“Elektron müraciət” xidməti nədir?

Hər bir vətəndaş istənilən dövlət orqanına müraciət edə bilmə
imkanına malikdir. Bu imkanlar sırasında vətəndaşlar üçün şifahi, yazılı,
telefon və elektron müraciət xidməti formaları fəaliyyət göstərməkdədir. Sözügedən
xidmətlər vasitəsilə vətəndaşlar öz şikayət və təkliflərini bildirmək
istədikləri quruma çatdıra bilərlər. Adı çəkilən xidmətlərdən necə istifadəyə
gəldikdə isə elektron müraciət istisna olmaqla digərləri elə də çətin bir
mərhələni əhatə etmir. Çünki elektron müraciət anlayışı texnologiyanın inkişaf
etdiyi bir dövrdə vətəndaşlar üçün yenilikdir.
Bəs elektron müraciət nədir və necə həyata keçirilir? Elektron
müraciətə keçmədən öncə qeyd etmək lazımdır ki, "Elektron Hökumət” - müasir
informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən
Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və
fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradılır. Yəni hər bir
vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi
ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin
qaydalarını istənilən vaxt əldə edə və elə bu təşkilatlara elektron rabitə
vasitəsilə müraciət edə bilər. "Elektron hökumət” virtual məkanın, müasir
texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın
yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin
keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir. Elektron müraciət isə
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına
göndərilən, yaxud rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət
formasıdır.
Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət”in qurulması ölkədə
hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə şərait yaradır. Dünyanın
inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət” fəaliyyət göstərir.
Azərbaycanda "elektron hökumət” layihəsi "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində
həyata keçirilir. Azərbaycan MDB məkanında "Elektron hökumət” layihəsi üzərində
işlərin aparıldığı sayca 4-cü ölkədir.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət
edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi,
dövlət və milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların
tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə
və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması, dövlət qurumları
arasında səlahiyyət və məsuliyyət bölgüsü "Elektron hökumət”in əsas fəaliyyət
prinsiplərindəndir.
Bu gün artıq əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir.
Bütün bu xidmətlərin bir mərkəzdə - "Elektron hökumət” portalında cəmləşməsi
isə onların işini daha da asanlaşdırır. İstifadəçi rahatlığını və məmnunluğunu
təmin etmək üçün portalda təqdim edilən xidmətlərin sayı və çeşidi fasiləsiz
olaraq yenilənir. Hazırda portal üzərindən təqdim olunan e-xidmətlərin sayı 430
olub. Portalda 44 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır. Portalda
real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə elektron xidmətlərə müraciət
sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək
mümkündür. Statistikaya görə, artıq portala müraciət sayı 40 milyonu ötüb.
2016-cı ilin mart ayının 1-dən, 2017- ci ilin mart ayının 1-nə qədər portala
müraciət sayı 20 milyondan çox olub. Bu da portal istifadəyə verilən tarixdən
bu günə qədər olan müraciət sayının təqribən 50 faizini təşkil edir. İl ərzində
rəqəmlərin belə sürətlə dəyişməsi istifadəçilər tərəfindən portalın
populyarlığının artmasına dəlalət edir.
"Elektron hökumət” portalının yaydığı məlumata görə, cari ilin fevral
ayı ərzində portal vasitəsi ilə
1673 687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb.
Xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyidir. Belə ki, fevral ayı ərzində bu qurumun xidmətlərinə 946084 dəfə
müraciət olunub. ƏƏSMN-in ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid
Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində
394389 dəfə müraciət edilib.
Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə isə fevral
ayında müraciət sayı 565935-ə çatıb. Nazirliyin çox istifadə olunan elektron
xidməti "Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış
nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə
müraciət sayı 300300-ə çatıb.
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərə ay
ərzində müraciət sayı isə 71470-dir. Komitənin təqdim etdiyi "Malların və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük
bəyannaməsinin qəbulu” elektron xidmətinə 55099 dəfə müraciət edilib.
Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada
formalaşdırmağa, çap edərək aidiyyəti quruma ötürməyə imkan yaradan elektron
arayışlardan isə fevral ayı ərzində 25862 dəfə istifadə edilib.
Əsasən yay aylarında daha aktual olan Dövlət İmtahan Mərkəzinin
xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevral ayında bu
qurumun xidmətlərinə nisbətən az, 18701 dəfə müraciət edilib.
Şəffaf və rahat idarəetmənin mühüm komponenti olan "Elektron hökumət”
portalına maraq artır, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsi
genişlənir. "www.e-gov.az” portalı vasitəsi ilə təqdim olunan elektron
xidmətlərə müraciət edənlərin sayının dinamik artımı bunun əyani
göstəricisidir.
L.Hüzeynzadə
Bu
məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının
monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.
