• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

Əliyanlı mahalının tarixi irsi və maddi abidələri

28.03.19 10:00 1581
Əliyanlı  mahalının tarixi irsi və maddi abidələri
Qədim Zəngəzur qəzasının tərkib hissəsinə daxil olan tarixi və inzibati əyalətlər içərisində Əliyanlı mahalının camaatı bir sıra özəlliklərinə (igidlikləri, haqq-ədalət uğrunda mübarizliyi, qorxmazlığı, idarəetmə sisteminin nizamlı olması...) təbii-coğrafi ərazisi isə qədim tarixi irsi və maddi abidələrinə görə fərqlənmişdir. Bu bölgədə ümumilikdə 16-ya qədər kənd yerləşib. Coğrafi məkanca "Əliyanlı” toponiminin yaranması da maraqlıdır.
Ulu babalarından eşitdiklərini söyləyən Armudluq kənd sakini Həmid Xudaqulu oğlunun (1848-1958) dediyinə görə, 250-300 il əvvəl Cənubi Azərbaycandan bir dəstə qaçaq-quldur gəlib Həkəri çayının sol sahillərində yerləşən elatlarda talançılıq-soyğunçuluq edərmiş, camaatın mal-mülkünü qarət edib, sürüləri hovlayıb aparırlarmış. Belə hadisələrin birində Armudluq kəndinin 18-20 yaşlı bir cavanı kəndin qənşərindəki "Oyuğun yalı” deyilən yerdə bir səngərə sığınıb 5-10 nəfər qaçağı izləyəndə görür ki, onlar Bağırbəyli binəsindən (kəndlərindən 4 km şərqdə) sürdükləri 100-ə yaxın mal-heyvanı böyük bir çinarın altında saxlayıb, bulaq üstündə dincəlirlər. Silahlarını bir kənarda "çal-keçir” edib, baş-başa "dərzləyib”, kəsdikləri heyvanın kababından yeyib dincəlir, keşikdə duranlardan isə biri yatıb, o biri isə ölən malın gönündən özünə çarıq tikir. Həmin cavan bu məqamda bulağın üstündəki böyük daş parçasının arxasından keçib tüfənglərin topasını ələ keçirir və yenidən özünü atır qayanın arxasına. Haray-həşir qopur, quldurlar oyanır, onda cavan onlara deyir: "Mal-heyvanı hardan gətiribsinizsə, o yolla da aparırsınız geri, qaytarırsınız yiyələrinə, özünüz də dərədən çıxıb işıq düşən yerlə keçib, dağı aşırsınız, bir də buralara ayağınız dəymir...”
Belə də olur. Əliyalın bir cavanın qoçaqlığı, soyğunçuları tərki-silah edib qovması xəbəri tezliklə mahala yayılır və həmin bölgə sonralar yerli şivə-dialekt, danışıq xüsusiyyətinə, deyim tərzinə uyğun olaraq "Əliyanlı” yer adı kimi məşhurlaşır. Deyilənlərə görə, mahalın kəndləri iki cür qiymətləndirilir: bəy və (rəiyyət) rahat kəndləri. Bəy obaları kimi Şahhüseyn qışlağı, Qışlaq, Dəvədərəsi, Binədərəsi, Abbaslar, Bağırbəyli, Haral (bu kənd keçən əsrin 30-cu illərində Cəfərabad adlanıb və indi Aşağı Fərəcan kəndi kimi Laçın rayonun tərkibinə daxil edilib), Başarat, Armudluq, Hat, Milanlı, Deşdahat... kəndləri, rahat kəndlər sırasına isə Muradxanlı, Həkəri, Həmzəli... yurdları daxil edilir.
Hər kəndin özünəməxsus təbii-coğrafi şəraiti və tarixi inkişaf xüsusiyyətləri olduğu kimi, ayrılıqda hər biri zəngin maddi-mədəni irsə (dağüstü və qayaüstü rəsmlər, çeşidli qəbirüstü başdaşıları, dini ocaqlar və məbədlər, memarlıq nümunəli müxtəlif tikililər, mülklər...) və qiymətli mənəvi (xalq yaradıcılıq-mədəniyyət nümunələri) xəzinəyə malik olmuşlar. Təbii ki, bu cür maddi-mənəvi dəyərlərin işğal edilməsi, qarət olunması, yazılı və memarlıq nümunələrinin oğurlanıb aparılması mümkün olmadıqda, müxtəlif üsullarla onların "erməniləşdirilməsi” əsrlər boyunca mənfur düşmənlərin hədəfində olmuşdur.
Bölgənin digər obaları sırasında bu baxımdan Armudluq kəndi (bu toponim leksik-fonitik dəyişikliyə uğrayaraq bəzən "Amuduq” kimi deyilir, yazılır) və "Amudluğun piri” ("Pir daşı”) istisnalıq təşkil etmir. Kənd özü 1 km-lik məsafədəki "Pir dağı” silsiləsinin (uzunluğu 1,5 km, mütləq hündürlüyü 1100 m-ə çatır) yalçın qayalarının ətəyində, günbatan hissədə, meşə əhatəsində yerləşir. Dağın yüksəkliyindəki çılpaq və pöhrəlikdəki gediş-gəliş yolu yalnız arxadan olub, qabaq hissə keçilməz idi. Və bu yerdə 12-yə qədər arı yuvası vardı, may-iyun aylarında bu qayalıqdan şəlalə əvəzinə bal süzülərdi...
Qaraquş-quzğun yığnağı olduğundan, kəndin gündoğarında "Qaraquş oturan dağ” uzanardı. Səhər-səhər günəş çıxanda "Pir dağı”nın kölgəsi günortaya qədər kəndin üzündən çəkilməzdi.
"Pir dağı” üstündə Alnan məbədi kimi yaşı V-VI əsrə aid olan və xalq tərəfindən qorunub saxlanılan müqəddəs ziyarətgah-tikilinin uzunluğu 4 m, eni 3 m, hündürlüyü 2,5 m olmaqla düzbucaqlı formadadır. Üstü daşdan tağbənd şəkilli idi. Quzey tərəfdə giriş qapısının boyu 1,8 m, eni 80 sm olardı. İçəridə hər iki divar boyunca 15-ə qədər taxçalar (40-60 sm-lik) sıralanırdı və yazıları olmayan iki məzar vardı. Kobud daşlardan başdaşı (60 sm boyda) və sinədaşı qoyulmuşdu. Günəş çıxanda pirin içərisi işıqlanırdı. Qapıdan aşağıda ardıc kollarının dibindən sərin sulu "Pir bulağı” axardı, ətrafını çaşır bürümüşdü.
Məbədə çıxan yolun sol qolu üstündə, dağın tirəsində 200-300 m uzunluğunda, boyu 1-2 m olan daş qalaqları yığılmışdı. Bunlar 1918-1920-ci illərdə hay-daşnak quldurlarına qarşı döyüşlərdə səngər yerləri olmuşdur. Əsrin sonunda, 1992-1993-cü illərdə bölgənin yerli özünümüdafiə dəstələrinin düşmənlə apardığı döyüşlərdə mamırlaşmış bu səngərlər yenə də daş-sipər kimi istifadə edilmişdir. 1920-ci ildə Qarabağın dağlıq hissəsinə yiyələn rus-bolşevik və hay-daşnak silahlı qüvvələrinin azğınlaşmış döyüşçülərinin bir dəstəsi "Pir dağı”na çıxmış və sal taxta qapını sındırıb atmışlar. Keçən əsrin 50-ci illərinin sonunda kənd sakini Rəhim Valeh oğluna (1917-1997) kəndin qırağında rast gələn minik maşınındakı bir neçə nəfər, həmin ziyarətgaha getmək istədiklərini bildirmiş və asan yolun istiqamətini soruşmuşlar, hətta orda qalacaqlarını demişlər. Aradan bir neçə saat keçmiş həmin adamlar qayıdıb kəndi tərk ediblər. Sonradan məlum olub ki, gələnlər Xocavənd rayonunun hayları olub. Onlar qəbirləri dağıtmış, uçurmuş, çıxardıqları saxsı küpələrin sınıqları içəridə səpələnmişdi.
Armudluq kəndinin şimal-qərbindən (Başarat kəndi istiqamətində) 3 km aralıda,Ş "Qalalı” adlanan yerdə hörgülü qədim qala divarlarının qalıqları qaya divarlarına qovuşur. Yerli sakinlərin mülahizəsinə görə, yaşı 800-900 ilə çatır. Ətrafdakı dağ yamaclarından süzülüb axan çeşmələrin suyu qovuşaraq iki qayanın arasından (2 m-lik aradan) keçir və 7-8 km məsafədə axaraq soldan Həkəri çayına qovuşur. Başarat kəndindən 3 km aralıda, onu əhatə edən bir çox qədim oba-yurd yerləri (hərəsində 10-15 "tüstü çıxırdı”) vardı ki, o binələrin ("Qasımın bağı”, "Xanların yeri”, "Kərbəlayi dərəsi”, "Söygülünün dərəsi”...) kalafaları son vaxtlara qədər qalırdı. Bu yerlər həm də 1918-1920-ci illərdə döyüşlərin gərgin keçdiyi səngər-savaş yerləri olub. Sonrakı illərdə isə onların əhalisi Başarat kəndinə köçürülmüşdür. "Söygülünün dərəsi”ndə daş qalaqları yığılmışdı, hava şəraitindən asılı olmayaraq əsrlər boyu necə tikilmişdisə, elə də qalırdı, el ziyarətgahına çevrilmişdir.
Başarat kəndinin mərkəzində "Osmanlı qəbiristanlığı” deyilən yer vardı, 30-40 qəbir olardı, onların üstü 3-4 m qalınlığında torpaqla örtülü idi. Həmin ərazidə 1930-cu ildə tikilmiş orta məktəb və dəyirman binası yerləşirdi. 1968-1969-cu illərdə su xətti çəkilişi üçün torpaq-qazma işləri aparanda qəbirlər üzə çıxmış, eləcə də yağış suları da axıb qəbir yerlərini açırdı. Yaşlı kənd sakinlərindən Şəmil İbadulla oğlu Əliyev (1901-1993), Günəş Abdulla qızı (1879-1964), Həmzə Saleh oğlu (1888-1978), Hüseyn Sadıq oğlu Behbudov (1917-1992) bu qəbirlərin Osmanlılara aid olduğunu bildirmişlər.
Əliyanlı mahalının mərkəzi olan bu kənddə 1918-1920-ci illərdə 30-40 ev olub. Əhalisini, 1830-1840-cı illərdə Osmanlı Türkiyəsinin Qars vilayətindən köçüb məskunlaşan ailələr təşkil edib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar bir gecənin içərisində kəndi tərk edərək əzəli vətənlərinə dönür və orada Başarat adlı kənd yaradırlar. "Başarat” toponimi "bəsirətli, bəşarətli yer” sözünün dəyişilməsidir ki, "çox gözəl havası olan yer, cənnəti-məkan” mənasındadır. Bu kənddən 6-7 km cənub-qərb tərəfdə "Albalı yeri” deyilən yerdə 10-15 romb şəkilli mixi hərflərinə oxşar yazılı qəbir daşları (boyu 1,5-2 m) vardı. Baş daşlarının ortasındakı xaç işarəsi, künclərindəki qızılgül rəsmlərindən görünür ki, bu nümunələr II-III əsrə aid Alban mədəniyyətinin tarixi irsinə aid olmuşdur. Ətrafda isə 50-yə qədər qədim yurd yerləri görünürdü.
Həmin yerdən günçıxana tərəf 100-150 metr aralıda yaşı min ildən artıq olan, boyu 45-50 m-ə çatan tək çinar boy verirdi, dibindən "Çinar bulağı” qaynayırdı. Bir az aralıdakı "Çinarın dərəsi”ndə yaşı 200 ildən artıq olan 100-ə qədər ceviz ağacı meşəliyi vardı.
Kollu-pöhrəlikli ərazidə yerləşən Hürneyid kəndinin əhalisi isə qazma-torpaq binələrdə yaşadıqları üçün 15 km cənubda boş qalmış Başarat kəndində məskunlaşmışlar. Hürneyid kəndindən 3-5 km aralıda, günçıxan tərəfdə qədim "Xanlıqlı yurdu” deyilən pöhrəlikli xam yerdə 1970-ci illərdə əkin üçün şum aparıldıqda 10-15 ədəd bütöv saxsı küplər aşkar edilmişdir ki, onların içərisində insan sümükləri olmuşdur. Qışlaq kəndi Armudluq kəndindən 2 km cənub-qərbdə, Muradxanlı kəndinə tərəf dağ-meşə əhatəsində ("Albalı meşəsi”, "Qızıldaş meşəsi”, "Daşarası meşəlik”, "Girəngi”...), çeşmə-bulaq həndəvərində ("Sulu çinar bulağı”, İncirli bulağı”, Cirəngi bulağı”...) yerləşib. Ətəyində yerləşdiyi dağlar – Qızıldaş, Sulugab, Daşarası 1918-1920-ci illərdə hay-daşnak quldurlarına qarşı açıq səngər yuvalarına çevrilmişdir. Quzeydə Milanlı dağlarından başlanan Qalalı çayı kəndin ortasından keçir. Bu çayın üzərində kənd sakini Kərbəlayi Cümşüd Rəsul oğlunun (1834-1924) 1878-ci ildə tikdiyi su dəyirmanı 1905-ci və 1918-ci ildə yandırılıb məhv edilmişdi. 1920-ci ildə onu yenidən bərpa etsə də, həmin tikili istifadəsiz qalaraq dağılmışdır.
Qeyd: Yazının hazırlanmasında Qubadlı rayonu, Başarat və Armudluq kənd sakinləri Nadir İsmayıl oğlu Şükürovun (1955) və Nəriman Şükür oğlu Həmidovun (1933) məlumatlarından istifadə olunmuşdur.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər