• cümə axşamı, 28 mart, 13:35
  • Baku Bakı 16°C

Eldən gedən ağsaqqal

17.10.17 11:00 3725
Eldən gedən ağsaqqal
Bəşər övladı bu sınaqlar dünyasına göz açıb ağlı söz kəsən gündən özünə nekroloq yazır desəm, məni qınamayın. İlahiyyatçıların diliylə desək, bu həm də bir əməl dəftəridir ki, sonda hər kəs onu oxuyaraq Yaradan qarşısında hesabat verir.
Bəli, Allahın əmri olan ölüm insanları əbədiyyətə qovuşdurarkən, el dilindən gələn bir aforizmi təsəlli olaraq söyləmək də kara gəlir: "Adam var evdən gedir, adam da var eldən gedir”. Barəsində xatırlatma verəcəyim ağsaqqalın eldən gedənlərdən olduğu çoxlarının cani-könüldən dilə gətirdiyi kəlmədir.
Ömər Ağacahangir oğlu Ağayev 1928-ci ildə indiki Qobustan rayonunun Təklə kəndində sadə bir ziyalı ailəsində dünyaya göz açıb. Atası Ağacahangir Cahangir oğlu ilahiyyata bağlı bir insan idi. 1930-cu illərdə həyata keçirilən kolxozlaşma zamanı hesabdar işləyərək halal zəhmətilə ailəsini dolandırırdı. Anası Çimnaz xanım evdar qadın idi. Səkkiz övlad dünyaya gətirib tərbiyə etmişdi.
Ailənin ilk oğul övladı Ömər kənddə yeddiillik məktəbi bitirmiş, İkinci Dünya müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq kolxozda çalışmış və ailə qayğılarını çəkməyə məcbur olmuşdu.
1950-52-ci illərdə hərbi xidməti başa vuran Ömər öz taleyini Bakı Elektrik Maşınqayırma Zavodu ilə bağlayır. Əmək fəaliyyətinə 5-ci dərəcəli çilingər kimi başlayan Ömər Ağayev indiki Nəsrulla Nəsrullayev adına zavodda sex ustasına qədər yüksəlir. Əməklə ucalan və şərəflənən usta yeddinci beşillik planı vaxtından əvvəl yerinə yetirdiyinə görə "Lenin” ordeni, səkkizinci beşillik planı yerinə yetirdiyinə görə "Oktyabr inqilabı” ordeni ilə təltif olunur.
1961-ci ildə Sov.İKP-nin XXII qurultayına nümayəndə seçilir. O, Sov.İKP XXV və XXVI qurultaylarının da nümayəndəsi olmuşdur. Ömər Ağayev Azərbaycan KP-nın XXVIII, XXIX və XXX qurultaylarının nümayəndəsi olmuş və MK-nın üzvü seçilmişdir. 41, 42, 43 və 44-cü Bakı şəhər partiya konfranslarına nümayəndə seçilmiş, uzun illər Bakı Şəhər Sovetinin deputatı olmuşdur. 1974-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 yanvar tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, onun əmək fəaliyyətinin məntiqi nəticəsi idi.
Respublikamız müstəqillik qazandıqdan sonra da Ömər Ağayev ictimai fəaliyyətini dayandırmamışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il tarixli Fərmanı ilə ona Prezident təqaüdü verilmişdir.
Ömər Ağayev həmişə öz prinsipiallığı və diqqətliliyi ilə seçilmişdir. O, Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev və dünyanın bir sıra ölkələrinin başçıları, o cümlədən Kuba xalqının böyük oğlu Fidel Kastro ilə şəxsən görüşmüşdür. Bu elə zamanlar idi ki, hər adam dövlət başçılarına yaxınlaşa bilmirdi.
Ömər müəllim 1977-ci ildə Azərbaycan SSR Ali Məhkəməsində və 15 il SSRİ Ali Məhkəməsində Xalq iclasçısı olmuşdur. 1990-2002-ci illər ərzində Azərbaycan Ali Məhkəməsində Xalq içlasçısı olan bu insan həmişə öz prinsipiallığı ilə seçilmişdir. Ömər Ağayev təbiətcə sadə, istiqanlı, camaata qaynayıb-qarışan, təkkəbbürdən uzaq bir insan idi.
Özünəməxsus şərəfli və xoşbəxt bir ömür yaşayan Ömər Ağayev qəlblərdə öz heykəlini ucaldıb. Təvazökarlığı ilə hər kəsə nümunə olan bir insana uca Allahdan rəhmət və mərhəmət diləyirəm.
Şıxbala Bayramov,
Qobustan Rayon Ağsaqqallar Şurasının sədri
banner

Oxşar Xəbərlər