• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Elm, mədəniyyət və incəsənət beşiyi Reportaj Fotolar

10.07.13 09:13 4022
Elm, mədəniyyət və incəsənət beşiyi Reportaj Fotolar
Bir qrup jurnalisti Gəncəyə aparan Bakı-Agstafa qatarı səhər saatlarında, amma 1 saat gecikmə ilə şəhərə çatdı. Deyəsən, bu qəbil gecikmələrə adətkar olduğumuzdan idi ki, heç əhval-ruhiyyəmizi də pozmadıq. Gəncəyə - yaşının 4000 il olduğu YUNESKO tərəfindən də təsdiqlənən qədim şəhərə
səfərimizə bizi qarşılayan Gəncə İH-nin nümayəndəsi ilə birlikdə şəhərlə tanışlıqdan başladıq. İlk ünvanımız isə dahi Nizami Gəncəvinin məqbərəsi oldu.
Festivallar şəhəri
Gəncədə divarların çoxunu bəzəyən və üzərində «Nizami Gəncəvi-870» sözləri yazılan portretləri gözümüzlə izləyə-izləyə məqbərəyə çatırıq. Hazırda məqbərədə bərpa və yenidənqurma işləri aparılır. Məqbərənin divarını dahi şairin «Leyli və Məcnun» əsərindən misralar bəzəyir. Məqbərə ilə üzbəüz tikilən Nizami Mərkəzində də tikinti işləri davam etdirilir.
Məqbərənin həyətində müəllifi Qorxmaz Sücəddinov olan dahi şairin xan çinarın kölgəsi fonunda abidə kompleksi yer alıb. Abidə kompleksi Nizami Gəncəvinin poemalarının qəhrəmanları əsasında qurulub. Məqbərənin həyətində daha iki qəbir tapılıb. Məqbərənin direktoru Gülnarə İsmayılova dedi ki, 2011-ci ildə həmin qəbirlərin üzərində ucaldılan məqbərə Şəki bərpaçıları tərəfindən hazırlanıb. Həmçinin məzarların sahibi barədə tədqiqatlar aparılır. Mülahizələrə görə, məzarların dahi şairin valideynlərinə, ya da qohumlarına aid olduğunu söyləyənlər var. Məqbərənin yaxınlığında Göygölün rəmzi forması yaradılıb. Yaşıl amfiteatrda isə orta məktəb şagirdlərinin açıq dərsləri keçirilir.
«Nizami Gəncəvi irsinin öyrənilməsinin təbliği və tətbiqi ilə əlaqədar ulu öndərin 1979-cu il fərmanından sonra Gəncədə Nizami və Gəncə rayonları yaradıldı. Gəncənin adının ədəbiləşdirilməsi istiqamətində ulu öndər həmişə çalışmışdı. Nəhayət, 1989-cu il 31 dekabrda Gəncə özünün qədim adını qaytardı». Bu sözləri də rayon mədəniyyət və turizm idarəsinin rəhbəri Sənan Hacıyev dedi.
Böyük və qızğın bir tikinti meydançasını xatırladan Gəncə sentyabr ayında keçiriləcək Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə bağlı tədbirə hazırlaşır. Axı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının və Gəncə şəhər İcra Hakimiyyətinin Məhsəti Gəncəvinin 900 illik yubileyinin qeyd olunması barədə YUNESKO-ya müraciətinə müsbət cavab alınıb. Həmçinin ölkə başçısının yubileylə bağlı sərəncamından irəli gələrək il boyu tədbirlər həyata keçirilir. Şairənin adını daşıyacaq Mədəniyyət Mərkəzi isə sentyabrın sonlarında istifadəyə veriləcək. Ətrafda həmçinin şairənin adına parkın salınması və abidəsinin ucaldılması nəzərdə tutulub. Şəhər Mədəniyyət İdarəsinin də həmin mərkəzdə yerləşdirilməsi planlaşdırılır.
Payızda Gəncədə ənənəvi Poeziya bayramını maraqla gözləyənlərin sayı-hesabı yoxdur. Hər il noyabr ayında keçirilən Beynəlxalq Şərab Festivalı isə mədəniyyətin nümayişi kimi təqdim olunur.
Şəhərin girişində qırmızı kərpicdən tikilən qala divarlarının inşası da sentyabrın sonuna qədər başa çatacaq. Nəzərdə tutulub ki, “Qala kompleksi” təkcə qala divarları funksiyasını yerinə yetirməsin. Belə ki, qala divarlarının aşağı qatında muzey, yuxarı qatında restoran fəaliyyət göstərəcək. Qala divarlarından şəhərə daxil olan kimi yolboyunca işlənəcək dizaynı – dahi şairin “Xəmsə”sinin daşlaşmış təqdimatı və şəhərin bütün tarixi proseslərini özündə əks etdirən abidənin qoyuluşu nəzərdə tutulub. Belə ki, şəhərə daxil olanda artıq Gəncənin qədimliyi tam hiss olunacaq.
Gəncənin Bayraq Meydanı da şəhər sakinlərinin qürur yeri kimi tanınır. Hündürlüyü 100 metr, diametri 25-50, ipək kütləsi 150 kq olan bayraq keçən ilin yanvar ayında ölkə prezidentinin iştirakı ilə gəncəlilərə təhvil verilib. Meydanda ucaldılan bayraq regionlar üzrə ən hündür bayraq sayılır. Bayraq meydanında həmçinin qədim Gəncənin və ölkənin rəmzləri yer alıb. Bayraq meydanının yaxınlığında Mətbuat Evi tikilir.
«Xəmsə» memarlıq kompleksi də yenidən qurulub. Kompleksin ərazisində dahi şairin abidəsi ucaldılıb.
Gəncənin ən qədim tarixi abidələrindən və ölkənin mühüm ziyarətgahlarından olan “İmamzadə kompleksi”ndə bərpa işləri davam etdirilir. Yenidənqurma işləri binanın qədimliyi nəzərə alınmaqla həyata keçirilir. Bərpa işlərinin sentyabr ayına qədər başa çatması planlaşdırılır.
Ən qədim şəhər
Gəncənin Şərq ipək yolunun üstündə məskunlaşmış ən qədim ticarət, mədəniyyət, elm və sənaye mərkəzi olması şəhər küçələrini gəzdikcə bir daha təsdiqlənir. Tarixi memarlıq nümunələri, qırmızı kərpicli tikililər adamı valeh edir. Arxitektor binalar Şərq memarlığı ənənələrini özündə əks etdirir. Gəncənin xan çinarlarla məşhur küçələrindən keçib «Şah Abbas» Cümə məscidini, «Cavad xan» məqbərəsini ziyarət edirik. Şəhərdə Cavad xanın abidəsinin ucaldılması da nəzərdə tutulub. Ərazidəki “Çökək hamam”ın tarixi görkəmi bizi ətrafına yığır. 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilən tarixi hamamın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Günbəzli binada 2003-cü ildə Mədəniyyət Nazirliyinin Bərpa İdarəsi tərəfindən təmir işləri aparılıb.
Şəhərin küçələri elə qurulub ki, bütün yollar mərkəzdən keçir. Cavad xan küçəsi isə “Piyadalar küçəsi” elan edilib. Bu küçədəki səliqə-sahman və gözəllik göz oxşayır.
Gəncə Azərbaycanın ikinci böyük və ən qədim şəhəridir. Şəhərin əhalisi durmadan artır, ərazisi genişlənir. Şəhər İH-nin başçısı Elmar Vəliyev bizimlə görüşündə Gəncənin Baş planının təsdiq olunduğunu qeyd etdi. Küçələrin prospektlərə çevrilməsi, genişlənməsi də həmin plan əsasında həyata keçirilir. Artıq 8 küçə prospektə çevrilib. “Biz 70 layihəni bu ilin sonuna qədər bitirməliyik. Bu layihələrdən 22-i təhsil, 5-i səhiyyə, 10-u mədəniyyət, 4-ü iqtisadi və digər sahələrlə bağlıdır. Gəncənin 501 tarixi abidəsini müəyyənləşdirmişik. Bu abidələrdən 140-a yaxını bərpa olunub”. E.Vəliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradıldığını bildirdi. Artıq dünyada tanınan bu mərkəzin Klinton, Süleyman Dəmirəl, Federiko Mayor Zaraqoza, İngiltərənin kraliçası və s. kimi görkəmli üzvləri var: “Gəncə ölkənin elm, mədəniyyət və incəsənət beşiyidir. Biz dünyanın bir sıra ölkələrində dahi Nizaminin saxlanılan əsərlərini Gəncəyə gətirib çap etdiririk”.
Gəncə şəhəri bu yaxınlarda Turin şəhəri ilə qardaşlaşıb. Şəhər rəhbəri vurğuladı ki, beynəlxalq müstəvidə regionların dostlaşması, onların təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının bir-biri ilə əlaqədar olması, xüsusən Gəncənin tanınması üçün bu əlaqə çox əlverişlidir. “Turin böyük şəhərdir. 129 milyard avro büdcəsi var. Onlar bizim layihələrimizi görüncə çox heyrətləndilər. Biz ora gedib öz layihələrimizi təqdim etdik, həmçinin onları Gəncəyə dəvət etdik. Məqsədimizi budur ki, Turində Məhsəti Gəncəvinin abidəsini ucaldaq. Həmçinin Gəncə Strasburqla qardaşlaşıb. Orada da Nizaminin heykəlini qoymağı planlaşdırırıq. Bu cür yollarla ölkəmizi tanıtmalıyıq”.
Gəncə əhalisinin sayının hələ tam dəqiqləşmədiyini deyən icra başçısı rayonun ərazisinin son illər genişləndiyini qeyd etdi: «Gəncə ərazisində problemlər var idi. Daşkəsən, Göygöl, Samux, Şəmkir rayonlarının 3 min hektara yaxın torpağı Gəncəyə verildi. Bu gün 45 min ailənin evinin sənədi yoxdur. Tezliklə bu problemlər həll olunacaq. Həm vətəndaşlarımızın sayını dəqiqləşdirəcəyik, həm də onlar yaşadıqları yerin ünvanını biləcəklər. Bütün layihələrimizlə şəhərimizi gözəlləşdirmək, tarixiliyini qorumaqla yanaşı, həm də vətəndaşlarımızın rahatlığını təmin etməyə çalışırıq”.
Cənnət guşəsi
Gəncədə şəhərin qonaqlarının və yerli sakinlərin çox sevdiyi bir ünvan da var: “Xan bağı” mədəniyyət və istirahət parkı. Yamyaşıl çinarların, qocaman palıdların və bir sıra nadir ağacların baş-başa verdiyi park əsl cənnət guşəsidir. Qafqazın ən qədim parklarından olan “Xan bağı”nın 300-dən çox yaşı var. Gəncəlilər asudə vaxtlarını bu parkda keçirməyi çox xoşlayırlar. Mürgüləyən və təsbeh çevirən ixtiyar qocalardan tutmuş, şən gülüşləri ətrafı başına götürən balacalara qədər parkda çox adama rast gəlmək mümkündür. Yenidən qurulan Venesiya guşəsi, ağacdan-ağaca atılan dələlər, cürbəcür quşlar buranı istirahət məkanı seçənlərin ruhunu oxşayır. Burda ağaclar o qədər sıxdır ki, yayda qızmar günəşin, qışda soyuq küləklərin qarşısını alır. Parkı ağac və gül cinslərinin növ zənginliyinə görə Nəbatat bağı da adlandırmaq olar. Burada nadir tapılan bitki cinsləri - Himalay sidri, yapon əzgili, Eldar şamı, hind qozu, bambuk, sərv ağacları və s. mühafizə edilir.
Gəncəyə iki günlük səfərimizi şəhərin görməli yerlərini ziyarət etməklə, səfalı Hacıkəndi gəzməklə, hər addımda “Gəncə nə gözəldir, necə qəşəngdir” təkrarlamaqla başa vururuq. Dahi Nizami yurdunun yaddaşımıza həmişəlik bağışladığı gözəl hisslərlə Bakıya dönürük. Əlbəttə, yenidən qayıtmaq arzusu ilə...
Təranə Məhərrəmova
Bakı-Gəncə-Bakı

banner

Oxşar Xəbərlər