• cümə, 19 Aprel, 11:17
  • Baku Bakı 13°C

Elektron xidmətlər artır, vətəndaşların işi asanlaşır

02.09.15 13:35 2676
Elektron xidmətlər artır, vətəndaşların işi asanlaşır
Prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunan məsələlər xeyli vaxtdır ki, vətəndaşları narahat edirdi. Onlardan ilk olaraq yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarında elektronlaşdırılmanın tətbiqi ilə bağlı məsələni qeyd etmək lazımdır. Çünki illərdir bu sahədə köhnə metodların tətbiqi vətəndaşların vaxt itkisinə, süründürməçiliyə səbəb olurdu.
Prezidentin fərmanında qeyd olunur ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir. Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.
“Elektron lisenziya” portalı yaradılacaq
Bildirilir ki, elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaq. Dövlət başçısı dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində qeyd olunan qaydalara riayət olunsun.
Eyni zamanda fərmanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılması da nəzərdə tutulub.
Elektron hökumətin əhatə dairəsi genişlənir
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qəzetimizə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman yüksək qiymətləndirilməlidir: “Bu fərman dövlətin elan etdiyi fəaliyyət istiqamətlərinə cavab verməklə yanaşı, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsi, şəffaf fəaliyyət mexanizmlərinin tətbiq edilməsi, eləcə də elektron hökumətin yaradılması üzrə işlərin surətləndirilməsi xüsusunda Prezidentin şəxsi iradəsindən irəli gəlib”.
F.Yusifovun sözlərinə görə, Prezidentin şəxsi təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” mövcuddur. Bu planlara uyğun olaraq, son illər ərzində bir çox mühüm addımlar atılıb: “Nəticədə həm korrupsiyaya qarşı mübarizədə, həm də dövlət idarəçiliyində şəffaflığın təmin olunması sahəsində ciddi irəliləyişlər əldə olunub. Prezidentin son fərmanında göstərilən məsələlər də bürokratik əngəllər baxımından vətəndaşlara müəyyən problemlər yaradırdı. Prezident xüsusi əhəmiyyət kəsb edən bu məsələlərin də həllini kifayət qədər asanlaşdırdı. Hesab edirəm ki, bu fərmanla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məlum xidmətlərin göstərilməsində mövcud olan bütün neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq”.
Taksi fəaliyyəti asanlaşacaq
Fərmanda qeyd olunan daha bir məsələ isə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılığın (lisenziya) və taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsinin ASAN Xidmətə həvalə olunmasıdır. Artıq müəyyən prosedurlar həyata keçiriləndən sonra taksi fəaliyyəti ilə məşğul olanlar, eləcə də aylıq fərqlənmə nişanı almaq istəyənlər ASAN Xidmətə müraciət edərək istəklərini daha rahat və qısa müddətdə həyata keçirə biləcəklər. Bundan əvvəl isə bəzi məsələlər həllini tapmalıdır və ölkə başçısı imzaladığı sənədlə dövlət qurumlarının qarşısında müvafiq tapşırıqlar qoyub. Bu tapşırıqlardan biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə aiddir. Komitə yaxın gələcəkdə taksi fəaliyyəti ilə bağlı standartları müəyyənləşdirməli və təsdiq etməlidir. Digər məsələ isə Nəqliyyat Nazirliyinin lazım olan informasiya bazasını ASAN Xidmətə inteqrasiya etməsi ilə bağlıdır. Nəqliyyat Nazirliyindən Lent.az-a bildirilib ki, artıq sərəncamdan irəli gələn məsələlərin icrasına başlanılıb.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, ölkə prezidentinin məlum sərəncamına qədər taksi fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara lisenziyalar və fərqlənmə nişanları Nəqliyyat Nazirliyi tərəfindən verilirdi. Bu zaman sürücülərin müxtəlif şikayətlərinə, qarşıdurmalara və şəffaflığın pozulması hallarına rast gəlinirdi.
İ.Hüseynlinin sözlərinə görə, lisenziyaların verilməsinin əvvəlki qaydası bəzi hallarda yersiz süründürməçiliklərə görə fərdi sahibkarların narazılıqlarına səbəb olurdu. İndiki halda ölkə prezidentinin taksi xidmətinin lisenziyalaşdırılması işinin ASAN Xidmət vasitəsilə aparılmasına dair qərar vətəndaşların yersiz incidilməsinin qarşısını alacaq, şəffaflığın təmin olunmasına birbaşa təkan vermiş olacaq: “Həmçinin bu xidmətlə məşğul olan fərdi sahibkarların günlərlə vaxt itiksinin, lazımsız bürokratik maneələrin aradan qaldırılmasına xidmət etmiş olacaq. Bilirsiniz ki, bu kimi hallar vaxtaşırı Nəqliyyat Nazirliyinin müfəttişləri, yol polisi orqanları və taksi sürücüləri arasında tez-tez lazımsız qarşıdurmalar yaradırdı. Hesab edirəm ki, bu fərman bu kimi halların da aradan qaldırılmasına öz töhfəsini verəcək”.
Elektron arayışların hüquqi qüvvəsi artacaq
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirdi ki, vətəndaşların işlərinin rahatlaşdırılması baxımından bu fərman kifayət qədər əhəmiyyətli sənəddir. Əsas diqqət çəkən məqam isə arayışların elektron formada da verilməsi ilə bağlı məsələdir: “Yaşayış yeri üzrə arayış almaq üçün əvvəllər vətəndaşlar “JEK”-ə getməliydilər. Amma indi ASAN Xidmətdə, yaxud bu xidmətin tətbiq etdiyi bir informasiya sisteminə daxil olub, konkret yaşayış yeri üzrə şəxsiyyət vəsiqəsində göstərilən məlumatları daxil etməklə, məsələn, yaşayış yeri üzrə arayışı əldə edə, yaxud onu çap edə bilərsiniz. Əvvəllər isə bunun üçün “JEK”-ə gedirdilər, gözləyirdilər, yaxud onlardan müxtəlif məlumatlar tələb edirdilər. Amma indi ASAN Xidmətə şəxsiyyət vəsiqəsini təqdim etməklə arayışı qısa zamanda əldə edə biləcəklər. Bu, vətəndaşlara vaxta və pula qənaət etmək cəhətdən sərfəlidir”.
O.Gündüzün sözlərinə görə, fərmanın görünməyən faydaları da var. Bu fayda isə fərmanın ilk dəfə olaraq elektron arayışlar məsələsinə aydınlıq gətirməsidir: “Artıq hər kəsə məlum oldu ki, arayışların hansı formada verilməsindən asılı olmayaraq hüquqi qüvvəyə malik olacaq. İnformasiya sistemlərindən çıxarılan məlumatlar artıq həqiqidir. Bu, başqa arayışların tanınması üçün bir təkan rolunu oynayacaq”.
O.Gündüz bildirdi ki, fərmanda diqqət yetiriləsi daha bir məqam elektron lisenziyalaşma ilə bağlıdır. Bu da vətəndaşların əlavə vaxt itkisinin qarşısını alacaq: “İqtisadiyyat və Sənaye Nazirliyi digər qurumlarla birgə lisenziyalaşdırma, sertifikatlaşma ilə bağlı bir portal yaratmalıdır. Bu da elektron hökumətin bir tərkib hissəsidir. O portal istifadəyə veriləndən sonra vətəndaşlar xüsusi icazə lazım olan xidmətlərdən yararlanmaq üçün hansısa quruma getməyəcəklər, hansısa sənədlər toplamayacaqlar. Sadəcə olaraq, onlayn müraciət edib, tələb olunan prosesləri onlayn həyata keçirib icazələrini alacaqlar. Bu da vaxt itkisinin, lazımsız sənəd toplanmasaının qarşısını alır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər