• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Elçin Cəfərov artıq sizin suallarınıza cavab verməyəcək

06.10.15 14:23 2641
Elçin Cəfərov artıq sizin suallarınıza cavab verməyəcək
Son dönəmlər mətbuatın diqqəti bir nöqtəyə yönəlib - Akademik Milli Dram Teatrında nələr baş verir? Teatrda baş verən hadisələr o qədər qabardıldı ki, hər kəsə teatrın daxilində baş verən hadisələr maraqlı gəldi. Belə bir məqamda uzun müddətdir ki, teatrda mətbuat xidmətinin rəhbəri kimi çalışan teatrşünas Elçin Cəfərovun işdən çıxması xəbəri gündəmin əsas mövzusuna çevrildi. Mətbuat nümayəndələrini, eləcə də teatr cameəsində çalışan insanları bir sual maraqlandırdı - Bəs, görəsən, teatrın mətbuat xidmətinin bu məsələlərlə nə əlaqəsi? Axı, aktyorlar iddia edirdilər ki, Elçin teatrın rəhbəri İsrafil İsrafilovun təkidi ilə buraya təyin olunub. Belə bir halda Elçin teatrda qalmalı, teatrın rəhbərini müdafiə etməli idi. Ancaq onun mətbuata cavabı birmənalı oldu. Elçin mətbuat nümayəndələrinə pedaqoji və elmi fəaliyyəti ilə bağlı teatrdan öz ərizəsi ilə çıxdığını bildirsə də, hər kəsə onun işdən nə üçün ayrıldığı müəmmalı qaldı. Kimisi teatrda baş verən hadisələrə görə işdən çıxdığını, kimisi də teatrın rəhbəri ilə yola getmədiyini dedi.
Beləliklə, işdən öz ərizəsi ilə ayrılan teatrın keçmiş mətbuat xidmətinin rəhbəri, teatrşünas Elçin Cəfərov bizimlə söhbətində bu və digər məsələlərə aydınlıq gətirdi.
- Elçin bəy, Akademik Milli Dram Teatrına zəng vurarkən hər zaman dəstəyi sizin qaldırmağınıza alışmışdıq. Eşitdik ki, öz ərizənizlə teatrdan ayrılmısınız. Ayrılmağınıza səbəb nə idi?
- Bildiyiniz kimi, mən ixtisasca teatrşünasam və teatrşünaslığı əsas fəaliyyət sahəm kimi qəbul edirəm. Mətbuat katibi, ədəbi hissə müdiri və s. bu kimi işlər sadəcə vəzifədir. Teatrşünaslıq isə mənim peşəmdir. Artıq on ilə yaxındır ki, teatrda çalışıram. 2006-cı ildən Yuğ Teatrında ədəbi hissə müdiri, 2011-ci ildənsə Akademik Milli Dram Teatrında mətbuat katibi kimi çalışmışam. Teatrdakı fəaliyyətim mənə sahə üzrə bilgilərimi və təcrübi bacarıqlarımı formalaşdırmağa kömək etdi. Bu baxımdan teatrda çalışdığım illəri bioqrafiyamın mühüm faktı kimi anlayıram. Amma teatrdakı işim həm də mənə sırf öz peşəmlə məşğul olmağa çox mane olurdu. İkinci ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Bilgi və bacarıqlarımı gənc kadrların yetişməsinə sərf etmək istəyirəm. Bu sahədə nəyə nail olub-olmayacağımı zaman göstərər. Ancaq düşünürəm ki, Universitet rəhbərliyi mənə etimad göstərərək, belə məsuliyyətli bir işi həvalə edibsə, əlimdən gələni etməliyəm. Ötən il AMEA Memarlıq və İncəsənət İnstitutun “Teatr, Kino və Televiziya” şöbəsində doktoranturanı bitirdim. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyirəm. Artıq müdafiə ərəfəsindəyəm. Həmçinin YUĞ Dövlət Teatrında Ədəbi dram hissəsinin rəhbəri (ədəbi hissə müdiri) vəzifəsində çalışıram. Vaxt tapdıqca dövri mətbuatda teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş məqalələrlə çıxış edirəm. Mütəmadi şəkildə ölkə daxilində və xaricində keçirilən müxtəlif festivallarda, konfranslarda çıxış edirəm. Teatr sənəti ilə bağlı bir sıra portalların, elektron bazaların yaradılması işində yaxından iştirak etmişəm. Çox gərgin iş qrafiki ilə çalışıram. Belə olan halda, mütləq seçim etməli idim. Seçimimsə Akademik Milli Dram Teatrından ayrılmaq oldu. Çünki mətbuat katibi işi çətin işdir və daha çox vaxtımı alırdı.
- Son vaxtlar AMDT ətrafında xoşagəlməyən söhbətlər gəzirdi. Təbii ki, bununla bağlı suallara cavab vermək də asan deyil. Fikirlər var ki, siz həmin söz-söhbətlərdən bezib belə bir addım atmısınız.
- Əslində, Akademik Milli Dram Teatrında yaradıcılıq prosesi ilə bağlı heç bir sualı cavablandırmaq mənim üçün çətin deyil. Amma sizin nəzərdə tutduğunuz məsələlərin yaradıcılıq prosesinə heç bir aidiyyatı yoxdur. Bu məsələlər mətbəx söhbətləridir. Mənsə mətbəx söhbətlərinə, intriqalara qarışmaq, münasibət bildirmək fikrində deyiləm. Nə mətbuat katibi kimi çalışdığım vaxtlarda, nə də indi qalmaqallara qoşulmağı özümə yaraşdırmamışam.
- Hər halda teatrın mətbəxinə bizdən daha yaxşı bələdsiniz. Oradakı abu-havanı necə qiymətləndirirsiniz?
- Bəli, teatrın mətbəxinə kifayət qədər bələdəm. Ancaq teatrın yaradıcılıq prosesinə daha artıq bələdəm. Həmişə məni səhnədə baş verənlər mətbəxdə, bufetdə olanlardan çox maraqlandırıb. Arzu edərdim ki, nə zamansa, Azərbaycan mediası da canlı sənət növü olan teatr sənətinə sırf yaradıcılıq aspektindən yanaşardı. Desəm ki, teatrdakı abu-hava idealdır, riyakarlıq etmiş olaram. Ancaq əminliklə deyə bilərəm ki, AMDT-da mətbuatın təqdim etdiyi kimi repressiya hökm sürmür (gülür). Problemlər, narazılıqlar, umu-küsülər var. Ancaq bunlarla bərabər görülmüş gözəl işlər, uğurlu layhiələr də var. Bunu inkar etmək, məsələyə birtərəfli yanaşmaq, hər şeyi tutqun rənglərdə görmək, yaxud təqdim etmək qeyri korrektdir.
-Od olmayan yerdən tüstü çıxmaz
- Nədənsə mən tüstüdən çox hava qabarcıqları görürəm.
- Aktyorların ən böyük narazılıqları teatrın rəhbərliyi ilə bağlıdır. Bir tamaşaçı kimi teatrın məhsulundan razısınızmı?
- Teatr rəhbərliyində duran şəxslərin hər ikisi sənətini bilən və sevən insanlardır. İsrafil İsrafilov mənim müəllimim olub. İşlədiyim zamanlarda da, elə indi də. Bizim onunla ünsiyyətimiz direktor-işçi münasibətlərindən çox müəllim-tələbə münasibətlərinə söykənib. Teatra baş rejissor təyin olunan Azərpaşa Nemətov isə hər işini ustad dərsi qismində qavradığımız görkəmli rejissorumuzdur. İndi Akademik Milli Dram Teatrında bu iki insanın potensialından yararlanaraq bir çox uğurlara imza atmaq imkanı yaranıb. Bu imkan necə dəyərləndiriləcək, teatrın gələcək fəaliyyəti hansı istiqamətə yönələcək? Bu isə zamana və teatr xadimlərinin yaradıcılıq əzminə bağlı məsələdir.
Şəxsən mənim narazılıq edən aktyorlarla heç bir problemim, pis münasibətim yoxdur.
- Hər zaman teatrın içində olan adam üçün hadisələri kənardan izləmək çətin olmayacaqmı?
- AMDT-da mətbuat katibi vəzifəsindən uzaqlaşmağım qətiyyən teatrdan kənarlaşmağım demək deyil. Heç bir vəclə teatr prosesini kənardan müşahidəçi, seyrçi qismində izləmək niyyətində deyiləm. Bu teatr, təkcə teatrda çalışanların teatrı deyil. Hamımız teatrın inkişafı, təbliği üçün əlimizdən gələni etməliyik.
- Bundan sonra hansı işlərlə məşğul olacaqsınız?
- Təbii ki, teatrla məşğul olacağam. İxtisasım teatrşünaslıq olduğuna görə, teatrı sevdiyimə görə əvvəl olduğu kimi yenə də teatr sənətinin, teatr prosesin içində olacağam.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər