• cümə, 29 Mart, 03:24
  • Baku Bakı 7°C

“Əldə etdiyim nailiyyətlər mənə bəs etmir” - Fenomen

15.05.20 11:30 2898
“Əldə etdiyim nailiyyətlər mənə bəs etmir” - Fenomen
Aila Rai: İnsanlardan yorulsam da, oxumaqdan yorulmuram
Hələ 21 yaşı var. Yaşının az olmasına baxmayaraq, kifayət qədər tamaşaçı sevgisi qazanıb. Belə ki, tanınmış bəstəkarlarla çalışıb, Türkiyə şou-biznesinə qatılıb. "O səs Türkiyə” yarışmasında iştirak edərək ilk pillələrə qədər gəlib çıxmağı bacarıb. Yaradıcılığına nəzər yetirdikdə isə, fərqli duetlər, "mash up”-lar və müxtəlif janrlı mahnılara rast gəlmək mümkündür. Aila Rai kimi tanınan və ilk baxışdan əcnəbi təsiri bağışlasa da, azərbaycanlı olan ifaçı "Fenomen” rubrikamızın qonağıdır.
İnstagramda 84mindən çox izləyicisi olan Ailanın son illərdə ifa etdiyi mahnılar "Youtube”da izlənmə rekordları ilə diqqət çəkir.
- Fenomen olmaq necə bir hissdir?
- Təbii ki, bu mənə xoşdur. İnsana daha güclü olmağı öyrədir. Əsasən də uşaqlar tərəfindən sevilmək insanı daha çox sevindirir. Niyyətim isə fenomen olmaq deyil, prinsiplərim daha fərqli olduğu üçün o istiqamətdə özümü inkişaf etdirirəm. Əldə etdiyim nailiyyətlər mənə bəs etmir. Daha çox çalışmaq və yeniliklər etmək niyyətindəyəm.
- Qeyd etdiniz ki, prinsipləriniz fərqlidir. Nədən ibarətdir o prinsiplər?
- Daha çox dünya çapında tanınan sənətçi olmaq istəyirəm. Öz ölkəmdə tanınıb, daha sonra beynəlxalq müstəvidə çıxış etmək əsas prinsipimdir. Dünya çapında tələbatlı bir sənətçi olmağı hədəfləmişəm.
- Ailadan gələcəkdə nələr gözləyək?
- Bundan sonra fərqli layihələrim, duetlərim olacaq. Solo layihələr və fərqli obrazlarda görünəcəm. Təbii ki, addımlarım böyük olacaq. Əslində yaşımdan böyük addımlar atmaq istəmirəm. 21 yaşım var. Yaşıma görə çox nailiyyətlər əldə etmişəm. Özümü hazırda 30 yaşda hiss edirəm. O qədər insanların içində qaynamışam ki, sanki qocalmışam. İnsanlardan yorulsam da, oxumaqdan yorulmuram.
- 21 yaşında bir gənci aldatmaq istəyənlər olubmu?
- Bəlkə də olub, ancaq mən buna yol verməmişəm. O cəhətdən ağıllıyam, kiminsə məndən istifadə edəcəyini düşünmürəm. İmkan vermərəm ki, kimsə məndən istifadə etsin. Elə məsələlərdə çox diqqətliyəm.
- Özünüzü şou-biznesin bir parçası hesab edirsinizmi?
- Şou-biznes sözünü sevmirəm. Mənim düşüncəmdə müğənnilərin bir-birinə söz atdığı bir yerdir. Hansı ki, bir-birlərini gözü götürmür və üzdə qarşı tərəfə "canım, ürəyim” deyirlər, kənarda çox söz danışırlar. Şou-biznes mənim üçün sənət deyil. Həm də xaricdəki kimi bizdə şou-biznes yoxdur. Ona görə şou-biznesin içində olmaq istəmirəm. Tanınıb-sevilirəmsə, bu mənə bəs edir. Şoudan kənarda daha xoşbəxtəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər