• cümə axşamı, 25 aprel, 03:12
  • Baku Bakı 19°C

Elmlə təhsilin vəhdətinin vacibliyi

07.04.15 13:52 3021
Elmlə təhsilin vəhdətinin vacibliyi
“Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti illərdə uğurla idarə edəcək”. Bu fikirlər aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində Doktorların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının açılış mərasimində səsləndi. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar Azərbaycan elminin qarşısında duran vəzifələr, gənclərin elm sahəsindəki rolu və s. mövzuları müzakirə etdilər.
Qeyd edildi ki, konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. İki gün ərzində davam edəcək konfransda doktorantlar və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər.
Təhsilsiz elm, elmsiz təhsil ola bilməz

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov konfransı giriş sözü ilə açaraq, ölkədə gedən davamlı inkişafı daha da gücləndirmək üçün yüksək təhsilli kadrların hazırlanmasına ehtiyac olduğunu qeyd etdi: “Bu, təhsil işçilərinin qarşısında duran əsas çağırışdır. Peşəkar kadr hazırlığı keyfiyyətli tədqiqatlardan keçir. Keyfiyyətli təhsil üçün keyfiyyətli tədqiqatlardan başlamaq lazımdır”. Rektor ali məktəblərlə elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, gənc alimlərimizin xarici ölkələrdə yaşayan alimlərlə əməkdaşlığının vacib olduğunu qeyd etdi.
Təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı haqqında danışaraq, bu tədbirin doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söylədi. Belə ki, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır: “Sirr deyil ki, qloballaşan və məlumat axını intensivləşən zaman və məkanda elmin tutumu artır. Həyatın istənilən sahəsində elmi nailiyyətlərə əsaslanaraq, elm tutumlu məhsulların artması göz önündədir. Biz zamanın bu yeni çağırışlarına hazırıq. Ancaq qarşıda görüləsi işlər çoxdur”. Azərbaycanın ali təhsil müəssisələrində gənc alimlərin və tədqiqatçıların rolu və sayının artırılması üçün xüsusi proqramın hazırlanacağını bildirən təhsil naziri bu proqramın dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəflər müəyyənləşdirməli olduğunu qeyd etdi. Belə ki, nazirlik öz resursları hesabına proqramın inkişafına dəstək verəcək: “Özəl ali məktəblər bu təşəbbüsə könüllü şəkildə qoşula bilərlər. Əsas məqsəd professor-pedaqoji heyətin tərkibində gənc tədqiqatçıların yaş faizinin keyfiyyətcə artırılmasıdır. İstənilən gənc alimin aşkar edilməsi onun fəaliyyətinə rəhbərlik edən peşəkarların, elm xadimlərinin fəaliyyətindən, karyeranın artırılması mexanizmlərindən asılıdır. Ali təhsil müəssisələrinin rəhbərlərinə demək istəyirəm ki, universitetlərin daxilində gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir. Kafedralarda olan müəyyən vəzifələr və onlar üzərində rəhbərlik ali məktəblərdə çalışan və ya dövlət qulluğunda fəaliyyət göstərən həmkarlar tərəfindən tutulur. Amma bu işlərə gənc tədqiqatçıların cəlb edilməsi üçün dəyişik mexanizmin axtarılıb tapılması zəruridir”.
Nazir ölkədə gənc alimlərin dünya elminə inteqrasiyası üçün mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı: “Əvvəlki proqram hesabına tədqiqatlarını başa vuran gənc tədqiqatçıların ölkəyə inteqrasiyası mühüm və zəruridir. Burada dövlət qurumlarından da müəyyən məsələlər asılıdır. Bu sahədə olan formal tənzimləmə müzakirə olunmalıdır. İstənilən tədqiqat mövzusunu xaricdə həyata keçirmək üçün mövzu üçün razılıq alınmalıdır. Praktik əngəllərin sadələşdirilməsinə birgə işləyərək nail olmaq olar”.
Təhsil naziri qeyd etdi ki, say tərkibinə, tarixinə görə daha yeni olan özəl ali məktəblər bəzi hallarda beynəlxalq elmi-tədqiqat proqramlarında daha çox iştirak edir, nəinki dövlət ali təhsil müəssisələri: “Dövlət ali təhsil müəssisələrinin tarixi və potensialı böyükdür və bundan da istifadə olunmalıdır”. Nazir bildirdi ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda doktorantura ali təhsilin ən yüksək pilləsi kimi qəbul edilib: “Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və elmi-tədqiqat müəssisələrində Azərbaycanda fəaliyyət göstərən kadr potensialının 50%-ə yaxını formalaşıb. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Artıq ənənəvi olan maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə prinsipini əsas tutmaq vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsinin axtarışında olmalıyıq. Bu gün təhsil sistemində fəaliyyət göstərən müəllim-pedaqoji heyətin tərkibinə baxdıqca, bugünkü səviyyə, gənclərin bu sahədəki iştirakı bizi qane edə bilməz. Qarşıda duran çağırışlardan biri də onların sayının və keyfiyyətinin artırılmasıdır”.
M.Cabbarov doktorantura pilləsi üzrə ingilis dili öyrənməyin vacib olduğunu da vurğulayaraq, AMEA-nın bu istiqamətdə son təşəbbüsüni təqdirəlayiq hesab etdi. Belə ki, ali təhsil müəssisələrində də bu məsələ öz həllini tapmalıdır.
Nazir ali məktəblərdə yaşı 61-dən yuxarı olan elmlər doktorlarının sayının 64% təşkil etdiyini qeyd etdi. Bu gün ali məktəblərdə yaşı 30-a qədər olan fəlsəfə doktorlarının faizi 0,17%-dir. 61 yaşdan yuxarı olan fəlsəfə doktorları isə 38% təşkil edir: “Gənc alimlərin, tədqiqatçıların, elmə meyilli olan istedadlı gənclərin təhsil sisteminə cəlb edilməsi üçün yollar axtarılmalıdır. Gənc tədqiqatçıların peşəkar inkişafı üçün bütün resurslardan istifadə etməliyik. Dövlət çərçivəsində bu istiqamətdə bütün müvafiq işlər görülür”.
Nazir keçən illərlə müqayisədə elm sahəsindəki mövcud vəziyyətin səbəblərindən danışaraq, əsas səbəb kimi son onilliklərdə cəmiyyətin bir sosial iqtisadi quruluşdan digərinə keçidini göstərdi: “Bu keçid dəyərlərin dəyişməsinə səbəb olub. Bazar iqtisadiyyatana keçid ərəfəsində seçim bir çox hallarda elmin xeyrinə olmayıb. Belə olan şəraitdə dəyərlərin, təhsil alanların və onların yerinə qərar verənlərin qərarlarının dəyişməsi müşahidə edilib və bunlar da təhsilin müxtəlif pillələrinə müəyyən mənada təsir edib”.
Nazir gənc alimlərin elm sahəsində daha böyük uğurlar qazanması üçün dövlət dəstək mexanizmlərinin tətbiqi və tədqiqinin, mövcud olan alətlərdən istifadənin, həmçinin xaricdə çalışan azərbaycanlıların və ölkəmizlə bağlı alimlərin Azərbaycan təhsilinə inteqrasiyasının vacibliyini vurğuladı: “Məqsəd gənc tədqiqatçıların sayının və işlərinin keyfyyətinin artırılmasıdır”.
Nazir konfransın materiallarının Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edildiyini nəzərə çatdırdı. Belə ki, bunu nəzərə alaraq, konfransa təqdim olunan tezislərə tələblər daha da ciddiləşdirilib.
Gənc elmi elita

Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd ediləcəyini və bu elm ocağının Azərbaycan elmində müstəsna rol oynadığını qeyd edən AMEA prezidenti Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayaraq, elmi-tədqiqat mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndiriləcəyini dedi və tələbələrin xarici dil öyrənməsinin vacibliyini vurğuladı: “Bu il doktoranturaya qəbulla bağlı beynəlxalq dil metodikasından istifadə etməyə qərar verdik. Doktorantları qəbul etmək üçün onlar mütləq bu istiqamətdə sertifikatlarını bizə təqdim etməlidirlər. Daha akademiyanın xarici dil kafedrasının onlara verdiyi dəstəklə kifayətlənə bilmərik. Bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dilini yaddan çıxarırlar. Elmi ədəbiyyatın çoxu ingilis və rus dillərində olduğundan bu gün həm rus, həm də ingilis dilini mükəmməl bilmək lazımdır. Başqa xarici dilləri bilməyin də öz yeri var və onlar nəzərə alınmalıdır”.
Akademik başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə etdiyimizi qeyd edərək, hazırda Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu diqqətə çatdırdı: “Növbəti illərdə bu potensial xüsusilə gənclərin hesabına daha da güclənəcək. Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti illərdə uğurla idarə edəcək”.
A.Əlizadə alimləri ali məktəblərdə mühazirə oxumağa səslədi: “Tələbələr də alimlərin laboratoriyalarına göndərilməlidir. Sırf tədris proqramları kifayət etməz. Bu gün tədris proqramları elmin nailiyyətləri ilə mütləq bir səviyyəyə gətirilməlidir. Biz Təhsil Nazirliyindən də xahiş etmişik və yəqin ki, bu məsələyə baxarlar”.
AMEA prezidenti artıq gənclərin Azərbaycan elmində bir məktəb yaratdıqlarını qeyd etdi və bu il akademiyada ilk dəfə olaraq magistratura pilləsinin yaradılmasını xatırlatdı: “Bu da gələcəkdə elmin inkişafı üçün çox vacibdir”. Azərbaycanda elmi potensialın olduğunu və gələcəkdə daha da güclənəcəyini qeyd edən akademik təhsillə elmin vəhdətinin yaranmasının vacibliyini qeyd etdi: “Bu, Azərbaycan elminin inkişafına kömək edəcək”.
Elmi tədqiqatların sonsuzluğundan danışan gənc tədqiqatçı Zafiq Xəlilov gənc alimlərlə təcrübəli alimlərin təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğuladı: “İstənilən gənc tədqiqatçı öz sahəsi ilə bağlı dünyada gedən proseslərdən xəbərdar olmalıdır”.
Sonra çıxış edənlər konfransın əhəmiyyətindən söhbət açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildirdilər. Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirdi.
Qeyd edək ki, konfransda iştirak edənlərə Təhsil Nazirliyinin sertifikatları veriləcək. Eləcə də konfrans materiallarının kitab şəklində çap olunması nəzərdə tutulub.
Konfransda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər