• çərşənbə, 24 Aprel, 18:54
  • Baku Bakı 23°C

Ələt Azad İqtisadi Zonası Qərb mətbuatında

16.07.21 19:30 1569
Ələt Azad İqtisadi Zonası Qərb mətbuatında
Eureporter: "Təkcə Azərbaycanda deyil, Qafqaz regionunda iqtisadi buma səbəb olacaq”
Son onilliklər ərzində beynəlxalq ticarətdə bir neçə vacib qlobal biznes mərkəzi - Honkonqdan Sinqapur və Dubayadək bir sistem yaradılıb. Bu şəhərləri birləşdirən əsas xüsusiyyət onların liderlərinin öz iqtisadi sistemlərini dünyaya açmaq, iqtisadi modellərini digər ölkələr üçün maksimum dərəcədə cəlbedici etmək istəyidir. Şirkət və investorlar Asiya ilə Yaxın Şərqdə biznes mərkəzlərinin çiçəkləndiyinə şahid olublar.
İnvestorlar Ələtə dəvət olunub
Nüfuzlu qərb nəşri – "Eureporter Aİ” yazır ki, bu gün növbənin Qafqaza çatdığını söyləmək mümkündür. Məqalədə bildirilir ki, Azərbaycan hökuməti hələ 2020-ci ilin mayında Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı planı açıqlamışdı: "Ərazisi 8 milyon 500 min kvadratmetr olan layihə Xəzər dənizinin sahilində yerləşən Ələt qəsəbəsində formalaşdırılan ticarət-logistika mərkəzinin bir hissəsi olacaq. Ələt qəsəbəsi ilə bağlı plan uzun illər ərzində hazırlanıb. Azərbaycan parlamenti hələ 2018-ci ildə azad iqtisadi zona haqda qanun layihəsi qəbul edib və bununla da, azad iqtisadi zonanın xüsusi statusunu, orada idarəçiliyi nizama salan qaydalar müəyyənləşdirilib. Az sonra isə azad iqtisadi zonada tikinti işlərinə başlanılıb. Artıq Ələt Azad İqtisadi Zonasının xarici biznesmenlərin üzünə açılmasına az qalıb. Azərbaycan rəhbərliyi artıq xarici investorları Ələtə dəvət edir”.
Cəlbedici şərtlər
Müəllif yazır ki, Xəzər hövzəsində yeni nəqliyyat qovşağının yaradılmasının təməlində bir neçə vacib amil dayanır: "Birincisi, Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş uzunmüddətli strategiya. Söhbət iqtisadiyyatın informasiya texnologiyaları sayəsində genişləndirilməsindən, ölkə iqtisadiyyatının enerji sahəsindən asılılığını azaltmaq üçün şaxələndirmə tədbirlərindən gedir. Enerji sahəsi ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının ən gəlirli sektorudur.
İkinci vacib amil: azad iqtisadi zona Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların yatırılmasına stimul olacaq. Ələt Azad İqtisadi Zonasının idarəçiliyi ilə bağlı qanuna əsasən, investorlara çox cəlbedici şərtlər təklif edilir. Buraya azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlərə tətbiq ediləcək xüsusi vergi və gömrük qaydaları da daxildir. Məsələn, azad iqtisadi zonaya idxal edilən mallara, görülən işlərə və göstərilən xidmətlərə görə əlavə dəyər vergisi tutulmayacaq. Üstəlik, azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlər gömrük rüsumlarından azad olunacaq”.
Coğrafi mövqeyin unikallığı
Müəllif vurğulayır ki, Ələt Azad İqtisadi Zonasının strukturu startap layihələrin və özəl müəssisələrin ehtiyaclarının ödənilməsi istiqamətində qurulub. Məqalədə Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayevin də fikirləri yer alıb. O bildirib ki, sahibkarlarla onlayn görüşdə bu zonanın ölkədə biznes mühitinin inkişafı üçün hansı əhəmiyyəti daşımasından danışıb: "Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ilə bağlı işlərə start verilib, investorlarla görüşlər keçirilir. Bizimlə işləmək istəyən sahibkarlara vaxt ayırmağa hazırıq”.
Sonuncu amil isə sözügedən azad iqtisadi zonanın coğrafi və infrastruktur nöqteyi-nəzərdən mövqeyinin unikal olmasıdır. Bu, azad iqtisadi zonanı dünya miqyaslı biznes mərkəzinə çevirməyə imkan verəcək. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt layihəsinin ən inkişaf etmiş strukturudur. Dəniz Limanın yükaşırma qabiliyyəti 10 milyon tondan çoxdur və göstərici getdikcə artır.
Qafqaz regionunda iqtisadi bum
Məqalədə qeyd olunur ki, hazırda bu nəqliyyat qovşağı qərbdə Türkiyəni, cənubda Hindistanı, şimalda isə Rusiya və digər Şimali Avropa ölkələrini birləşdirir. Azad iqtisadi zonanın yaxınlığında yerləşəcək hava limanın tikintisi isə planlaşdırma mərhələsindədir. "Azərbaycan ərazisindən "Şimal-Cənub” və "Şərq-Qərb” nəqliyyat dəhlizlərinin keçməsi, ölkənin iri bazarlara yaxın olması, azad iqtisadi zonanın iqtisadi səmərəliliyinin artmasına, Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə və Yaxın Şərq bazarlarına xidmət göstərilməsinə imkan verəcək”, - deyə Məmməd Musayev vurğulayıb.
Ələt Biznes Xidməti Mərkəzi azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlərə və fiziki şəxslərə lisenziyalar, vizalar verəcək və digər xidmətlər göstərəcək. Məqalənin sonunda vurğulanır ki, bir sözlə, Azərbaycanın Ələt Azad İqtisadi Zonası ilə bağlı nailiyyətləri göstərir ki, o, iqtisadiyyatın innovasiya yolu ilə inkişafına, iqtisadi sistemin modernləşdirilməsinə sadiqdir. Əgər layihə gözlənilən nəticələri verərsə, azad iqtisadi zona təkcə Azərbaycanda deyil, bütünlükdə Qafqaz regionunda iqtisadi buma səbəb olacaq”.
Kamran
banner

Oxşar Xəbərlər