• cümə, 29 Mart, 18:00
  • Baku Bakı 14°C

Elmi texniki inqilab və əxlaq

04.02.17 13:00 4519
Elmi texniki inqilab və əxlaq
"Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir".
Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri
İnsan cəmiyyətdə hörmət qazanmaq üçün gərək insani keyfiyyətlərə və gözəl əxlaqa malik olsun. Cəmiyyət içində, hər hansı kollektivdə insanlar bir-birindən elmi, biliyi, təhsili, mədəni səviyyəsi və s. bir sıra şəxsi göstəricilərə görə fərqlənirlər ki, bunlardan biri də məhz daxili aləmin güzgüsü olan əxlaqi keyfiyyətdir. Ədəb-ərkan, əxlaq norma və qaydaları, qarşılıqlı münasibətlər hər zaman cəmiyyət tərəfindən önəm verilən, diqqət edilən ən ümdə mənəvi dəyərlər olmuşdur.
Əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq şəkildə göstərir
"Əxlaq” dedikdə bunu ilk olaraq, qadınların isməti, namusu ilə bağlayırlar. Halbuki, əxlaq cəmiyyətdə hər kəsə eyni dərəcədə aiddir və insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusudur. Çünki əxlaq bizim davranışımız, bir-birimizə olan münasibətimiz və təfəkkürümüzdür. Uşaqları milli-mənəvi dəyərlərə bağlılıq ruhunda, özündən böyüyə - ata-anaya, bütün insanlara hörmət etmək, kiçiyə sevgi və qayğı, insanlara humanist münasibət göstərmək, çətinliklərə dözmək, bağışlamağı bacarmaq, saf ürək sahibi, səbirli olmaq, xeyirxahlıq, cəsarət, şücaət və mərdlik kimi keyfiyyətləri aşılamaqla tərbiyə etmək və böyütmək lazımdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün əxlaqi biliklər barədə kifayət qədər məlumatı olmayan, bunlara bir o qədər də əhəmiyyət verməyən və biganəlik göstərən gənclərə də rast gəlirik. Gələcəyimiz olan gənclər arasında öz milli dəyərlərini bilməyən və Avropa dəyərlərini üstün tutan gənclərimiz heç də az deyil. Cəmiyyətin mənəvi həyatında baş verən dəyişikliklər, əxlaqi münasibətlərin xarakteri öz əksini əxlaqi şüurda və onun məzmununda tapdığından, əxlaqi münasibətlərin də məzmunu konkret tarixi şəraitin, mövcud sosial-iqtisadi amillərin təsiri altında formalaşır. Yaşadığımız əsr elmi-texniki tərəqqinin sürətli inkişafı, kəşfləri və ixtiraları ilə cəmiyyətə, insanlara bir sıra yeniliklər bəxş edərkən həm cəmiyyətdə, həm də şəxsi həyatda köklü dəyişikliklərin yaranmasına gətirib çıxarır. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin həyatımızı hədsiz asanlaşdırmasına, mütərəqqi dəyişikliklərə yol açmasına baxmayaraq, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq şəkildə göstərir. Bugünkü uşaq və gənclərimizlə əvvəlki nəslin cəmiyyətə qarşı münasibətini, həyata baxışını müqayisə etsək, aradakı kəskin fərqi görə bilərik. İctimai həyatın bütün sahələrini əhatə edən bu qlobal dəyişikliklərin cəmiyyətin sosial strukturu kontekstində insan faktoruna təsir göstərməsi heç də təsadüfü deyildir. Çünki cəmiyyətdəki yeniləşmələr zamanı insanın bu proseslərin mərkəzi faktoru kimi çıxış etməsi onun yaradıcılıq imkanlarını, mənəvi dünyasını və həyat tərzini müəyyənləşdirən mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı olması ilə bağlıdır.
Müasir dövrün azyaşlı uşaqları da oyuncaqlara deyil...
Bu gün texnikanın sürətli inkişafı, insanların televiziya və internetlə sıx bağlılığı insan əxlaqına, mənəviyyatına həm pozitiv, həm də neqativ təsir göstərir. Qərbdə yüksək texnoloji inkişaf sayəsində hər şeyin adiləşməsi, dərk olunan və əl çatan olması, insanı heyrətləndirə biləcək hadisələrin azalması, insanın təbiətə məftunluğunun təbiət üzərində hakimiyyət hissi ilə əvəz olunması, maddi vasitələrin gücünə inamın artması, onların hər şeyə qadir olması fikrinin mənəvi idealları sıxışdırması təhlükəsi yaranmışdır. Əvvəllər insan əxlaqı yalnız onun yaşadığı konkret ictimai mühitin təsiri ilə, həmin mühitdə hakim olan əxlaq normaları ilə müəyyən olunurdusa, indi müasir texnikanın insana müxtəlif təsir imkanlarının şahidi oluruq. Müasir dövr ailəsinin bütün fərdləri televiziya, internet və sosial şəbəkələrdə daha çox vaxt keçirirlər. Ailələrdə telefon və komputerdən istifadə etməyi bacarmayan azyaşlı uşaqlara rast gəlmək haradasa mümkünsüz olubdur. Çünki müasir dövrün azyaşlı uşaqları da oyuncaqlara deyil, telefona, planşet, komputerə daha çox maraqlıdırlar. İnformasiyanın belə sürətli axını, məkan və zamanın dəyişməsi uşaqların şüuruna, davranışına, tərbiyəsinə, bütövlükdə cəmiyyətin yeni dəyərlər əsasında formalaşmasına birbaşa təsir göstərir. Artan tələbat və tələbatın asanlıqla ödənilməsi uşaqların fərdi keyfiyyətlərini, yaradıcılıq axtarışlarını zəiflədir, onları real aləmdən kənarda qoyur. Bu mənada kütləvi informasiya vasitələri nəinki ictimai şüurun, ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi münasibətlər sisteminin inkişafına öz təsirin göstərir. Belə ki, internet saytlarında yerləşdirilən məlumatlar, sosial şəbəkələrdə paylaşılan materiallar, televiziyada yayımlanan verilişlər içərisində təqdirəlayiq informasiyalarla yanaşı, xalqımızın milli-mənəvi dəyərləri ilə uzlaşmayan hallara da rast gəlmək mümkündür. Bu kimi informasiyaların təlqin edilməsi, böyüklər tərəfindən izlənilməsinə icazə verilməsi ümumi inkişaf səviyyəsi aşağı olan, əqidə yetkinliyi əldə etməmiş gənclərin əxlaqi deqradasiyasına gətirib çıxara bilər.
Elmi-texniki tərəqqi nə qədər sürətlə inkişaf etsə də...
Texnikaya marağın əxlaqa, mənəvi tərbiyəyə pozitiv təsiri ilə bərabər neqativ təsiri də qaçılmazdır. Televiziya və kinonun bədi ədəbiyyat və teatrla, fotoqrafiyanın təsviri sənətlə rəqabəti və birincilərin texniki cəhətdən müntəzəm olaraq təkmilləşməsi sayəsində getdikcə daha böyük auditoriya qazanması, ikincilərin isə olduqca mühüm və böyük mənəvi tərbiyə gücünün kölgədə qalmasına səbəb olur. Mükəmməl texnika vasitəsilə kiçik vaxtda böyük işlər görmək imkanı vaxta münasibəti dəyişir və elmi-texniki inqilab şəraitində yaranmış psixoloji atmosfer adamları daha çox dərəcədə yığcam informasiya dalınca qaçmağa sövq edir. Bu deqradasiyanın qarşısını almaq üçün maddi şəraitin dəyişdirilməsindən daha çox ailə və məktəbin həmrəy işi sayəsində tərbiyə vasitələri yeni tələblərə uyğun şəkildə qurulmalı, gənc nəslin tərbiyəsində milli-mənəvi dəyərlərin, bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, həmçinin tanınmış yazıçı və şairlərin əsərlərinin bədii təsir gücü artırılmalıdır.
Elmi-texniki tərəqqi nə qədər sürətlə inkişaf etsə də, həyatımızın ayrılmaz bir hissəsinə çevrilsə də, insanda var olan ali hisslər, duyğular heç bir texniki qəlibə sığmayacaq qədər zəngindir, ülvidir. XXI əsrdə yüksək bilik səviyyəsi, təlimi, təhsili, intellekti, bacarıq və qabiliyyətləri ilə bərabər, zəngin mənəvi-əxlaqi dəyərləri vəhdət təşkil edən gənclərə bu gün daha çox ehtiyacımız vardır. Amma dünyada baş verən qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən də kənarda qala bilmərik. Dövlətimiz müasirləşir, beynəlxalq təşkilatlarda təmsil olunur, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edir. Yüksək texnoloji inkişafın müsbət nəticələrini dövlətimizin mədəni tərəqqisi naminə tətbiq edərkən insan mənəviyyatına, əxlaqına mənfi təsir edən yönlərini tədricən aradan qaldırmalı, digər tərəfdən də xalqın tarixən formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını qorumalı, milli irs və özünəməxsusluğunu saxlamalı və gələcək nəsli əsrlər boyu sınaqlardan keçmiş mənəvi-əxlaqi dəyərlər ruhunda, milli və bəşəri ideallar əsasında böyütməliyik. Texnoloji yeniliklərdən yalnız bəşəri ideallara çatmaq üçün istifadə etməli, fəal, çevik, yaradıcı təfəkkürə, sağlam əhval-ruhiyyə malik şəxsiyyətlər yetişdirməliyik. Unutmamalıyıq ki, hər bir ailədə böyüyən, yetişən, tərbiyə alan uşaq, gənc gələcəyin müəllimi, həkimi, mühəndisi, alimi, özündən sonrakı nəslin anası, atası, tərbiyəçisi, ən əsası da milli-mənəvi dəyərlərimizin varisidir.
Günel Əsgərova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
banner

Oxşar Xəbərlər