanın məşhur yazarlarının kitabları tərcümə olsaydı, daha çox məlumatlı olardı. Dünya dramaturqları haqqında tələbələr məlumatsızdılar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər