• cümə axşamı, 28 mart, 13:00
  • Baku Bakı 16°C

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

21.01.22 15:47 267
Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın xəbərinə görə, bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri - Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.
Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin prokurorları Anar Nəsibov və Zəfər Ramazanov müdafiə edib. İttiham tərəfi Eldar Həsənova 11 il həbs cəzası tələb edib.
Rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
banner

Oxşar Xəbərlər