• şənbə, 20 Aprel, 10:03
  • Baku Bakı 14°C

"Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

21.11.18 10:00 3171
"Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”
Fiziki qüsurlu, əlil gənclərlə söhbət etdikdə içimdə ruh yüksəkliyi yaranır. Ona görə ki, onlar həyatı, yaşamağı bizdən daha çox sevirlər. Özlərinə qapanmır, müxtəlif cəmiyyətlərdə toplanır, tədbirlərdə iştirak edir, əylənməyin və şənlənməyin müxtəlif üsullarını tapırlar. Fiziki məhdudiyyətli olduqlarına görə içlərinə qapanıb, özlərini çərçivəyə salmırlar. Artıq bu cür insanlara qarşı fərqli düşünməyə və onlarla fərqli davranmağa başlamışam. Bilirəm ki, bu şəxslər istəmirlər, kimlərinsə onlara yazığı gəlsin. Bunun üçün əllərindən gələni edir, öz ayaqlarının üstündə dayanmağa çalışırlar. Buna can atır, cəmiyyətdə onlar haqqında formalaşmış fikirləri dağıtmaq istəyirlər.
Bunun üçün təbii ki, təhsil önəmli və ən vacib şərtlərdəndir. Məhz təhsil vasitəsi ilə yaşıdlarının arasında görünmək və onlarla bərabər eyni auditoriyada təhsil almağı arzu edirlər.
Bu günlərdə Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayevanın əlillərin təhsil haqlarından azad olunması ilə bağlı təklifi ilə qarşılaşdım. O, çıxışında bildirib ki, birinci qrup əlillər yataq xəstələridir. Kimin evində birinci qrup əlil varsa, orada ikinci insanın da işləməsi mümkünsüzdür. Çünki birinci qrup əlil iş görmək qabiliyyətinə malik deyil və ona xüsusi şəkildə qulluq göstərmək lazımdır: "Beləliklə, bir ailənin iki üzvü işləyə bilmir və verilən vəsaitlə həmin ailəni saxlamaq mümkün deyil. Eyni zamanda, ali məktəblərdə təhsil alan əlillərin ödəniş məsələləri ciddi məsələdir. Azərbaycanda nə qədər əlil tələbə var ki, onlar ödənişlərdən azad olunmurlar? Axı həmin vəsait dövlət büdcəsi üçün nə qədər ağırlıq, yük təşkil edir ki? Ona görə hesab edirəm ki, əlil tələbələr ödənişlərdən, təhsil haqlarından azad olunmalıdırlar”.
Bəli, millət vəkilinin bu çıxışı əlil gənclərin lap ürəyindən xəbər verdi. Çünki onlar artıq evlərdə özəl formada təhsil almaq istəmirlər. Onlar öz həmyaşıdları kimi təhsillərini universitetlərdə almaq, tələbə həyatı yaşamaq istəyirlər. Amma və lakin...
Onların sizə sözü var
Övladı birinci qrup əlil olan Simuzər xala deyir ki, oğlunun arzusu universitetdə hamı kimi təhsil almaq və başqalarından seçilməməkdir: "Evdə övladıma baxdığım üçün mənim işləmək imkanım yoxdur. Onun yeməyi, geyimi, gündəlik qayğıları çoxdur. Universitetlər də ödənişlidir, ödəniş haqları həddindən artıq baha olduğu üçün oğlum universitetə sənədlərini verə bilmədi. Onun gözü hər zaman yolda qaldı. Təəssüf ki, universitetdə əsasən imkanlı ailələrin əlil uşaqları təhsil alır”.
Mətin Gənclər Birliyinin rəhbəri, 1 saylı Sağlamlıq İmkanları MəhdudGənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kursunda təhsil alan Mətanət Qüdsideyir ki, normal insanlarla bərabər hüquqlu imkanları olmadığı üçün onlar çox çətinliklə təhsil alır və yaxud da bu arzudan vaz keçirlər: "Azərbaycanda birinci qrup əlil barmaqla sayılacaq qədərdir. Onların maddi imkanı yoxdur ki, nəyisə ödəsin. Mən universitetdə oxuyanda təhsil haqqımı ödədim. Axı mən digər yaşıdlarım kimi təhsil mərkəzinə avtobusla, metro ilə getmirəm. Normal tələbələrin 1 aylıq yol xərcini mən 2 günə taksidə istifadə edirəm. Hamı üçün bərabər imkanlar yaradılsaydı, mən də onlar kimi ictimai nəqliyyatdan istifadə edərdim. Əlbəttə, bu şəraiti bizə yaratsaydılar, şad olardıq. Bəzən həqiqəti qəbul etmirlər. Həqiqətə bir az başqa don geyindirib demək lazımdır. Hər insan bizim həqiqətləri qəbul edə bilmir. Gəncə Dövlət Regional Kollecini bitirmişəm. Dərsim ikinci mərtəbədə idi, mənə görə rektorumuz dərslərimizi aşağı mərtəbəyə saldı. Digər əlliyi olan dostlarım var ki, onlar da universitetdə oxuyurlar, onların maddi imkanı yoxdur ki, illik təhsil haqlarını ödəsinlər. Onlar müəyyən şəxslərin yardımı ilə bu ödənişi həyata keçirirlər, bəzilərinin isə hələ də gözləri yoldadır”.
Fiziki məhdudiyyətli Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq” ixtisasında təhsil alıb. Deyir ki, istedadı dəstəkləmək mütləqdir, əks təqdirdə, o həvəs yox olacaq: "Universitetdə bizə hər hansı avantajlar yaradılmırdı. Əksinə, film çəkmək üçün kameralarımız köhnə idi. Başqa bir avadanlıq götürəndə belə onun pulunu öz cibimizdən ödəyirdik. Bilmirdim təhsil haqqımı ödəyim, yoxsa avadanlıqları alım. Universitetin "Sabah” qrupu mənə ikinci kursdan köməklik etdi, Kinematoqraflar İttifaqından Rasim Ocaqov təqaüdünü ayırdılar. Daha sonra bir bank mənə sponsorluq etdi. Yığdığım pulları çəkdiyim filmlərimə xərclədim. Bu gün qaçqın və məcburi köçkünlərə hərtərəfli kömək edirlər, onlar təhsil haqqından azaddırlar. Mənə əlil deyilməsini xoşlamıram. Çalışıram hər şeyi özüm edim. Dostlarım da mənimlə eyni fikirdədirlər. Buna baxmayaraq, dəstək hər zaman lazımdır. Təhsil haqlarımız ödənilsə, yaxşı olar”.
Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi, gözdən əlil Xanoğlan Sadiq isə deyir ki, təhsil haqqı ilə bağlı müxtəlif qurumlara müraciət etsə də, heç kimdən səs çıxmayıb: "Qanunvericilikdə şəhid ailələri, məcburi köçkünlərin övladları təhsil haqlarından azaddırlar. Biz buna həqiqətən sevinirik. Bu, dövlət tərəfindən böyük yardımdır. Ancaq bizim də təhsilə çox ehtiyacımız var. Çünki ümidimiz ancaq onadır. Sizi inandırım ki, ödənişimlə bağlı avqust ayında müraciət etmədiyim dövlət və ya özəl qurum qalmadı, ancaq təhsil haqqını ödəməkdə mənə dəstək çıxan tapılmadı. Onların hamısına məktub yazaraq müraciət etdim. Dörd ay keçməsinə baxmayaraq, hələ də bir cavab gəlməyib”.
"Ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı yüz əlli nəfər də deyil”
Təhsil eksperti Kamran Əsədov son illərdə ölkə rəhbərliyinin təhsil sistemində apardığı islahatların gənclərə qayğı, dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd etdi. Ekspert məcburi köçkünlər, şəhid ailələri və valideynləri xəstə olanların təhsil haqqından azad olunduğu kimi, əlil tələbələrə də belə bir güzəşt tətbiq edilməsini vacib hesab edir: "Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik böyük işlər görülür. Qəbul edilmiş qanunvericilik aktlarına görə, əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb. İlk növbədə, qeyd edim ki, fiziki çatışmazlığı olan şəxslərin cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün bütün başqa vətəndaşlarla bərabər imkanlara malik olması, onların ali təhsil alması çox vacibdir. Apardığım araşdırmalardan sonra məlum oldu ki, ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı heç yüz əlli nəfər də deyil. Amma əlilliyi olub maddi imkanı olmadığına görə ali təhsil almayan minlərlə tələbə adına namizəd şəxslər var. Bundan başqa, hazırda bütün ölkə üzrə fiziki məhdudiyyəti olan və ya olmayan şəxslərin hamısı ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə bərabər hüquqlu imtahan verir. Düşünürəm ki, müəyyən əllilik dərəcəsi olan şəxslər qəbul imtahanlarını başqa formatda verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan, sadə olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, onlar üçün təhsilin əlçatanlığı təmin olunacaq. Düşünürəm ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil alma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompyuter və ya elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması da vacibdir. Bu zaman onlar lazımi informasiyanı özləri rahatlıqla əldə edə bilərlər”.
Təhsil eksperti öz tədqiqatlarına əsasən qeyd etdi ki, hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Ölkə üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilmiş, eləcə də inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı isə 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrinin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır.
"Biz onlara təhsil haqları ilə bağlı güzəştlər etsək, bu heç də dövlət büdcəsinə yük olmayacaq. Əksinə, onlar işçi qüvvəsi kimi əmək bazarına daxil olub, bir sıra işlər görməklə ölkəyə xidmət edə bilərlər” - deyə, K.Əsədov əlavə etdi.
Niyə də olmasın?
"Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Məmmədzadə ilə söhbətimizdə əlil gənclərin təhsil haqları məsələsində onlara hansı dəstək göstərdiklərini xəbər aldıq. Müsahibimiz dedi ki, təhsilə dəstək və savadlı gənclərin yetişdirilməsi onların korporativ sosial məsuliyyət (KSM) strategiyalarının əsas prioritetidir: "Əlil tələbələrdən belə bir müraciət daxil olarsa, biz bu müraciəti dəyərləndirməyə hazırıq.
Bizə əlil tələbələrdən bu istiqamətdə heç bir müraciət daxil olmayıb. Amma bu fikri dəstəkləyirəm”.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev deyir ki, əlil olub-olmamasından aslı olmayaraq, Azərbaycan Texniki Universitetinin tələbələri üçün ən böyük imtiyaz onlara verilən təhsildir: "Texniki Universitet digər ali təhsil müəssisələri kimi, Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq idarə edilir. Tələbələrə yanaşma, onlara yaradılan şərait məhz qanunun tələbləri ilə müəyyən edilərək təşkil olunur. Azərbaycan Texniki Universitetində təhsil alan tələbələr arasında əlil tələbələr də mövcuddur. Lakin onlar üçün universitet tərəfindən xüsusi bir imtiyaz verilmir. Çünki qanunlarımızda universitetin bu cür imtiyazlar tanıması təsbit olunmur. Yəni, qanun qarşısında əlil və ya əlil olmayan tələbə anlayışı yoxdur. Ümumi tələbə anlayışı var. Onlar bu ölkənin gələcəyini quracaq mühəndislər kimi yetişdirilir”.
"Arabaçı” əlillər şəbəkəsi ictimai birliyinin sədri, Qarabağ qazisi İlham Məhərrəmovbildirir ki, fiziki məhdudiyyətli insanların təhsil haqlarının ləğv olunması və ya azaldılması onları ruhlandırar və bir stimul olardı: "Gələcəkdə təhsil almaq istəyənlərin sayı çoxalardı. Biz çox istedadlı fiziki məhdudiyyətli gənclərlə rastlaşırıq. Bizim təşkilatda belə uşaqlar çoxdur. Onların universitetə gedib-gəlməyi çətinlik yaradır. Həmin gənclər avtobuslarda, metroda gedə bilmirlər. Ya taksi ilə getməlidirlər, ya da öz maşınları olmalıdır. Bilmirlər, təhsil haqqı ödəsinlər, yoxsa yol xərclərini versinlər. Axı bizim əlil gənclərimiz o qədər də çox deyil. Bu insanlara kömək etmək lazımdır ki, təhsil haqlarından azad olsunlar. Milli Məclisdə Qənirə Paşayevanın qaldırdığı bu məsələ təsdiqlənsə, bu bizə ən böyük dəstək olardı”.
Beləliklə, təklif və tələbdən də da görünür ki, bu istiqamətdə düşünmək və addım atmaq lazımdır. Düzdür, bu gün dövlət səviyyəsində əlillərin, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çox mühüm işlər görülür. Bunları saymaq xeyli vaxt aparar. Lakin belə şəxslərin təhsil haqqı kimi mühüm məsələni də unutmaq olmaz. İnanırıq ki, bu məsələni yoluna qoymaq dövlətimiz üçün ciddi çətinlik yaratmaz.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir.
banner

Oxşar Xəbərlər