Elektoromobillərdə şüalanma problemi
Elektromobillərlə bağlı rəylər birmənalı deyil. Bəziləri onlardan istifadənin insan sağlamlığına mənfi təsir göstərdiyini iddia edir. Lakin bu iddialarla razılaşmayanlar da çoxdur.
Son zamanlar elektromobillərə maraq getdikcə artır. Hər il yeni satış rekordları qeydə alınır. Amma elektromobillərə bağlı rəylər də birmənalı deyil. Belə fikirlər var ki, standartlara cavab verməyən elektromobillər sürücülərin sağlamlığı üçün problemlər yaradır. Xüsusilə də Çin istehsalı olan elektromobillərlə uzaq yol gedən sürücülərin ayaqlarında ağrıların yaranması ilə bağlı iddialar var. Bunun maşınların salonlarında şüalanmanın həcminin icazə verilən normadan çox olmasında qaynaqlandığı da iddia edilir. Həmin avtomobillərin yaşı artdıqca, akkumulyatorlarının da ətraf mühit üçün təhlükə yaradacağını söyləyirlər.
“Bunun səbəbi akkumulyatorlardır”
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, o da elektromobildən şikayət edən şəxslərlə qarşılaşıb. Həmin şəxslər iddia ediblər ki, elektromobil istifadə etdikdə bir sıra səhhətlərində xoşagəlməz hallar yaranıb: “İnsanlar Çin avtomobilləri ucuzdur deyə onlara meyl edirlər. Qiyməti 50-60 min dollar olan elektromobil alan insanların əksəriyyəti deyir ki, uzaq yola çıxdıqda başağrıları, ürək bulanması olur. Metereo həssas insanlar bundan lap çox əziyyət çəkirlər. Qiyməti bir az ucuz olan avtomobillərdə bu əlamətlər daha böyükdür. Bunun səbəbi akkumulyatorlardır. Akkumulyator nə qədər böyükdürsə, yayılan radiasiya faizi də o qədər çoxdur. Bəzi avtomobillərdə maşının alt hissəsi akkumulyatordan ibarətdir, bu da ayaqlarımızın daha çox şüalanmasına səbəb olur. Bu maşınları uzun müddət sürmək ziyandır, çünki akkumulyator köhnəldikcə, təhlükə dəfələrlə artır. Ona görə istismar müddəti bitəndə, avtomobili utilizasiyaya vermək lazımdır”.
“İstifadədən əvvəl dəfələrlə yoxlanılır”
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin fikrincə, elektromobillər haqqında söylənilən fikirlərin doğru olması ehtimalı mümkün deyil: “Çünki elektromobillər insanların istifadəsinə verilməmişdən öncə istər alimlər, istər mühəndislər tərəfindən dəfələrlə yoxlanılır. İnsan səhhətinə, həmçinin təbiətə ziyan olub-olmadığı dəfələrlə araşdırılır və ondan sonra satışa çıxarılır. Təbii ki, bu avtomobillər yeni olduğu üçün onlar haqqında müxtəlif şayiələr yayılması başa düşüləndir”.
“Bu standartlar müvafiq qurumlar tərəfindən təsdiqlənib”
E.Əliyevin sözlərinə görə, elektromobillərlə bağlı dünya standartları bizim ölkəmizdə də tətbiq edilir: “Azərbaycana avtomobil gətirilməsi üçün xüsusi standartlar mövcuddur. Bu standartlar müvafiq qurumlar tərəfindən təsdiqlənib. Onların da əsası təbii ki, dünya standartları əsasında formalaşır. Ölkəmizə yeni məhsullar gətirildikdə xüsusi olaraq onlarla bağlı da yeni standartlar qəbul olunur və tətbiq edilir”.
“Akkumulyatorun təhlükə yayması yalandır”
Azərbaycan Standartlaşdırma İnstitutunun Ağır sənaye və maşınqayırma sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Sədrəddin Qasumov da söylənilən fikirlərin həqiqəti əks etdirmədiyini deyir: “Elə bir şey mövcud deyil. Elektromobil tipli avtomobillər konstruksiya baxımından digər avtomobillər kimidir. Yəni, akkumulyatorunun təhlükə yayması yalandır. Çünki eyni avadanlıqdan köhnə maşınlarda da var idi. Təhlükəli heç bir fərq mövcud deyil”.
“Elektrikmobillərdə faydalı iş əmsalı 95 faiz təşkil edir”
Elm və Təhsil Nazirliyinin Radiasiya problemləri İnstitutunun radio-biologiya şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov düşünür ki, elektromobillər günün tələbidir: “Elektromobillərlə daxili yanma mühərrikli avtomobillərin həm ətraf mühitin çirklənməsi, həm də effektivliyi baxımından böyük fərqləri mövcuddur. Daxili yanma mühərrikli avtomobillərin faydalı iş əmsalı maksimum 36 faizdir. Hətta məşhur markaların avtomobilləri belə 36 faizdən yüksək göstəriciyə malik deyil. Yanacaq yanarkən ayrılan enerjinin yalnız 35 faizi təkərin fırlanmasına və maşının hərəkətdə olmasına sərf olunur. Qalan 65 faiz isə itkiyə gedir. Amma elektrik mühərrikli avtomobillərdə faydalı iş əmsalı 95 faiz təşkil edir”.
“Bu, sadəcə zəif elektromaqnit şüasıdır”
E.Cəfərov bildirdi ki, elektromobillərdən yayılan şüa radiasiya deyil və onların insan sağlamlığı, həmçinin yaşadığımız təbiət üçün heç bir mənfi tərəfi yoxdur: “Onların radiasiya yayması məsələsinə gəldikdə isə, ətrafımızdakı bir çox elektriklə işləyən avadanlıq da şüalanmaya səbəb olur. Elektromaqnit dalğaları yayırlar. Bu saat hər kəsdə olan smartfonların yaydığı radiasiya daha təhlükəlidir. Onların insan sağlamlığına təsiri daha güclüdür. Elektromobillərdəki şüalanma gündəlik istifadə etdiyimiz cihazlardan qat-qat azdır. Hətta bir ara şayiələr yayılmışdı ki, elektromobillərin akkumulyatoru partlayır, onlar alışıb yanırlar. Lakin bunlar da qeyri-real məlumatlar idi”.
“Onların utilizasiya məsələsi də düşünülür”
Şöbə müdiri gələcəkdə elektromobillərin utilizasiyası ilə bağlı mövcud olan narahatlıqlara da aydınlıq gətirdi: “Elektromobillərdəki akkumulyatorlardan daxili yanma mühərrikli maşınlarda da istifadə edilir. Həmin akkumulyatorların əsasında qurğuşunla sulfat turşusu arasında gedən kimyəvi reaksiya dayanır. Amma reaktiv maddələri hara gəldi atmaq düzgün deyil. Onlar üçün xüsusi qəbiristanlıqlar olur ki, aktivlik tam azalana qədər onlar orada basdırılır. Əgər elektromobillərin istehsalı hər il artırsa, onların utilizasiya məsələsi də düşünülür. Burada narahat olmaq üçün əsas yoxdur. Hətta elektromobillərdə istifadə edilən akkumulyatorlar daha təhlükəsizdir. Ekoloji cəhətdən ən təmiz məhsullardan hazırlanır. Çünki texnologiya inkişaf edir. Gələcəkdə asfaltdan elektrik istehsal edə bilən akkumulyatorlar istehsal ediləcək. Təkər fırlandıqca, avtomobil elektrik doldura biləcək. Bu zaman artıq şarj məntəqələrinə, həmçinin saatlarla enerji yığmağa da ehtiyac qalmayacaq”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə istismar olunan elektromobillərin mühərriklərinə, batareyalarına, onların mühərriklərinin enerji sərfiyyatına, elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsinə, avtomobillərdə elektronik stabilizasiya sistemlərinin tətbiqinə, yüksək gərginlikli elektrik sistemlərinə, batareyaların təhlükəsizlik tələblərinə və digər təhlükəsizlik göstəricilərinə dair dövlət standartları mövcuddur: “Belə ki, elektrik avtomobillərinin və onların ehtiyat hissələrinin təhlükəsizliyinə dair AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” və AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” dövlət standartları qüvvədədir”.
Qurumdan həmçinin bildirildi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb: “Nəzərdə tutulmuş müddətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər. Əlavə olaraq qeyd edək ki, Dövlət Xidmətinə müvafiq standartların tələblərinə cavab verməyən elektromobillər və ehtiyat hissələri haqqında məlumatlar, həmçinin onların insan həyat və sağlamlığına zərəri barədə dəqiq faktlar təqdim ediləcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Vətəndaşlar sözügedən hallarla qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi, elektron poçt və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”.
Zərif Salmanlı