• cümə axşamı, 18 aprel, 12:51
  • Baku Bakı 22°C

Əlibəy Məmmədov DAA-nın vitse-prezidenti təyin edilib

01.11.16 16:44 3294
Əlibəy Məmmədov DAA-nın vitse-prezidenti təyin edilib
Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyasının Gənclər Təşkilatı yaradılıb. Azərbaycanlı Əlibəy Məmmədov Yaponiya nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, həm də Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezident təyin edilib.

Həmin gənc "Kaspi”yə açıqlamasında öz təəssüratlarını bölüşüb: "Bildiyiniz kimi, oktyabr ayının 31-də Almaniyada rəsmi qeydiyyatdan keçmiş Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamları ilə DAA-da bir neçə yeni nümayəndəliklər yaradılmışdır. İsveçdə yaşayan Aqil Vəliyev DAA İsveç nümayəndəliyinin rəhbəri, Adilə Yusif Malta nümayəndəliyinin rəhbəri, Rafiq Hüseynov Elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse-prezident təyin edilib. Mən bu ilin sentyabr ayının 26-dan etibarən Yaponiya nümayəndəliyinin rəhbəri vəzifəsini icra edirəm. Dünən verilmiş növbəti rəsmi sərəncamla Yaponiya nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, həm də Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezident təyin edilmişəm”.
Ə.Məmmədov qeyd etdi ki, DAA-nın əsas vəzifəsi dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan haqqında müsbət fikrin, imicin yaradılmasına nail olmaqdır: "Mən də öz növbəmdə Yaponiya nümayəndəliyinin rəhbəri kimi bu ölkədə Azərbaycanın dostlarının sayının artması, onun haqqında məlumatların geniş yayılması, ölkəmizin haqq səsinin lazımı dairələrə çatdırılması işində bir çox tədbirlər və layihələr həyata keçirməkdəyəm. Eyni zamanda, paytaxt Tokioda yerləşən məktəblərdə Azərbaycan dərsləri deyirəm. Əsas məqsədim yaponiyalı şagird və müəllim heyətində Azərbaycana rəğbət hissini aşılamaqdır. Bununla yanaşı, Tokioda təşkil olunan bir çox mötəbər ziyafətlərdə fəxri qonaq kimi iştirak etməklə Azərbaycanın stabil iqtisadi-siyasi həyatı, biznes potensialı haqqında çıxışlar edirəm. Əsas məqsədim yaponiyalı biznesmenlərdə Azərbaycana qarşı maraq və diqqət oyatmaqdır. Bu işdə bir sıra uğurlar da əldə etmişik. Bundan sonra da Yaponiyada aktiv fəaliyyətimizi davam etdirməklə yanaşı, Şərqi Asiya ölkələri olan Çin və Koreyada, eyni zamanda digər Asiya ölkələrində Azərbaycan diaspor nümayəndəliklərinin yaradılmasına və aktiv şəkildə fəaliyyət göstərməsinə çalışacağam. Eyni zamanda, bu ölkələrdə yaşayan həmvətənlərimizin problemlərinin qaldırılması və həll edilməsi üçün də əlimdən gələni edəcəyəm. Bu mənim vitse-prezident olaraq ən əsas vəzifəm olacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər