"Əlifba müharibəsi"
Rusiya
postsovet məkanının sürətlə latınlaşması prosesinin qarşısını ala bilmir
Rusiyanın
postsovet məkanında üzləşdiyi problemlərin sırasına daha biri əlavə olunur. Bu
məkana daxil olan ölkələrin sürətlə kiril əlifbasından çıxıb latına keçmələri
artıq qarşısıalınmaz prosesə çevrilib. SSRİ dağıldıqdan sonra onun varisi
qismində çıxış edən Moskva bu ölkələrin ərazisində süni münaqişə ocaqları
yaratdı və məqsədi də bəlli idi – müstəqil olmağa çalışan dövlətləri öz təsir
dairəsində saxlamaq. Üstündən 30 il keçməsinə baxmayaraq, bu münaqişələr həllini
tapmayıb. Məhz Kremlin yeritdiyi siyasətin nəticəsidir ki, indi bu dövlətlər
çıxış yolunu sürətlə Moskvadan uzaqlaşmaqda görür. Buna nail olacaqlarmı? İndidən
nə isə söyləmək və proqnozlaşdırmaq çox çətindir. Bir faktı bildirək ki,
hazırda kiril əlifbası arealı sürətlə azalır. İndi yalnız bu ölkələrdə - Belarus,
Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Şimali Makedoniya,
Monqolustan, Rusiya, Serbiya, Tacikistan və Monteneqroda kiril əlifbası istifadə
olunur.
Niyə kiril
əlifbasından imtina olunur?
Xatırladaq
ki, SSRİ-nin dağılması ilə kiril əlifbasından uzaqlaşan Moldovanın ardınca, Azərbaycan,
Türkmənistan əlifbalarını dəyişdi və sürətlə latınlaşma prosesinə start verdilər.
Bəs nədən daha çox ölkə kirildən latına keçməyə üstünlük verir? Bu qərar nə ilə
bağlıdır – bu, özünümüdafiə, yaxud ondan uzaqlaşmaq əlamətidir? Belə götürəndə,
bu ölkələrdə slavyan əlifbası heç vaxt "doğma" da olmayıb. Bəllidir
ki, artıq Özbəkistan və Qazaxıstan rus əlifbasından uzaqlaşmaq barədə qərara
imza atıb. Qırğızıstan parlamentinin deputatları latın əlifbasına keçid məsələsini
qaldırsalar da, keçmiş prezident Almazbəy Atambayev buna qarşı çıxdı. Lakin
deputatlar israrlı görünür. "Kiril əlifbası Qırğızıstana texnologiyaları
inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır” - deyə keçmiş
deputat Kanıbek İmanəliyev deyib. O, kiril əlifbasını Qırğızıstanın əqli irsi
adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri
olacağını deyib.
Ukrayna da
"Əlifba müharibəsi”nə start verdi
İndi isə
latın əlifbalı ölkə olmaq arzusunu Ukrayna da bəyan edib. Bununla da, Ukrayna
ilə Rusiya arasında saysız-hesabsız problemlərin sırasına daha biri də əlavə
olunub. Bu ideyanın müəllifləri əmindirlər - latın əlifbası fonetik cəhətdən Ukrayna dilinə daha yaxındır.
Lakin hədəf heç də bu deyil. Ukrayna əbədi düşməni olaraq gördüyü Rusiya ilə
yaxınlığı birdəfəlik kəsməyə çalışır. Dil islahatı problemli şəkildə ölkənin ən
müxtəlif dairələrində müzakirə olunur, təkliflər səslənir. Hələ ki, bu məsələ
müzakirə səviyyəsində olsa da, yaxın gələcək üçün bunun reallaşması mümkün
olmaya bilər. Müzakirəni Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey
Danilov ortaya atıb. Ondan əvvəl isə bu ideyanı keçmiş xarici işlər naziri
Pavel Klimkin qaldırmışdı. Bir neçə ay əvvəl isə latın əlifbasına keçidin məqsədyönlülüyünü
Ukrayna Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda qaldırıblar. Onlar
yazıçı Sergey Pilippenkonun doğum gününün 135 illiyi ilə bağlı yaydıqları
müraciətdə də buna yer ayırıblar. Bu şəxs vaxtilə kiril əlifbasından latına
keçidin təşəbbüskarı kimi çıxış etmiş, nümayişkaranə şəkildə latın-Ukrayna dilində yazırdı. Lakin o
zaman onun təşəbbüsü geniş dəstək qazanmadı. İndi isə nəzərə alsaq ki, ölkə
Rusiya ilə müharibə həddindədir, torpaqlarının çox hissəsi işğal olunub, o
zaman onun aktual əhəmiyyət kəsb edəcəyi gözlənilir. İdeyanın əleyhdarları
hesab edirlər ki, bu məsələni qısa zamanda reallaşdırmaq mümkün deyil.
Asan
olmayacaq, amma...
Uzunmüddətli
perspektivdə bəlkə də onu reallaşdırmaq olar. Lakin əlifbadan sürətlə imtina
etmək elə də asan olmayacaq. Ölkənin şərq hissəsində Rusiyanın, rus dilinin
ciddi dayaqları mövcuddur. Qəti şəkildə Rusiyanın mental, mədəni və informasiya
təsirindən çıxmaq asan deyil. Buna baxmayaraq, illər uzunudur ki, ölkənin qərb
vilayətlərindən olan siyasətçilər, mədəniyyət xadimləri, şair və yazıçılar əlifba
məsələsini qabardır. Onlar əmindirlər ki, latınlaşma Ukraynanı Avropaya daha da
yaxınlaşdıracaq.
"Latın
əlifbasına keçəcəyəm - Ukrayna dilini xilas edəcəyəm"
Artıq
sosial şəbəkələrdə aktiv şəkildə
"Latın əlifbasına keçəcəyəm - Ukrayna dilini xilas edəcəyəm" şüarları
ilə aksiyalar keçirilir. Məsələn, lvovlu rəssam Vlodko Kostırko latın dilində
bir neçə məqalə dərc edib, yeni sözlərdən ibarət lüğət də tərtib edib. Məsələn,
"kompüter”, "ofis" sözlərinin əvəzləyicilərini tapıb. İdeyanın tərəfdarlarının,
hətta Ukrayna dilinin transliterasiyası layihələri də var. İstənilən halda,
razılaşmaq gərəkdir ki, latın əlifbası ilə planet əhalisinin 42 faizi və 70 ölkəsi
yazıb-yaradır. Kiril əlifbası isə bu sırada latın, Çin, heroqlif və ərəb əlifbasından
sonrakı yeri tutur. Kiril əlifbasından planet əhalisinin cəmi 3 faizi, təqribən
250 milyon insan istifadə edir.
İstənilən
müstəqil dövlətin həyata keçirməli olduğu vacib məsələ
Latın əlifbasına
keçidin tərəfdarları əmindirlər ki, bu cür dəyişikliklər bir sivilizasiya
seçimidir. Bu, həm də Rusiyanın mental, mədəni, informasiya və iqtisadi təsirindən
çıxmaq deməkdir. Məsələn, götürək Qazaxıstanı. Bu ölkədə sözün əsl mənasında
qazax dilinin assimilyasiyası prosesi gedirdi. Ölkənin ümummilli lideri
Nursultan Nazarbayev də bu təhlükəni nəzərə alaraq əlifbanın dəyişdirilməsi
prosesinə start verdi. Artıq dövlət qulluqçuları üçün qazax dilinin məcburi öyrənilməsi
qanuniləşib. Və əslində rus şovinistlərinin iddia etdiyi kimi söhbət heç də
latın əlifbalı Türkiyənin bölgədə nüfuzunun güclənməsindən getmir. Sadəcə bu
proses istənilən sivil və müstəqil dövlətin çoxdan həyata keçirməli olduğu
vacib məsələdir.
Kamran Nur