Elməddin Dadaşov: “Sehrbaz olmaq arzusunda idim”
14 ildir ki, Akademik
Musiqili Teatrda rejissor assistenti vəzifəsində çalışır. Həmin teatrda
böyüyüb, boya-başa çatıb. Bu teatr onu, bir rejissor və aktyor kimi yetişdirib. Yeri gələndə uşaq tamaşalarında
aktyor kimi səhnəyə çıxıb, yeri gələndə böyük tamaşalarında biri-birindən
maraqlı obrazları ilə səhnədə özünə tamaşaçı sevgisi qazanıb. İlk olaraq, səhnə
maşinisti kimi işə düzələn Elməddin Dadaşov indi teatrda tamaşalara quruluş
verir. Deyir ki, insan işinə sevgi ilə yanaşanda ondan aldığı enerjini heç nə
ilə əvəz etmək mümkün deyil.
-
Elməddin bəy, niyə rejissorluq?
- Ümumilikdə uşaqlıqdan incəsənətə
böyük marağım olub. Kinooperator Mirzə Mustafayev qohumumdur. Hesab edirəm ki, bu istedad gendən
gələn bir şeydir. Uşaq yaşlarımda kloun olmağı arzulayırdım. Müəyyən bir yaşa
çatdıqdan sonra mənə aydın oldu ki, peşəkar kloun olmaq üçün gərək Moskvada təhsil
alım. O zaman üçün Bakıda peşəkar şəkildə klounada ilə məşğul olan sənətçi yox idi.
-
Bizim cəmiyyətdə klouna baxış bir az fərqlidir. Kloun təlxək kimi qəbul olunur.
- Mən belə düşünmürəm. Klounada
böyük bir sənətdir. Onun qrimi, geyimi, aksessuarları var. Uşaqları sehirli bir
aləmə aparan, onları bu aləmə inandıran bir peşəyə sahib olmağı arzu edirdim. Kloun sanki bir sehrbazdır. Mən də belə bir
sehrbaz olmaq arzusunda idim.
-
Əslində, bu gün kloun sənəti işbazların əlindədir. Bu restoran, kafe
səviyyəsində yüngül bir sənətə çevrilib.
- Mən kloun sənətinin belə
bir vəziyyətə düşməsi üçün təəssüf edirəm. Baxır, kim bu sənətə necə yanaşır.
Kloun olmağı arzu etmişəm. Lakin sonralar xaricdə
təhsil alacağım üçün fikrimdən daşındım. 2004-cü ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti” ixtisasına daxil
oldum və novator rejissorlardan olan YUĞ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun
kursunda təhsil aldım. Vaqif müəllim bizi həm rejissor, həm də aktyor kimi yetişdirirdi.
-
Bəs, nə üçün YUĞ teatrına gedib, orada çalışmadınız?
- Vaqif İbrahimoğlu hər zaman
istəyirdi ki, yetişdirdiyi tələbələr yanında olsun. O, təkid etdi ki, YUĞ teatrında
qalım. Ancaq mənim janr olaraq komediyaya böyük həvəsim var idi. Uşaqlıq arzum məni Musiqili Teatra gətirdi. Vaqif İbrahimoğlu
məndən nə üçün Musiqili teatra getdiyimi soruşanda bildirdim ki, zamanında siz də
məhz bu teatrın baş rejissoru olmusunuz. İllər sonra mən Vaqif İbrahimoğlunun xeyir-duasını
aldım.
-
Musiqili Teatrla tanışlığınız necə oldu?
- 2005-ci ildə mərhum sənətkarımız Hacıbaba Bağırovun
dəstəyi və dəvəti ilə işə qəbul oldum. O dövrdə həm universitetdə təhsil almaq, həm də işləmək
çox çətin idi. Xoşbəxt gənclərdənəm ki, burada çalışdığım qısa zaman kəsimində böyük
layihələrdə iştirak imkanı qazandım. İlk olaraq, teatrda səhnə maşinisti kimi
qeydiyyata düşdüm. Hacıbaba Bağırov
məni işə qəbul edəndə dedi ki, "görək, teatra
olan sevgisi özünü doğruldacaqmı?” Heç üç ay keçməmişdi, "Bir dayan canavar” tamaşasında
rejissor assistenti olaraq çalışdım. Hacıbaba Bağırov kulisə keçdi və mənə
yaxınlaşaraq "Sən bu gündən etibarən rejissor assistenti kimi çalışacaqsan”- dedi.
O gündən sonra mənim Musiqili Teatrda macəralarım başladı. Daha sonra böyüklər üçün
"Qısqanc ürəklər” tamaşasının rejissor assistenti olaraq çalışdım və ardı gəldi.
Musiqili Teatr mənə hərtərəfli cığır açdı. Burada həm rejissor assistenti, həm də
aktyor olaraq mənə hər cür şərait yaradıldı. İrili-xırdalı bir çox tamaşalarda rol
aldım. İşlədiyim müddət ərzində "Aldın payını, çağır dayını”, "Talelər qovuşanda”,
"Bir günlük siğə və ya keçmiş ola, arkadaş”, "Əlin cibində olsun”, "Məsmə xala
dayımdır” kimi tamaşaları idarə etdim. "Nu volk, poqodi”, "Qısqanc ürəklər”,
"Milyonçunun dilənçi oğlu”, "Yeddi məhbusə anası”, "Bayadera”, "Mən dəyərəm min
cavana”, "Yağışcığın macərası”, "Arşın mal alan”, "Kimdir müqəssir?”, "Kimyagər”, "Evlənmə" kimi tamaşalarda rejissor-assistenti kimi fəaliyyət göstərdim. Bundan başqa, "Milyonçunun
dilənçi oğlu” tamaşasında Şair, "Yeddi məhbusə anası” komediyasında Qamət və
Cin, "Şeytanın yubileyi” tamaşasında Cangüdən və Polis, "Aldın payını, çağır
dayını” musiqili komediyasında Tarik Tərlan (Tərgəldi), "Kimdir müqəssir?”
əsərində Pişik obrazlarını ifa etdim.
-
Əliqismət Lalayev teatrınıza direktor təyin olunandan sonra karyeranızda hansı dəyişikliklər
oldu?
- Obrazlarımın sayı çoxaldı.
Biri-birindən maraqlı obrazlar yaratdım. "Silva” tamaşasında Roberto, "Min bir gecə”
nağıllarının motivləri əsasında hazırlanmış "999-cu gecə” əsərində Tutuquşu obrazını
canlandırdım. Elçinin "Baladadaşın toy hamamı” əsərinin tamaşasında Peyin satan
obrazını oynadım.
-
Sizin üçün rolun böyüyü və ya kiçiyi varmı? Adətən, aktyorlar epizodik obrazda
oynamaqdan imtina edirlər.
- Əsla. Tamaşaçı pul verib tamaşaya
baxmağa gəlirsə, bizim buna ixtiyarımız yoxdur. Əsas odur ki, sən üzərinə düşən
obrazı tam şəkildə tamaşaçıya ötürə biləsən. Rejissorun göstərişinə uyğun olaraq,
mizanları doğru şəkildə yerinə yetirəsən.
-
Adətən, müəyyən müddət teatrda işləyəndən sonra aktyorlar uşaq tamaşalarında oynamaq
istəmirlər. Elə rejissorlar da. Bəs, sizdə elə bir kompleks varmı?
- Mən belə düşünmürəm. Martın
10-da milli teatr günündə Aleksey Tolstoyun "Buratino” əsərini tamaşaya qoydum.
-
Niyə siz rejissorlar həmişə eyni əsərlərə müraciət edirsiniz?
- "Buratino” əsəri Gənc
Tamaşaçılar Teatrında və Akademik Milli Dram Teatrında səhnələşdirilib. Ancaq
bizim tamaşamız onlardan tamamilə fərqli bir üslubda hazırlanıb. Bizim
tamaşamızda filmdə olan orijinal musiqidən istifadə olunub. Mənim hazırladığım bu tamaşada özəlliklərdən biri də odur ki,
filmdə səslənən orijinal musiqilər məhz bu tamaşada var. "Buratino” əsərinin filmi
rus dilində çəkilib, sözlər də rus dilindədir. Ancaq mən bu tamaşanı Azərbaycan
dilində hazırlamışam. Musiqili teatr olduğumuz üçün biz tamaşada musiqini daha
çox önə çəkmişik."Buratino” tamaşasına
baxsanız, müasir səhnə həlli görəcəksiniz. Tamaşada aktyorların geyimi, musiqi tərtibatı
hamısı yenidir. Bu tamaşada üzərimə böyük bir məsuliyyət götürdüm. Bu tamaşada Əməkdar artistlər Nahidə Orucova, Səmayə Musayeva, Məhərrəm Qurbanov
oynayırlar. Mölə Mirzəliyevlə mən o sənətkarları dəvət etdim və onlar böyük məmnuniyyətlə tamaşada iştirak
etdilər. Düşünə bilərdilər ki, tamaşanın rejissoru gəncdir, bəlkə də istədiyini
edə bilməyəcək və s. Ancaq nəticədə ortaya çox gözəl bir tamaşa çıxdı. Orada bir
çox yeniliklər etdim. Hətta yeni səhnələr yazdım.
-
Həm teatrda, həm də film sahəsində hər bir
rejissorun öz komandası olur və hər dəfə onlar öz komandasına müraciət edirlər.
Bəs, sizin iş prinsipiniz necədir?
- Bizdə elə rejissorlar var
ki, tamaşanı hazırlayır və gedir. Tamaşa müəyyən müddət oynanılır və hansısa aktyor
həmin tamaşadan çıxır. Rəhbərliyin göstərişinə uyğun olaraq, ora hansısa bir aktyoru
təyin edirlər. Yəni, teatr sistemində bu mexanizm bir az fərqlidir. Siz
dediyiniz məsələyə gəldikdə isə, mən hər dəfə fərqli aktyorlarla işləyirəm.
Qeyd etdiyiniz rejissorlar isə yəqin özünə əziyyət vermək istəmir.
-
Adi bir gənci götürüb onu cilalamaq, ondan aktyor yaratmaq necə?
- O qədər olub ki... Təsəvvür
edin, bizdə Rauf Hacıyevin "Talelər qovuşanda” tamaşası var və mən o tamaşaya
17 aktyor hazırlamışam. Elə aktyorlar olub ki, teatrdan gediblər və mən təəssüf
hissi keçirmişəm ki, onları hazırlayana qədər çox əziyyət çəkmişəm. Ən xırda nüanslara
qədər onları öyrətmişdim. Ancaq onu bilirəm ki, əlimi vicdanıma rahat qoya bilərəm
ki, öz işimi şərəflə yerinə yetirmişəm.
- 14 ildir ki, Akademik Musiqili Teatrda
çalışırsınız. Canlı əfsanələrlə ünsiyyətdə olmaq, onlarla bir səhnəni paylaşmaq
necə hissdir?
- Əlbəttə ki, Akademik Musiqili
Teatrda, sözün əsil mənasında, neçə-neçə istedadlar yetişdirib. Onlar bizim
sənət dostlarımız olub. Biz o sənətkarlarla bir səhnəni bölüşmüşük. Bir
zamanlar teatrımızda Hacıbaba Bağırov, Siyavuş Aslan, Münəvvər Kələntərli,
Ofelya Aslan, Elçin Həmidov, Xanım Qafarova kimi sənətkarlar çalışıb. İndi bu estafeti bizlər daşıyırıq. Elə sənət
nümunələri yaratmalıyıq ki,gələcək nəsil bizi qiymətləndirsin.Bu gün bir çox sənətkarlarımızla
çiyin-çiyinə çalışırıq. Xanımlığı, böyüklüyü ilə bizə hər zaman dəyər verən Xalq
artisti Afaq Bəşirqızı ilə çalışmağın məmnunluğunu yaşayıram. Onunla "Diqqət şəhərdə
manyak var”, "Mən dəyərəm min cavana”, "7
məhbusə anası”, "Məhəbbət oyunu”, "Aldın payını, çağır dayını”, "O olmasın, bu olsun”, "Bankir adaxlı" kimi əsərlərdə rejissor assistenti olaraq çalışmışam. Bəzi tamaşalarda isə aktyor
kimi onunla tərəf-müqabili olmuşam. Gənc olaraq ABŞ-da qastrol səfərində olmuşam.
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı Afaq xanımın
çıxışını necə qiymətləndirirsiniz?
- Mən də həmkarlarım kimi,
Afaq xanımın cənab prezidentin qarşısında nitqini dinlədim. Çox məqsədyönlü, təsirli
bir çıxış idi. Bu çıxış xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Əməkhaqlarının
artırılması, aktyorların rifahı, eyni zamanda, teatrımıza akademik statusu verilməsi
üçün gözəl təşəbbüs oldu. Afaq xanım böyük aktrisa olmaqla yanaşı, həm də çox maraqlı
insandır. O bizə yalnız həmkar kimi yanaşmır,
həm də ana qayğası, göstərir.
Xəyalə Rəis