• çərşənbə axşamı, 23 aprel, 23:44
  • Baku Bakı 20°C

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd olundu

30.05.13 17:42 9972
Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd olundu
“Əlimərdan bəy Topçubaşov şəxsiyyəti, onun zəngin irsi bu gün müstəqil Azərbaycanın yoluna işıq salır, ötən əsrin sonlarında öz istiqlalına qovuşmuş ölkəmizdə onun adı daim əziz tutulur. Heç də təsadüfü deyildir ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ilin dekabrında ilk rəsmi səfərini etdiyi Fransada Əlimərdan bəyin məzarını ziyarət etmiş, onun xatirəsinə ehtiramını bildirmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu dahi şəxsiyyətin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı da dövlətçilik irsimizə təəssübkeşlikdən irəli gələn tarixi addım kimi qiymətləndirilməlidir”. Bu fikirlər Azərbaycan Mətbuat Şurası ilə “Kaspi” qəzetinin görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi münasibətilə keçirdiyi elmi-praktik konfransda səslənib.
Tədbirdə Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında Əlimərdan bəy Topçubaşovun böyük xidmətləri qeyd olunub.
Bizi keçmişimizə bağlayan sərəncamlar

Mətbuat Şurasının sədri Əflatun Amaşov Əlimərdan bəy Topçubaşovu Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirib: “Biz jurnalist ictimaiyyəti isə onu daha çox jurnalistlik fəaliyyətinə görə tanımışıq. 1891-ci ildə «Kəşkül» qəzetinin son nömrəsi işıq üzü gördü. O vaxtdan 1903-cü ilə qədər Azərbaycan dilində qəzet işıq üzü görmədi. Azərbaycan ziyalıları daha çox rus dilində çıxan qəzetlərə üz tuturdular. Eyni zamanda, Bağçasarayda işıq üzü görən «Tərcüman» qəzeti ilə əlaqə saxlayırdılar. Belə bir zamanda 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev «Kaspi» qəzetini aldı və Həsən bəy Zərdabinin məsləhəti ilə qəzetin redaktoru Əlimərdan bəy Topçubaşov oldu. Topçubaşov Azərbaycanda ictimai-siyasi həyatın qızışdığı bir məqamda «Kaspi»ni Azərbaycanın inkişafı ilə bağlı istiqamətə yönəltməyə çalışdı. Əlbəttə, redaksiyanın tərkibi rusdilli insanlardan ibarət idi”.
Ə. Topçubaşov o dövrün məşhur, ictimai-siyasi xadimlərini - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.A.Şahtaxtlı, Nəriman Nərimanov və başqa ziyalıları qəzetə dəvət edib və 1898-ci ildən «Kaspi» müsəlman «Kaspi»si adlandırılıb. 1907-ci ilə qədər Topçubaşov qəzetin rəhbəri olub. O, eyni zamanda, Bakıda çıxan bir sıra qəzetlərə redaktorluq edib. MŞ sədri Topçubaşovun ictimai-siyasi fəaliyyəti haqqında da məlumat verərək bildirib ki, o, ali təhsil aldıqdan sonra vəkil, müəllim kimi də fəaliyyət göstərib. Daha sonra Tiflisdən Bakıya gələrək ölkədə baş verən bütün ictimai-siyasi hadisələrdə iştirak edib. Belə ki, birinci rus inqilabi dövründə aktiv həyat yaşayıb. Birinci Dövlət Dumasının Bakı Quberniyasından deputat seçilib. Dumada müsəlman fraksiyasının rəhbəri olub. Hər çıxışında Azərbaycanla, Rusiyada yaşayan azsaylı xalqların problemləri ilə bağlı çıxışlar edib. Ümumrusiya Müsəlmanları Qurultayında mütəmadi olaraq iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər və ondan sonrakı proseslərdə nüfuzlu bir dövlət xadimi kimi iştirak edib:
«Çox təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun sürmədi. Topçubaşov ömrünün sonuna qədər Parisdə yaşadı. Orada müxtəlif konfranslarda iştirak etdi, Azərbaycan müstəqilliyinin əldə olunması uğrunda ömrünün sonuna qədər mücadilə apardı. “Əlimərdan bəyin həm jurnalistlik, həm də ictimai-siyasi xadim kimi fəaliyyəti ilə bağlı əldə olunan materiallar bizim bügünkü günümüz, keçmişə baxışımız üçün çox önəmlidir. Məhz bunları nəzərə alaraq Azərbaycan prezidenti İlham Əliyev Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Eyni zamanda, Həsən bəy Zərdabinin 170, Mirzə Fətəli Axundovun 200 illiyi ilə bağlı verilən sərəncamlar bir daha bizi keçmişimizi öyrənməyə və gələcəyimizi qurmağa yönəldir. Bu sərəncamlar bizi bir daha keçmişimizlə bağlayır».
Müsəlman «Kaspi»si

Konfransda “Əlimərdan bəy Topçubaşov və Azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında hər bir tədqiqat materialı hər dəfə yeni faktların üzə çıxmasına şərait yaradır: «Əlimərdan bəy Topçubaşov dövrünün yüksək təhsil almış hüquqşünası, elm, ictimai xadimi və milli ruhlu naşir idi. Peterburq universitetində təhsil aldığı illərdən başlayaraq dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması onun fikir və düşüncələrinin inkişafını millətin taleyüklü məsələlərinə yönəltmişdi. Onun bütün fəaliyyətində əsas məqsəd özü demişkən «qəflət yuxusunda» olan millətin milli oyanışında, milli azadlıq hərəkatının düzgün istiqamətlənməsində ziyalı kimi iştirak etmək idi. Baxmayaraq qarşıda duran məqsəd və vəzifələrin vahid təşkilat proqramı yox idi, amma dövrün ziyalıları üçün, xüsusilə Əlimərdan bəy Topçubaşov və onun yaxın silahdaşlarının fəaliyyət istiqamətləri çox düzgün müəyyənləşdirilmişdi».
S.Vəliyeva Əlimərdan bəy Topçubaşovun yaradıcılığı ilə tanışlığın Azərbaycan xalqının tarixi keçmişinin ən vacib məqamlarının mənzərəsini əks etdirdiyini vurğulayıb. Belə ki, millətin ən fədakar oğulları xalqın gələcəyi uğrunda mübarizə apardığı halda onlar sovet dövrü materiallarına «xalq düşmənləri» kimi yazılmışlar. Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi fəaliyyətinin püxtələşməsində «Kaspi» qəzetinin məktəb rolunu oynadığını qeyd edən S.Vəliyeva qısa bir dövrdə redaktor kimi fəaliyyət göstərən Məmməd ağa Şahtaxtlıdan sonra Əlimərdan bəyin «Kaspi» qəzetinin ikinci müsəlman redaktoru olmasını qeyd edib: “Bu, böyük maarifpərvər, xeyriyyəçi Zeynalabdın Tağıyevin uzaqgörənliyi ilə qəzet və mətbəə işinə diqqətini yönəltdikdən sonra baş verdi. Artıq 1897-ci ildən «Kaspi» qəzeti Əlimərdan bəy Topçubaşovun redaktor təyin olunduğu vaxtdan «müsəlman Kaspisi» adlandırılmağa başladı”. S.Vəliyeva «Kaspi» qəzeti ilə bağlı ideya-amalların inkişafında istiqamətləndirici maarifpərvər ideoloq H.Zərdabinin fəaliyyətini də xüsusi vurğulayıb: “Dövrün bütün milli-mədəni, maarifçilik mübarizəsində xalqın, millətin taleyüklü məsələlərin həllində Həsən bəy Zərdabi ziyalıların məsləhət yeri, istinad nöqtəsi idi. Əlimərdan bəyin qayınatası Həsən bəyi hərtərəfli yüksək qiymətləndirərək onun bütün məsləhətlərini dinləməsi fəaliyyətinin uğur əmsalına çevrilmişdi. Həsən bəylə Əlimərdan bəyi təkcə qohumluq əlaqələri deyil, ən başlıcası milli məfkurəyə xidmət amalı birləşdirirdi. Birgə müəyyənləşdirilən gələcək hədəflər böyük düşüncə xadimlərinin mərhələli fəaliyyətində çox dəqiq həyata keçirilirdi”.
S.Vəliyeva 1881-ci ildən fəaliyyətə başlayan, Azərbaycan tarixində yeni ruhlu mətbuat orqanı olan «Kaspi» qəzetinin xalqın milli intibah və istiqlal hərəkatında böyük rol oynadığını qeyd edib. Belə ki, 1897-ci ilin sonlarından «Kaspi» mətbəəsinin H.Z.Tağıyev tərəfindən 57 min rubla satın alınmasında, hətta naşirliyi öz üzərinə götürməsi məsələlərində Ə.Topçubaşovun qayınatası, böyük maarifçi ideoloq H.Zərdabinin məsləhəti tarixi əhəmiyyətə çevrildi. Siyasi qınaqlara məruz qalmaması üçün H.Z.Tağyevin mətbəəni Ə.Topçubaşova icarəyə verməsi haqqında müqavilə imzalaması 1898-ci ildən «Kaspi» qəzetinin fəaliyyət proqramını milliləşdirdi: “Təsadüfi deyildi ki, onun redaktoru olduğu «Kaspi» qəzetinin “müsəlman Kaspi”si adlandıranlar çox haqlı idilər. Fəaliyyət ideyasının milli-mədəni inkişafa, maarifçiliyə, milli oyanışa çağırışa, fəhlə və kəndlilərin hüquqlarını dolayı yolla olsa da müdafiə etmək istiqamətinə yönəlməsi qəzetin tam milli mövqedən çıxış etdiyini göstərirdi. Əlimərdan bəyin əqidəsində cəm olunan düşüncə fəlsəfəsi təkcə kağız üzərində yazı deyil, problemlərin həlli yolları, hüquqi əsaslarla izah olunur, ideyanın həyata keçməsi prosesi onun: “biz hər bir halda ictimaiyyətin və həqiqətin tələblərinə cavab verməyə borcluyuq. Həqiqət mətbuatın ali məqsədidir» - fikri kimi həyatının bütün mərhələlərində fəaliyyətinin düsturuna çevrildi. Onun redaktorluğu dövründə qəzetin gündəlik tirajının on minə çatması, bütün ümumRusiya ərazisində yaşayanlara, xüsusilə türkdilli və müsəlman dininə məxsus xalqlara göndərilərək onları birliyə səsləməsi Əlimərdan bəyi ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi”.
S.Vəliyeva Əlimərdan bəyi müstəqil Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlərinin təşəkkülündə müstəsna xidmətlərə malik olduğunu qeyd edib: “Qısa bir ömür yaşamış AXC-nin fəaliyyət dövründə istər siyasi-diplomatik münasibətlərdə, istər daxili milli məsələlərin həllində, istərsə iqtisadi məsələlərə dair layihələrin Azərbaycan dövlətinin xeyrinə yönəldilməsində Topçubaşovun fəaliyyəti yüz illərlə dövlətçilik ənənəsinə malik bir dövlətin siyasi xadiminin nümunəsini əks etdirirdi”.
“Kaspi”nin təsisçisi diqqətə çatdırıb ki, Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında, AXC-nin yaranması, onun möhkəmləndirilməsi proseslərində və Rusiyanın Azərbaycana təcavüzü, müstəqilliyin itirilməsindən sonra mühacirətdən bu işğala qarşı ömrü boyu apardığı mücadilə Ə.Topçubaşov adını azərbaycançılıq məfkurəsinin öncüllərindən biri kimi dövlətçilik tarixinə yazıb: “Bu gün onun böyük əhəmiyyətə malik çoxşaxəli fəaliyyətinin hər sahəsi geniş tədqiqat mövzusu kimi işlənməlidir. Uzun illər boyu adının çəkilməsi qadağan olunan böyük dövlət xadimi, dövlətçilik və azərbaycançılıq məfkurəsinin banilərindən biri Əlimərdan bəy Topçubaşovun ruhu qarşısında tarixi minnətdarlıq borcunu onun zəngin irsinin hərtərəfli araşdıraraq gələcək nəslə çatdırmaqla qismən olsa da ödəyə bilərik”.
Nadir şəxsiyyətlərdən biri

«Cümhuriyyətin görkəmli diplomatı Əlimərdan bəy Topçubaşov” mövzusunda çıxış edən Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev Əlimərdan bəy Topçubaşovu təkcə Azərbaycan xalqının deyil, bütün Rusiya müsəlmanlarının milli-azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olmuş nadir şəxsiyyətlərdən biri adlandırıb. Görkəmli ictimai-siyasi xadimin həyat və fəaliyyəti haqqında maraqlı faktlarla danışan tarixçi bildirib ki, Əlimərdan bəy Topçubaşov həyatını təkcə öz xalqının deyil, həm də bütün Rusiya müsəlmanlarının azadlığı uğrunda mübarizəyə həsr edib: “XX əsrin əvvəllərində çar hökumətinin ucqarlarda, xüsusilə müsəlman xalqları arasında yeritdiyi müstəmləkəçilik və ayrı-seçkilik siyasəti hüquqları tapdalanan xalqların bütün zümrələrindən olan nümayəndələrini o milli zəmində vahid bir cəbhədə birləşməyə sövq edirdi. Müsəlman xalqlarının azadlıq mübarizəsinə hazırlığının təşkilində Əlimərdan bəy Topçubaşovun əvəzsiz xidmətləri olub. O, ömrünün sonuna qədər xaricdə olan mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirib. Əlimərdan bəyin xatirəsi bu gün təkcə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda, bütün türk xalqları tərəfindən minnətdarlıqla yad edilir”.
“Cismi mühacirətdə – Parisdə olsa da”

“Azərbaycanın şəxsiyyət simvollarından biri – Əlimərdan bəy Topçubaşov” adlı məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru Şamil Vəliyev sovet dövründə uzun zaman siyasi səbəblərdən Əlimərdan bəy Topçubaşovun kimliyinə kölgə salındığını, Azərbaycan Xalq Cümhu¬riyyətinin bu parlaq simasının xidmətlərinin geniş araşdırılmadığını təəssüflə xatırlayıb: “Tarixdə «Qara kitab» adı ilə məşhur olan və 1920-ci illərin əvvəllərində Bakıda rus dilində çapdan çıxan "Zaqafqaziyada rus siyasətinə dair" adlı kitabın 60-62-ci səhifələri bu fikri aydın şəkildə göstərir. Əlimərdan bəy sovet dövründə tədqiqlərin əksəriyyətində siyasi cəhət¬dən tənqid edilmiş, bilavasitə geniş araşdırma hədəfinə çevrilməmişdir. Hətta 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında onun "burjua millətçiliyi idealarını təbliğ" etməsi ayrıca vurğulanmışdır. Yalnız Azərbaycanda sovet hakimiyyətinin süqutu ərəfəsində və ondan sonrakı dövrdə Əlimərdan bəyin fəaliyyəti obyektiv olaraq işıqlandırılmağa başlayıb, XX əsrin əvvəllərinə dair araşdırmalarda onun ictimai-siyasi və diplomatik xidmətlərinə, şəxsiyyətinin bu və ya digər cəhətlərinə aydınlıq gətirilib, əsərləri nəşr edilərək ictimaiyyətə çatdırılıb”.
Ş.Vəliyev qeyd edib ki, Ə.Topçubaşov redaktoru olduğu "Kaspi" qəzetində elmi ictimai fikri maraqlandıran ən ciddi problemlərin həllinə çalışıb, xalqın mədəni səviyyəsinin, hüquqi haqlarının qorunmasını məqsəd bilib. Belə ki, "Kaspi" qəzetində nəşr etdirdiyi çoxsaylı məqalələrdə ədəbi-mədəni həyatın müxtəlif problemlərinə aydınlıq gətirir, Azərbaycanda milli mətbuat, ədəbiyyat tarixi və onun elmi-nəzəri dəyərləri, kəndli hüququ, konstitusiya hüququ, şəhər idarəçiliyinin islahatı, səhiyyə məsələləri, səhnə və teatr, orta və ali məktəb qayğıları, milli müxtariyyat məsələlərini işıqlandırırdı. Sadalanan mövzuların təsviri və problemlərin həlli zamanı Ə.Topçubaşov bu və ya digər formada ictimai-siyasi problemləri də ortaya atır, xalqın taleyinə aid ən vacib siyasi məsələlərin diqqət mərkəzində saxlanmasına çalışır, milli istiqlaliyyət-azadlıq, müstəqil suveren dövlət, konstitusiyalı özünüidarəetmə prinsiplərini təbliğ edirdi.
Ş.Vəliyev diqqətə çatdırıb ki, ictimai-siyasi mühit və tarixi zamanın qeyri müvafiq olmasına baxmayaraq, Ə.Topçubaşov digər müasirləri H.Zərdabi, M.Şahtaxtlı, Ə.Ağayev, Ə.Hüseynadə, C.Məmmədquluzadə və başqaları ilə birgə Azərbaycanın istiqalalını düşünür, xalqının milli haqlarını qoruyur, vətənində yenilikçilik və müasirlik hərəkatının təmin olunmasına çalışır, xüsusilə maarifçlik düşüncəsinin, yeni məktəbdarlıq işinin və mətbuatın canlanmasına səy göstərirdi: “Məhz Əlimərdan bəy və onun müasirlərinin tarixi xidmətinin nəticəsidir ki, XX əsrin əvvəllərində Azərbaycanda milli maarifçilik konsepsiyası formalaşıb dünyəvi elmlərin tədrisi gücləndirilir, "üsuli-cədid" məktəblərinin sayı artır, kapitalizmin tərəqqisi sayəsində "neft və milyonlar səltənətinə" çevri¬lən Azərbaycanın tarixi taleyi həll olunurdu”.
Belə ki, mühacirətdə Azərbaycanın siyasi haqlarının qorunması yolunda əzmlə çarpışan Ə.Topçubaşov milli birlik, Azərbaycançılıq qayəsi, müstəqil dövlət, azad vətən, milli mənəvi əxlaq, mədəni dəyərlər məsələsinə gündəlik iş və həyatında, məqalələrində xüsusi yer ayırırdı. Ş.Vəliyev qeyd edib ki, Əlimərdan bəy öz həyatını vətəninə həsr etdiyinə görə onun irsi və şəxsiyyəti yalnız siyasi intibah anlarında xatırlanmayacaq, təhlil və tədris məqsədilə öyrəniləcək: “Bu və digər faktlar, xüsusilə irsinin nəşri, təhlil və təbliği bir daha təsdiqləyir ki, Azərbaycan xalqı var olduqca onun görkəmli diplomat oğlu, millətimizin şəxsiyyət simvollarından biri Əlimərdan Topçubaşovun da ruhu əbədi diri qalacaqdır, cismi mühacirətdə – Parisdə olsa da”.
Konfrans iştirakçıları Əlimərdan bəy Topçubaşovla bağlı tarixi faktları yada salmaqla belə bir konfransın keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, “Kaspi” qəzeti Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti ilə bağlı «Xüsusi buraxılış» da nəşr etdirib. Nəşrdə alimlərin maraqlı araşdırmaları ilə yanaşı nadir fotoşəkillər də yer alıb.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva tarixi şəxsiyyətlərə, görkəmli ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunan bu cür konfransların ənənəvi keçiriləcəyini qeyd edib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər