• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

“Hər bir məmur öz dilini bilməlidir” - Fotolar

05.12.18 12:15 4167
“Hər bir məmur öz dilini bilməlidir” - Fotolar
Elektron Mediaya Yardım Fondu (EMYF) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) maliyyə dəstəyi ilə reallaşan "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinqin nəticələrinə dair konfrans keçirilib.

Konfransı giriş sözü ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açaraq, ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi əhəmiyyət verildiyini söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən KİV Azərbaycan dilinə diqqət və qayğı ilə yanaşmalıdır. MTRŞ sədri təəssüflə vurğulayıb ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər hələ də özünü göstərməkdədir. Bu məsələ ilə bağlı keçirilən monitorinqin nəticələrinə istinad edən N.Məhərrəmli qeyd edib ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur. Onun sözlərinə görə, şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir. MTRŞ sədri deyib ki, bu məsələni daim diqqətdə saxlamaq lazımdır.

"Aparıcının dilində ciddi nöqsanlar olmamalıdır”

N.Məhərrəmli onu da əlavə edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər: "2008-ci ildən bu günə qədər televiziya və radio yayımında Azərbaycan dilinin tətbiqi məsələsi öz həllini tapıb. Amma təəssüf ki, televiziya və radio yayımı zamanı hələ də ədəbi dil normalarına uyğun addımların atılması ilə bağlı ciddi problemlər qalmaqdadır. Bu sahədə müəyyən irəliləyişlər var və bir sıramənfi tendensiyalar aradan qalxıb. Bizi narahat edən məqamlardan biri də şou xarakterli verilişlərdə aparıcıların səsləndirdiyi fikirlərdir. Çünki həmin verilişlərdə bayağı, loru sözlərin işlənməsi, eləcə də varvarizmlər baş alıb gedir. Biz daim televiziya kanallarının rəhbərlərinə tövsiyələrimizi veririk. Bu məsələni daim diqqət mərkəzində saxlamaq lazımdır. Televiziya kanallarının rəhbərləri aparıcıların Azərbaycan dilində tam səlis danışa bilməsinə önəm verməlidir. Ədəbi dilin normalarının qorunması zamanı yol verilən nöqsanlara insanların yanaşmaları mənfidir. Televiziyalarda və radiolarda məişət dilində danışıqlara da rast gəlinir. Adi yaşayışda buna normal yanaşırıq, bu danışıq tamaşa, yaxud bədii filmlərdə ola bilər. Lakin aparıcının dilində bu cür ciddi nöqsanlar olmamalıdır. Reklam çarxlarında, sağlamlıq proqramlarında qonaqların öz ana dilində danışmamağı da problemdir. Bu barədə də kanal rəhbərlikləri ilə söhbət aparılıb. Qloballaşan dünyada böyük güclərin öz siyasətlərini başqa dövlətlərə öz dilləri vasitəsilə yeridə bilməsi bizi narahat edən digər məsələdir. Ona görə də reallıqdan çıxış etməliyik. Gücə qarşı durmaq çətindir, amma yenə də efirlərə kənar sözlərin daxil olmasının qarşısını almalıyıq. Hesab edirəm ki, televiziya və radiolarda bu sahədə vəziyyət ürəkaçan deyil. Onlar cəmiyyətə nümunə olmalıdır. Hər bir vətəndaş dil məsələsində öz mövqeyini ortaya qoymalıdır. Efiri təmsil edən şəxslər ədəbi dil normalarına uyğun danışmalıdırlar”.

Azərbaycançılıq ideologiyasının mühüm elementi

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov konfransda çıxış edərək bildirib ki, Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. O qeyd edib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: "Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.

Dövlətin dil siyasətinin müəyyənləşməsi

Prezidentin köməkçisi bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu çox yüksək qiymətləndirib: "Əlbəttə, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə onun rəhbərliyi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biri olaraq təsbit edilib”.

Dilin tətbiq dairəsinin genişləndirilməsi

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl surətdə davam etdirir: "Azərbaycan Prezidenti hazırda dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir”.

Nöqsanlar tam aradan qaldırılmayıb

PA rəsmisi əlavə edib ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: "Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçmir, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur. Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi də həmin sərəncamda xüsusi qeyd olunub. Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident sərəncamında sadalanan nöqsanlar bu gün də tam aradan qaldırılmayıb”.

Bədii və elmi tərcümələrdə nöqsanlar

Ə.Həsənov bildirib ki, aidiyyəti qurumlar, o cümlədən dövlət orqanları, akademik dairələr dilimizə yad təsirlərə qarşı ciddi mübarizə aparmırlar: "Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Ona görə də cənab Prezident dövlət dilinin istifadə dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud olan problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və aradan qaldırılması məqsədilə 1 noyabr 2018-ci ildə yeni bir fərman imzaladı. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”.

Milli dili bilməmək qəbahətdir

Prezidentin köməkçisi onu da əlavə edib ki, hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyü olsa da, milli dili bilməməsi və o dildə danışmaması qəbahətidir. Ə.Həsənov bildirib ki, hər bir məmur milli dili bilməlidir: "Hər bir məmur xarici dil bilmirsə, əlbəttə, bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir. Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür. Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklərin, alimlərin, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət, kütləvi informasiya vasitələrində qorunmalıdır”.

Əcnəbi sözlərdən yerli-yersiz istifadə

Konfransda Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının müəllimləri Mehriban Əlizadə və Təranə İsmayılova mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Məruzələrdə teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri ictimaiyyətə çatdırılıb. Nəticələr açıqlanandan sonra digər konfrans iştirakçıları da çıxış edərək fikirlərini bildiriblər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, qeyd edilən nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir. O, Azərbaycan dilinin bizim mənəvi sərvətimiz, dövlət atributlarımızdan biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir. Mətbuatda da dil ilə bağlı nöqsanlar var. Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir. Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanlar çoxdur. Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm, burada nöqsanlar kifayət qədərdir. Unutmaq olmaz ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb. Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq”.

Dil xalqın sərvətidir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu vurğulayıb ki, dil dövlət atributlarından biri olmaqla yanaşı, xalqın sərvətidir: "Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda, Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik. Təəssüf ki, son zamanlar cəmiyyətdə rus dilindəki "uje” sözündən istifadə halları artıb. Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki "palace” sözünün yazılması nə məqsəd daşıyır? Bu bizim dilimizdə saray deməkdir, bəs onda niyə saray deyil, "palace” yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var”.

KİV DF-nin icraçı direktoru Vüqar Səfərli də teleradio məkanında Azərbaycan ədəbi dili normalarının pozulduğunu dilə gətirib: "Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİV DF mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasına dəstək olur və növbəti illərdə də bu layihələr davam edəcək”.

Monitorinqin nəticələri

Qeyd edək ki, Bakıdan yayımlanan 6 adda milli telekanalda (İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV) və 12 adda radioda (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) müxtəlif verilişlər dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Nəticələrə əsasən, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinqin nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozulmasının göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3120 (o cümlədən 564 xəbər, 2 554 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1017 (o cümlədən 219 xəbər, 796 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir. TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir. Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195 bədii, 106 cizgi, 81 sənədli, 6 veriliş) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər